Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 11:38

'Kanal 13'ün əməkdaşının yeri bilinmir


İ.İslamoğlu

«Kanal 13» internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlunun 3 gündür yeri bilinmir.

Vəkil Bəhruz Bayramov AzadlıqRadiosuna deyib ki, İ.İslamoğlunu axtarsalar da, yerini öyrənə bilmirlər.

Oktyabrın 26-sı axşam İ.İslamoğlu işdən çıxıb və bundan sonra onu gördüm deyən olmayıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də deyir ki, İ.İslamoğlunun yoxa çıxmasını araşdırmağa başlasalar da, hələ ki, müsbət nəticə yoxdur: «Bununla bağlı Daxili İşlər Nazirliyinin «102» Zəng Mərkəzinə də xəbər edilib».

İş yoldaşları söyləyirlər ki, İ.İslamoğlunu oktyabrın 26-sı axşamdan görməyiblər. Onun həmin vaxtdan bəri evdə də olmadığı vurğulanır.

Bütün bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

İ.İslamoğlu sosial şəbəkələrdə fəaldır, tənqidi statuslar yazır.

Yayılan məlumatlara görə, İ.İslamoğlu bundan öncə polisə çağırılaraq xəbərdarlıq edilib. Onun bu il iyulun 27-də Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı, 3 saatadək saxlanıldıqdan sonra buraxıldığı bildirilirdi. Onda İ.İslamoğlunun «Jara» musiqi festivalına dair sosial şəbəkədə yazdığı tənqidi status ilə bağlı xəbərdarlıq aldığı vurğulanırdı. Ancaq həmin vaxt bu məsələyə sözügedən idarə və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı.

«Jara» musiqi festivalı prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun təşəbbüsüylə keçirilir. O vaxt Rusiya estradasının ulduzlarından Zara Mqoyanın həmin festivala qatılmaqdan ötrü Bakıya gəlişi bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanmışdı.

Xatırlatma

«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucov 2017-ci ildə saxlanaraq qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə günahlandırılaraq 6 il həbs edilmişdi. Bu il aprelin 5-də o, şərti azadlığa buraxılıb. Ə.Orucov ittihamları qəbul etmirdi.

Bu internet televiziyası 2008-ci ildə yaradılıb.

Multimedia

XS
SM
MD
LG