Keçid linkləri

2025, 15 Yanvar, çərşənbə, Bakı vaxtı 09:21

Serbiya iranlılar üçün vizasız rejimi ləğv edir


Serbiyada iranlı miqrantlar
Serbiyada iranlı miqrantlar

Serbiya iranlılar üçün vizasız rejimi sui-istifadə hallarını əsas gətirərək dayandırıb. Bu sistem bir ildən çox idi qüvvədəydi, oktyabrın 11-də ləğv olunub.

Səbəb kimi iranlı miqrantların Serbiyaya gedərək oradan Avropa Birliyi ərazisinə qanunsuz girməyə çalışdığı göstərilir.

Viza sistemi ötən ilin avqustunda ləğv olunandan 15 mindən çox iranlı Serbiyaya gedib. Serbiya mediasının yazmasına görə, Tehranla Belqrad arasındakı birbaşa reyslər ölkəyə dolu gəlib, boş qayıdıb.

Miqrantlara yardım təşkilatları bildirir ki, iranlı ziyarətçilərin çoxu buradan Qərbi Avropaya keçir, yaxud da vətəninə dönmək əvəzinə sığınacaq istəyir.

1100 İRANLI SIĞINACAQ İSTƏYİB

Serbiya AB-yə namizəd ölkədir, Xorvatiya kimi AB üzvləri ilə həmsərhəddir. Məlumatlara görə, Serbiya iranlılar üçün viza rejimini bərpa etməyəcəyi halda, AB rəsmiləri Serbiya vətəndaşlarından ötrü vizasız rejimi ləğv etməyi nəzərdən keçirirdilər.

Avropa Birliyinin geri qaytardığı miqrantlar
Avropa Birliyinin geri qaytardığı miqrantlar

İranla tarixi bağları olan Belqrad iranlılar üçün vizanı ötən il ləğv edib, turizmi gücləndirmək, artımı yaxşılaşdırmaq, qeyri-Avropa bazarları ilə əlaqə qurmaq istədiyini bildirib.

Oktyabrın 10-da parlamentdə çıxış edən daxili işlər naziri Nebojsa Stefanovic deyib ki, bir çox iranlılar vizasız səyahətdən “sui-istifadə” edirlər və bu da Serbiyanı bu sistemi ləğv etməyə məcbur edir.

Təkcə bu il 1100 iranlı Serbiyadan sığınacaq istəyib. Bu zaman iranlılar qaçqın mərkəzlərinə yerləşdirilir, ərzaq və sığınacaqla təmin olunur.

Hazırda Serbiya hökumətinin idarə etdiyi mərkəzlərdə Asiya, Yaxın Şərq və digər yerlərdən 4 minədək qeydiyyatdan keçmiş miqrant var. Yüzlərlə miqrant isə paytaxt Belqradda, Bosniya və Xorvatiya ilə sərhədlərdə məskən salıb.

2015-ci ildə Serbiya ərazisindən Qərbə 650 mindən çox miqrant keçib. Onların çoxu müharibədən, yoxsulluqdan qaçırlar. Bu marşrut 2016-cı ildə bağlanıb, AB ilə sərhədlər möhkəmləndirilib.

XS
SM
MD
LG