Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:01

Elmar Vəliyevin oğlu istefa verdi


E.Vəliyev

Gəncənin «Kəpəz» Peşəkar Futbol Klubunun İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.

Bu haqda klubun press-relizində bildirilir.

E.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin oğludur. O, vəzifəsindən getməsini işlərinin çoxluğu ilə əlaqələndirib. «Kəpəz» klubu bildirir ki, E.Vəliyevin yerinə, hələlik, heç bir təyinat olmayıb.

Elmir Vəliyev 2015-ci ilin mayından «Kəpəz PFK» İctimai Birliyinin İdarə Heyətinin sədri idi.

«Kəpəz» I Divizionda mübarizə aparır. Artıq bu divizionda VII turun oyunları keçirilib. Tur çərçivəsində «Kəpəz» Gəncə şəhər stadionunda «Keşlə 2» komandası ilə qarşılaşıb. Tərəflərin 90 dəqiqə ərzində səylərinə baxmayaraq, matçda hesab açılmayıb – 0:0. Kəpəz 7 oyundan cəmi 6 xal toplayıb və 14 klubluq I divizionda 12-ci yerdə qərarlaşıb.

Azərbaycanda bir sıra futbol klublarına vəzifəli şəxslərin övladları rəhbərlik edir.

Xatırlatma

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin avqustunda prezidentin sərəncamı ilə işdən uzaqlaşdırılıb.

Bundan əvvəl, iyulun 3-də E.Vəliyevə silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini ictimaiyyətə açıqlamayıb.

Bundan sonra, sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluq bütün bu hadisələrlə bağlı indiyədək 77 şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib. Amma öldürülən həmin şəxslərdən bəzilərinin yaxınları onlarda silah olması haqqında hüquq-mühafizə orqanlarının iddialarını rədd ediblər.

Multimedia

XS
SM
MD
LG