Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:09

'7 dəfə baha kreditlər'-Media icmalı


Manat
Manat

Azərbaycanın Türkiyədə inşa etdiyi «Star» neft emalı zavodunun fəaliyyətə başlaması, «ucuz depozit-baha kredit», təhsilin repetitorluqdan asılılığı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Ucuz depozit, baha kredit»

«Yeni Müsavat» qəzetində «Banklar bir vətəndaşdan aldıqları pulu digər vətəndaşa 7 dəfə baha satırlar» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkə banklarında kredit verilməsinin qaydaları ekspert Vüqar Bayramovla müzakirə edilib.

Müəllif hesab edir ki, 2018-ci ilin əvvəlindən etibarən bank sektorunda müsbətə doğru bir irəliləyiş müşahidə olunur: «Həm kommersiya banklarının kapitalının qismən artması, həm də depozit və kredit portfelində müəyyən qədər irəliləyişlərin olması bank sektoru üçün kritik dönəmin geridə qaldığını deməyə əsas verir. Bəzi banklarda vəziyyət ağır olaraq qalsa da, sistem əhəmiyyətli bankların əksəriyyəti bu il kredit təkliflərini artırdı».

«İqtisadi və Sosial İnkişaf Mərkəzi»nin rəhbəri V.Bayramov isə qəzetə deyib ki, hazırda banklar daha çox istehlak kreditləri verməkdə maraqlıdırlar: «Kreditin strukturuna, eləcə də kredit faizlərinə diqqət yetirsək, burada bir neçə məqamda problem olduğunu qeyd edə bilərik».

V.Bayramov hesab edir ki, əsas məsələ bankların real sektoru maliyyələşdirməsidir. Amma onun fikrincə, buna maraqlı görünmürlər.

Ekspert başqa tərəfdən bankları çox aşağı faizlə əmanət götürüb ondan dəfələrlə yüksək faizlə kredit verməkdə tənqid edir. O vurğulayıb ki, Azərbaycanda manat üzrə qorunan əmanət faizləri 5, xarici valyuta üzrə isə 3 faizdir.

Ekspert habelə deyib ki, banklardan həm xarici valyuta, həm də manatla olan kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir: «Manat üzrə istehlak kreditlərinin faizləri bəzi hallarda 29 faizə qədər yüksəlir, söhbət sistem əhəmiyyətli bankların təklif etdiyi kreditlərdən gedir. Çox təəssüf ki, banklar bir vətəndaşdan aldığı pulu digər vətəndaşa bir çox hallarda 7 dəfə baha qiymətə satırlar».

Sizcə, neyləmək olar ki, müəllim şagirdin əlinə baxmasın?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

«Uşaqlarımız repetitor yanına gedirsə...»

Modern.az saytında «Uşaqlarımız repetitor yanına gedirsə, orta məktəb nə üçündür?!» sualı gündəmə daşınır.

Müəllif məktəblilərin repetitor xidmətindən istifadə məsələsini təhsil sahəsi üzrə ekspert Kamran Əsədovla təhlil edib.

Yazıda bildirilir ki, hazırda şagirdin repetitorsuz tələbə adı qazanması çox çətindir: «Aylıq əməkhaqqı onsuz da aşağı olan müəllim özünün maliyyələşməsini dərsdən əlavə uşaq hazırlamaqla təmin edir. Repetitorluq Azərbaycan müəlliminin əsas qazanc yeridir desək, yəqin ki, yanılmarıq. Qazanc isə heç nədən olmur. Təbii ki, bu zaman müəllim enerji və sağlamlığını sərf edərək, əlavə pul qazanmağa çalışır».

Repetitor yanında hazırlıqla bağlı qiymətlərə gəlincə, müəllif qeyd edir ki, ibtidai və 5-6-cı sinif şagirdlərindən ötrü hazırlıqlar həftədə iki dəfə olmaqla 50 manat, həftədə 3 dəfə olmaqla isə 70 manatdır.

Yazıda bildirir ki, 10-11-ci sinif şagirdlərinə isə bir fənn üzrə əlavə təhsil 70-80 manatdır və söhbət qrupda 1-2 yox, ən azı 20-30 şagirddən gedir: «Nəzərə alsaq ki, orta hesabla hər şagirdi 50-70 manata hazırlaşdırırlar, bu, ayda təxminən 1000-15000, 1400-2100 manat deməkdir. Üstəlik vergisiz, filansız...Əgər siz müəllimin övladınızla fərdi məşğul olmasını istəyirsinizsə, o zaman ayda ən azı 100 manatınızdan keçməlisiniz».

Ekspert K.Əsədov isə sayta bildirir ki, repetitorluq son 25 ilin ən yayğın əmək fəaliyyəti növüdür: «Etiraf edək ki, hazırda əksər müəllimlər dərsdən əlavə müəllimliklə - repetitorluqla məşğul olur. Bu sahədə apardığımız araşdırmalar onu göstərir ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ sövq etmiş olurlar…».

K.Əsədov hesab edir ki, hazırda ən acınacaqlı vəziyyət xarici dillərin tədrisi ilə bağlıdır.

R.T.Ərdoğan və İ.Əliyev «Star» neft emalı zavodunun açılışında
R.T.Ərdoğan və İ.Əliyev «Star» neft emalı zavodunun açılışında

«Qlobal layihə»- «Star» neft emalı zavodu

«Azərbaycan» qəzetində dərc olunan «İlham Əliyevin növbəti qlobal layihəsi» sərlövhəli yazıda bu günlərdə Türkiyədə rəsmi açılışı edilən «Star» neft emalı zavodunun əhəmiyyəti dəyərləndirilir.

Müəllif yazıb ki, Azərbaycanla Türkiyənin birgə səyləri ilə ərsəyə gətirilən möhtəşəm infrastruktur sahələrinin sırasına bu günlər biri də əlavə olundu: «Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən və «Cənub qaz dəhlizi»ndən sonra «Star» neft emalı zavodu istifadəyə verildi».

Yazıda bildirilir ki, zavodu Azərbaycanın SOCAR neft şirkəti inşa edib, ora 6.3 milyard dollar vəsait yatırılıb: «Beləliklə, zavodun tikildiyi ərazi Türkiyənin, yatırılan sərmayə Azərbaycanındır. Budur iki qardaş ölkə arasında olan dostluğun, qardaşlığın və milli maraqlara söykənən əməkdaşlığın növbəti bariz nümunəsi».

Müəllif Azərbaycanın dövlət başçısı İ.Əliyevin zavodun açılışındakı çıxışından sitat da gətirib: «...Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır».

Müəllif yazıb ki, zavodun istehsala başlaması Türkiyənin enerji məhsulları idxal etməsini əhəmiyyətli dərəcədə azaldacaq. Azərbaycana gəlincə isə, ilk 5 ildə hər il ölkənin iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək, növbəti 10 il ərzində hər il 864 milyon dollar əməliyyat gəliri gözlənilir.

XS
SM
MD
LG