Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

'Azərbaycanda korrupsiya institutu…'-Media icmalı


Tikinti
Tikinti

ABŞ-Azərbaycan münasibətləri, məmur cəzasızlığı, ölkədə istifadə olunan müraciət formaları və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Əgər məmurlar cəzalandırılmırsa...»

«Yeni Müsavat» qəzetində «Əkrəm Həsənov: Qanunsuz tikililərə görə məmurlar cəzalandırılmalıdır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Bakı şəhərində qanunsuz tikintilərə qarşı kampaniya başlanıb. Normativlərə uyğun olmayan tikintilər dayandırılır və ya artıq tikilmiş obyektlər sökülür.

Müəllif xatırladıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev də bu məsələni gündəmə daşıyıb.

Yazıda habelə vurğulanır ki, külli miqdarda vəsait qoyan sahibkarın obyekti qanunsuz tikinti adı ilə sökülür, amma buna icazə verən məmur cəzadan kənarda qalır.

Ekspert Ə.Həsənov da hesab edir ki, qanunsuz adı qoyulsa da, o tikililərin meydana gəlməsində məmurların rolu danılmazdır: «Yəni mümkün deyil ki, böyük bir bina yarıya qədər, yaxud tam tikilsin və onunla heç bir əlaqədar dövlət məmuru maraqlanmamış olsun».

Ekspertin deməsinə görə, tikililər var ki, qanunsuz yolla, korrupsiya və rüşvət hesabına da olsa, sənəd alıb. Ə.Həsənovun fikrincə, o sənədləri imzalayan məmurlar birbaşa cavabdehlik daşıyırlar.

Ə.Həsənovun vurğulamasına görə, tikililər də var ki, sənəd alınmadan inşa olunub, buna görə də aidiyyəti orqanların hərəkətsizliyi məsələsi gündəmə gəlir: «Əgər bu tikililər sökülürsə və məmurlar cəzalanmırsa, bu prosesin qarşısını almaq mümkün olmayacaq. Yenə də deyirəm, yalnız korrupsiya, rüşvət müqabilində saxta sənəd vermək deyil, hərəkətsizlik də məsuliyyət yaradır».

Hüquqşünas başqa bir məqama da toxunaraq bildirir ki, Bakıda tikilən böyük binaların, obyektlərin sahibləri olaraq bir çox hallarda hansısa məmurların adları hallanır.

«İndiyədək Azərbaycanda korrupsiya institutu yaxşı işləyib: hamı bilirdi ki, hara, nə qədər verərsə, işini həll edə bilər. İndi isə bu mexanizm pozulub», - deyə o vurğulayıb.

Ə.Qəşəmoğlu
Ə.Qəşəmoğlu

«Bəy», yoxsa «müəllim»?

Modern.az saytında «Hər kəsə «müəllim» demək yaxşı deyil» - Azərbaycan üçün ən optimal müraciət formaları» sərlövhəli yazı diqqət çəkir.

Müəllif ölkə insanlarının bir-birinə müraciət formalarından bəhs edərək əslində «vahid müraciət forması necə olmalıdır?» sualına sosioloq Əhməd Qəşəmoğlu ilə cavab axtarmağa çalışır.

Yazıda vurğulanır ki, insanlar bir-birinə müraciət edərkən sadəcə ad çəkmək yetərli olmur: «Hər cəmiyyətdə qəbul olunmuş sosial davranış kodeksi, qaydaları, ümumiyyətlə, etiket mövcuddur: o cümlədən, müraciət edilən şəxsin adı və soyadından əlavə, müəyyən ifadələrin işlənməsi zəruri sayılır».

Müəllif xatırladır ki, Azərbaycanda müraciət formaları tarix boyu fərqli ifadələrlə zəngin olub və dəyişib: «Sovet dövründən əvvəl ədəbi dilimizdə daha çox «bəy», «xanım», «ağa», «qardaş», «əfəndi» və digər müraciət formaları işlədilirdi. Sovet dövründə isə bu müraciət formaları bir qədər quru və çox rəsmi səslənən «yoldaş» sözü ilə əvəzləndi. Daha sonra «müəllim» və «müəllimə» kimi çağırış formaları da bu siyahıya əlavə olundu».

Yazıda bildirilir ki, müstəqilliyin ilk vaxtlarında hətta rəsmi səviyyədə «bəy», «xanım» müraciət forması kimi istifadə edilib.

Müəllif hesab edir ki, qadınlara münasibətdə «xanım» sözü birmənalı qəbul edilib, amma kişilərə müraciətdə indi «müəllim» və «bəy» sözləri işlədilir.

«Ən optimal müraciət forması elə «bəy» və «xanımdır»»-deyə Ə.Qəşəmoğlu sayta bildirib: «Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində «bəy» sözü çox işləndi. Sonralar isə bu sözə bir qədər müxalifət yönündən baxdılar, qəribçiliyə saldılar. Halbuki, kiməsə «bəy» deyəndə, «mənəvi cəhətdən zəngin insan» demiş oluruq. Yüksək rütbə daşıyan məmurlarımız belə Türkiyədən gələn qonaqlara «bəy», öz vətəndaşlarımıza «müəllim» deyə müraciət edirlər. Düşünürəm ki, bu gülüncdür».

Ə.Qəşəmoğlu hesab edir ki, «müəllim» sözü konkret peşə sahiblərinin adıdır.

İ.Əliyev və D.Tramp
İ.Əliyev və D.Tramp

ABŞ-Azərbaycan əlaqələri

«Azərbaycan» qəzetində dərc edilən «D.Trampdan İlham Əliyevə növbəti dəstək» sərlövhəli yazıda Azərbaycan-ABŞ münasibətləri dəyərləndirilir.

Müəllif yazır ki, son 15 ildə prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan bütün ölkələr, güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib.

Yazıda hesab edilir ki, yaranan əlaqələr Azərbaycanı dünya birliyinə daha da yaxından tanıdır, mövqelərini möhkəmləndirir.

Müəllif vurğulayır ki, Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlərin yaxşılaşdırılması mühüm yer tutur.

Bu ilin aprel-may aylarında ABŞ prezidenti D.Trampın dövlət başçısı İ.Əliyevə 3 məktub göndərməsini müəllif əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasının təsdiqi adlandırır.

Yazıda habelə bildirilir ki, dövlət başçısı İ.Əliyev də bu il iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə aid iclasında iki ölkə arasındakı münasibətləri dəyərləndirib: «Amerika prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdı. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir».

Müəllif bu il oktyabrın 24-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri üzərində də dayanaraq, bunu iki ölkənin münasibətlərinin strateji əhəmiyyət kəsb etməsinin təsdiqi adlandırır.

XS
SM
MD
LG