Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:10

'2019-cu ildə 1.4 milyard dollar qaytarılmalıdır'-Media icmalı


Yanacaqdoldurma məntəqəsi

Regionların inkişafı, hökumətin borc yükü, Aİ-92 markalı benzinin satış qiyməti ilə bağlı gözləntilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Aİ-92 benzinin qiyməti...

Modern.az saytında «Aİ-92 markalı benzin ucuzlaşmayacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda kütləvi istehlak edilən Aİ-92 oktanlı benzinin idxalı 3 ay gömrük rüsumlarından azad olunub və bu qərarı Nazirlər Kabineti qəbul edib.

Müəllif Aİ-92 benzininin gömrük rüsumundan azad edilməsinin onun satış qiymətinin (Aİ-92-nin litri 90 qəpikdir) enməsinə səbəb olub-olmayacağını iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edib.

Ekspert deyib ki, bu hal həmin marka benzinin qiymətinə təsir etməyəcək: «Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası tənzimlədiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Dəyişikliyə əsasən, Aİ-92 oktanlı benzin üçün gömrük rüsumları 15 faizdən 0 faizə enib. Amma aydındır ki, 3 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyil».

V.Bayramovun deməsinə görə, idxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınmasından ötrü həm güzəştin dairəsinin genişləndirilməsinə, həm də bu müddətin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var.

Ekspert vurğulayıb ki, güzəştlərin 3 aylıq çox qısa müddəti əhatə etməsi yerli benzin istehsalçısı olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır.

İqtisadçı deyib ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsindən ötrü bu addım atılıb.

Borc yükü. Karikatura
Borc yükü. Karikatura

Hökumətin borc yükü

Marja.az saytında «Hökumət gələn il 1.4 milyard dollara yaxın borc qaytaracaq» sərlövhəli məlumat yer alır.

Yazıda vurğulanır ki, 2019-cu ilin dövlət büdcəsi layihəsində dövlət borcuna xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) 2 milyard 335 milyard manat (1 milyard 374 milyon ABŞ dolları) məbləğində nəzərdə tutulur.

Sayt dövlət büdcəsi zərfinə istinadən xəbər verir ki, bu da 2018-ci illə müqayisədə 72 milyon manat, yaxud 3.2 faiz çoxdur: «Bu xərclərin 173 milyon manatını daxili dövlət borcuna xidmətlə bağlı xərclər (69 milyon manat çox), 2 milyard 162 milyon manatını isə xarici dövlət borcuna xidmətlə bağlı xərclər (3 milyon manat çox) təşkil edəcək».

Layihədə 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat, xərcləri isə 24.7 milyard manat göstərilir.

Maliyyə Nazirliyinin bu il iyulun 1-nə olan məlumatına görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 600.2 milyon ABŞ dolları təşkil edir. Halbuki, bundan bir il əvvəl, 2017-ci il iyulun 1-də ölkənin xarici dövlət borcu 7 milyard 172.6 milyon ABŞ dolları idi.

Sabirabad Sənaye Məhəlləsinin açılışı
Sabirabad Sənaye Məhəlləsinin açılışı

«Regionlara dövlət qayğısı»

«Azərbaycan» qəzetində «İndi kəndlinin bərəkətli torpağı, bol suyu, rahat yolu var» sərlövhəli yazı dərc edilib.

Yazıda oktyabrın 22-də dövlət başçısı İlham Əliyevin İmişli rayonuna səfəri fonunda regionların inkişafı dəyərləndirilib.

Müəllif yazıb ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları İmişli rayonunun simasında da özünü aydın göstərir: «Nəticədə bu bölgədə də qeyri-neft sektoru inkişaf edir, yeni iş yerləri açılır, əhalinin güzəranı getdikcə daha da yaxşılaşır. Digər rayonlar kimi, İmişlinin də sosial-iqtisadi inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir. Ölkənin prezidenti seçildiyi 2003-cü ildən bəri İlham Əliyev 5 dəfə bu rayonda səfərdə olub».

Yazıda vurğulanır ki, bu il oktyabrın 22-də prezident bu rayona səfəri çərçivəsində bir sıra istehsal və sosial yönümlü yeni obyektin açılışında iştirakı edib.

Müəllif hesab edir ki, bu sırada Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi Saatlı, İmişli və Biləsuvar rayonlarının torpaq sahələrini su ilə təmin etməklə ölkədə qeyri-neft sektorunun daha da inkişafına xidmət göstərəcək.

Yazıda qeyd edilir ki, son 15 ildə (İlham Əliyevin hakimiyyətdə olduğu dövr-r) Azərbaycanda 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri yaradılıb.

Müəllifin fikrincə, Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi də elə bu tədbirlərin davam etməsini göstərir: «Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulub. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək».

XS
SM
MD
LG