ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, Rusiya Krımdan və şərqi Ukraynadan çıxmalı və ABŞ seçiklərinə “müdaxiləni dayandırmalıdır”. O oktyabrın 26-da səfərdə olduğu Tbilisidə əlavə edib ki, Vaşinqton Moskva üzərinə bundan sonra da sanksiyalar elan edə bilər.
“Əgər onlar bizim seçkimizə müdaxiləni dayandırsalar…Ukraynada Krımdan və Donbasdan çıxsalar yaxşı olardı”.
O habelə Moskvanı “Qərbdəki Rusiya mühacirlərinə qarşı sui-qəsd məqsədilə qanunsuz kimyəvi silahdan istifadəni dayandırmağa” çağırıb.
Bolton bildirib ki, məhz belə hərəkətlər indiyədək Rusiya üzərinə çox sayda sanksiyaların qoyulması ilə nəticələnib. Bolton gələcəkdə də sanksiyaların ola biləcəyini istisna etmədiyini bildirib.
Bundan əvvəl ABŞ-da bəzi respublikaçıların arasında, habelə bəzi Avropa paytaxtlarında Rusiyanın üzərindəki sanksiyaların yüngülləşdirilməsinə dair söz-söhbət gəzirdi. Bolton bu narahatlıqlar barədə deyib:
"Rusiyanın üzərinə bundan sonra sanksiyalar qoymayacağımızı desək, bu qeyri-dəqiq olardı. Biz etməli olduğumuzu və zəruri saydığımızı edirik”.
***
Rusiyanın 2008-ci ildə Gürcüstana müharibəsindən dolayı Vaşinqton Rusiyaya qarşı gərəkən bütün sanksiyaları tətbiq elədi. Bunu Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Bolton Tbilisidə jurnalistlərə deyib
Bolton oktyabrın 26-da Gürcüstanın aparıcı rəsmiləri ilə danışıqlardan sonra bildirib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir.
Rusiya 1990-cı illərin əvvəllərində Gürcüstanın mərkəzi hökumətindən ayrılmış separatçı Cənubi Osetiya və Abxaziya rejimlərini dəstəkləyir, 2008-ci ilin avqustunda bu iki regiona görə Tbilisi ilə beşgünlük müharibə edib.
Bolton həftənin əvvəlində Moskvada Prezident Vladimir Putinlə danışıqlar aparıb. Onun sözlərinə görə, Vaşinqton rusiyalı keçmiş casus Sergei Skripal və qızının Britaniyada zəhərlənməsindən dolayı Rusiyaya əlavə sanksiyalarla bağlı hələ qərarvermə prosesindədir.
Bolton bu həftə Azərbaycanda və Ermənistanda da olub.