Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:25

Bolton Əliyevlə görüşdə nələri müzakirə etdi


C.Boltonun İ.Əliyevlə görüşü

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, dövləti başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Prezident bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır.

Dövlət başçısı vurğulayıb ki, uzun illərdir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsini Ermənistan işğal edib və bunun nəticəsində 1 milyona yaxın insan köçkün vəziyyətinə düşüb.

«Ermənistanın bu işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına əyani bir sübutdur», - prezident qeyd edib.

Dövlət başçısının deməsinə görə, ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcək.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Prezident İ.Əliyev habelə bildirib ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir və bu yaxınlarda bu əməliyyatlara qoşulan hərbçilərinin sayını 120 nəfərə qədər artırıb. «Azərbaycan, eyni zamanda, bu əməliyyatlara mühüm nəqliyyat və logistik dəstəyi də verir», - deyə o əlavə edib.

Xəbərə görə, görüşdə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan «Cənub Qaz Dəhlizi» layihəsindən də bəhs edilib.

«Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayan Con Bolton siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə də əlaqələrin önəminin artdığını bildirdi», - xəbərdə yazılıb.

Xəbərə görə, C.Bolton Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd edib ki, ABŞ tərəfi bu məsələnin Azərbaycandan ötrü ən yüksək prioritet təşkil edən məsələ olduğunu yaxşı anlayır.

«Bildirdi ki, onun səfərinin əsas məqsədlərindən biri də bu münaqişənin həlli ilə bağlı vəziyyətin Azərbaycan tərəfindən necə dəyərləndirilməsi barədə daha ətraflı məlumat almaqdan ibarətdir», - xəbərdə vurğulanır.

Məmmədyarovla Bolton nədən danışıblar

Bu gün, oktyabrın 24-də ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, E.Məmmədyarov onların ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib.

«E.Məmmədyarov bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini qeyd etdi. Eləcə də, nazir ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirdi», - məlumatda yazılıb.

XİN bildirir ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Eyni zamanda, C.Bolton Azərbaycanın terrorizmlə mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.

«Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir E.Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirdi. E.Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı», - məlumatda vurğulanır.

Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri haqqında müzakirələr aparıblar.

Bolton Azərbaycanda görüşlərə başladı

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycana gəlib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter səhifəsində məlumat yer alıb. Həmin məlumata görə, bu gün, oktyabrın 24-ü səhər saatlarında xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Bolton arasında görüş başlayıb.

C.Bolton Azərbaycanda əvvəl Rusiyada olub. Azərbaycandan sonra isə Ermənistan və Gürcüstana getməlidir.

C.Bolton bu ilin martında D.Trampın milli təhlükəsizlik müşaviri elan olunub.

Oğul Corc Buşun administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin tərəfdarlarından biri olub. Bolton da Tramp kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdar idi. Tramp bu ilin mayında həmin sazişdən çıxdığını elan edib.

Multimedia

XS
SM
MD
LG