Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

Ermənistanın inqilab qonaqlığı bitdi – Qərb mediası


Nikol Pashinian tərəfdarları parlament qarşısında etiraz edir, 2 oktyabr, 2018-ci il
Nikol Pashinian tərəfdarları parlament qarşısında etiraz edir, 2 oktyabr, 2018-ci il

Ermənistanın yeni hökuməti korrupsiyanın kökünü kəsmək istəyir, amma köhnə rejim də savaşsız təslim olan deyil. “Foreign Policy” dərgisində Maxim Edwards Ermənistanda maydakı hakimiyyət dəyişikliyindən sonra yeni hökumətin korrupsiyayla mübarizəsindən söz açır.

Bir sıra keçmiş rəsmilərin, deputatların sərvətinin izinə düşülüb, onlara mənimsəmə, qanunsuz varlanma, sursat saxlama ittihamları irəli sürülüb. Hətta keçmiş baş nazir, ölkəni 10 il prezident kimi idarə etmiş Serzh Sarkisian-ın qardaşı, mühafizəçisi belə saxlanıb. Ancaq deyəsən, köhnə qvardiya təslim olmaq fikrində deyil. Bu ayın əvvəlində Respublikaçı Partiyasının dominantlıq təşkil etdiyi parlament erkən parlament seçkisini önləyəcək qanun layihəsi qəbul etdi və bu, Yerevanda əlavə etirazlara yol açdı. Baş nazir Nikol Pashinian oktyabrın 16-da istefa verəcəyini bildirib. Parlament iki dəfə baş nazir seçə bilməsə, qanun onun buraxılmasına imkan verir.

Nikol Pashinian
Nikol Pashinian

Lap qumar kimidir; Respublikaçı Partiyasından olan deputatlar daha üzüyola birini baş nazir seçə, bu yolla seçkinin qarşısını ala bilərlər. Parlamentdəki Çiçəklənən Ermənistan kimi bəzi qruplar ayın əvvəlində bu ziddiyyətli qanun layihəsini dəstəklədi, amma sonradan Pashinian-ın erkən seçki planının tərəfini saxladı...” – yazan müəllif hazırda Yerevanda ehtiyatlı nikbinliyin hökm sürdüyünü vurğulayır.

“Hakimiyyətin keçidi zamanı ritorika tamamilə köhnə rejimə qarşı yönəlmişdi. Bu yaxşı idi. Müsbət bir proqram əhalini böləcəkdi, baxmayaraq ki, heç kəs qohumbazlığın, yaxud korrupsiyanın tərəfdarı deyil”, – Yerevandakı Qafqaz İnstitutunu beyin mərkəzindən Alexander Iskandaryan deyib.

“... Dəstək azalınca yeni hökumət neyləyəcək? Korrupsionerlərə və korrupsiyaya qarşı mübarizə fərqli şeylərdir. İkincisi daha mürəkkəbdir. 30 korrupsioneri kənarlaşdırmaq cəmiyyəti dəyişməyəcək”, – o, sözlərinə əlavə edib.

Müəllif yazır ki, Ermənistan inqilabının ilk günlərində tanınmış oliqarxların həbsi camaatın yanğısıyla yaxşı uzlaşırdı. “İctimaiyyət antikorrupsiya mövzusunda nə dərəcədə bilgilidir, əmin deyiləm. Ermənistanlılar adətən korrupsiya deyəndə ölkəni talayan oliqarxları təsəvvürlərinə gətirirlər”, – Chatham House beyin mərkəzindən Anahit Shirinyan belə düşünür.

Məsələ bundadır ki, bəzi əsas oliqarxlar Pashinian hökumətinin qəzəbindən kənar qala bilib və bu da hökumətin apardığı həbslərin selektiv olması iddialarına yol açıb.

“Söhbət ancaq pis oliqarxlardan gedə bilməz. Ermənistanda universitetlərdən tutmuş xəstəxanalara qədər çox yerdə korrupsiya yayılıb. Buna qismən ictimai-mədəni problem kimi də baxılır”, – London İqtisadiyyat Məktəbindən Armine Ishkanian deyib.

ABŞ-da da qəzetlər bağlanır

2004-cü ildən bəri Birləşmiş Ştatlarda 1800-dən çox qəzet qapadılıb. Bununla da “xəbər səhrası” genişlənib, dövlət siyasətinə dair yerli xəbərləmə azalıb. Bu faktı bazar ertəsi açıqlanmış hesabat üzə çıxarıb. Araşdırmanı Şimali Karolina Universitetinin Media və Jurnalistika Məktəbi aparıb.

ABŞ-da çıxan Boston Globe qəzeti
ABŞ-da çıxan Boston Globe qəzeti

Üzə çıxan odur ki, son 14 il ərzində yerli gündəlik və həftəlik qəzetlərin beşdə birindən çoxu bağlanıb. Sonucda, “minlərlə icmamız xəbər səhrasına çevrilmək riskiylə üz-üzədir”, – hesabatda deyilir.

Hazırda Birləşmiş Ştatlardakı 3 min 143 dairənin yarısında yalnız bir qəzet var, o da adətən kiçik həftəlik nəşrdir. 200-dək dairənin isə heç bir qəzeti yoxdur.

“Yerli xəbərlərə çıxışı az olanlar ən zəif təbəqədir – ən yoxsullar, az təhsil görmüşlər, təcrid olunanlardır”, – hesabatda vurğulanır.

Bu hesabat vaxtilə çiçəklənən qəzet industriyasının ağır durumuna nəzər salır. Bu il Pew Tədqiqat Mərkəzi də ayrıca hesabat hazırlamışdı, 2008-ci ildən bəri əsasən qəzetlərdə iş yerlərinin 23% azaldığı bildirilirdi.

Tədqiqatçılar bu qədər yerli qəzetin bağlanmasını bu sənayedəki rəqəmsal dəyişikliklə bağlayırlar. Amma sonucda vətəndaşların informasiyasız qaldığını, dövlət rəsmilərinə nəzarətin çətinləşdiyini qeyd edirlər.

Hazırda ABŞ-da 7100 qəzet var. Amma onların çoxunun əvvəlki versiyalarının “ruhu” kimi qaldığı, əməkdaşlarının ixtisar olunduğu, nyuzrum resurslarının azaldığı bildirilir.

Düzdür, onlayn xəbər resursları yetərincədir, di gəl, hesabatda vurğulanır ki, vergilər, təhsil kimi yerli məsələlərin işıqlandırılması azalıb.

Brexit razılaşması alınmaya bilərmi?

Britaniya və Avropa Birliyinin razılaşma əldə etmədən yollarını ayırması ehtimalı 25 faizdir. Bunu “Reuters” agentliyinin keçirdiyi rəy sorğusu üzə çıxarıb.

Britaniya parlamenti qarşısında Brexit tərəfdarları və əleyhdarlarının etirazı, arxiv fotosu
Britaniya parlamenti qarşısında Brexit tərəfdarları və əleyhdarlarının etirazı, arxiv fotosu

Bu həftə AB liderləri Brüsseldə yığışırlar. Böyük Britaniyanın Brexit-dən sonra İrlandiya ilə il sərhəd məsələsi tərəflər arasında ciddi problem kimi dayanır. Ötən həftəsonu bu məsələdən dolayı razılaşma əldə etmək mümkün olmadı.

Tərəflər danışıqları noyabrın ortasınadək yekunlaşdırmaq, London və Brüssel parlamentlərinin razılaşmanı təsdiqləməsi üçün yetərincə vaxt saxlamaq istəyirlər. Əks halda, Britaniya martda birlikdən çıxır və sonucda şirkətlər, milyonlarla vətəndaş xaotik, hüquqi baxımdan qeyri-müəyyən vəziyyətlə üzləşir.

Britaniyanın Baş naziri Theresa May-in planlarına ölkəsində və kənarda sərt müxalif mövqe var. Keçmiş xarici işlər naziri, Britaniyanın Brexit kampaniyasının aparıcı fiquru olan Boris Jonhson deyib ki, indi danışıqlar “böhran məqamına daxil olur”.

Nizamsız Brexit, yəni ayrılmanın sazişsiz gerçəkləşməsi mümkündürmü? “Reuters”in rəyini soruşduğu iqtisadçıların ortalama 25 faizi belə bir ehtimalın olduğunu qeyd edib.

“Razılaşmanın əldə olunmasının mümkünlüyü qalır. İstənilən halda, mümkün nəticələr müxtəlif çeşidlidir. Amma kimsə doğrudanmı düşünürdü ki, bu proses parkda gəzintiyə bərabər olacaq?” – Berenberg bankından Kallum Pickering deyib.

Oktyabrın 9-15-də keçirilmiş rəy sorğusu tərəflər arasında azad ticarət sazişinin əldə olunmasının mümkünlüyünü göstərib.

Respondentlərin heç biri Brexit-in təxirə salınması ehtimalını real gördüyünü dilə gətirməyib.

İqtisadçılar gələn il iqtisadiyyatda azalma ehtimalının 20 faiz olduğunu söyləyiblər. Gələn iki il ərzində isə bu ehtimal 25 faiz civarındadır.

“Brexit danışıqları alınmayanadək hərtərəfli azalma ehtimalı aşağıdır”, –Commerzbank-dan Peter Dixon deyib.

XS
SM
MD
LG