Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:33

Qazax polisində ölümə görə polis saxlanıb


Polis

Sentyabrın 25-də polisə aparıldıqdan sonra vəfat edən Qazax rayon sakini Elmir Axundovun işindən yeni xəbər var.

Baş Prokurorluğun açıqlamasına görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı şübhəli şəxs qismində saxlanıb. E.Axundovun Qazax Rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla sentyabrın 24-də E.Axundovla dalaşdığı bildirilən Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığı vurğulanır. Buna görə, onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi, barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirilir.

Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanov isə iş üzrə şübhəli şəxs qismində saxlanıb. İstintaq hesab edir ki, onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə (CM-nin 308.2-ci maddəsi) dair şübhələrə kifayət qədər əsaslar var.

Mərhumun yaxınlarının şikayəti və rəsmilərin ilkin açıqlaması

Qazaxdakı ölüm olayı barədə ilk dəfə sentyabrın 26-da mərhum E.Axundovun bacısı Ülviyyə Axundova açıqlama vermişdi. O bildirmişdi ki, qardaşını sentyabrın 25-də izahat alınmasından ötrü küçədə tutub polisə aparıblar. Polisə aparılmasından təxminən bir saat sonra isə yaxınlarına E.Axundovun vəfat etdiyi bildirilib.

E.Axundovun tam sağlam olduğunu bildirən bacısı qardaşının polisdə döyülüb öldürüldüyünü demişdi.

Ü.Axundovanın açıqlamasından bir gün sonra, sentyabrın 27-də Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətləri Qazax rayon sakini E.Axundovun sentyabrın 25-də rayon polis şöbəsinə çağrıldıqdan sonra vəfat etməsi ilə bağlı birgə məlumat yaymışdılar. Məlumatda bildirilirdi ki, E.Axundovun anası sentyabrın 24-də rayon prokurorluğuna müraciət edib, oğlunu rayon sakini Kərim Əhmədovun döydüyünü bildirib.

«Müraciət əsasında Elmir Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilib. Eyni zamanda, qeyd edilən tarixdə Kərim Əhmədov da rayon polis şöbəsinə müraciət edərək Elmir Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə rayon polis şöbəsinə dəvət edilib», - birgə məlumatda yazılırdı.

Birgə məlumata görə, E.Axundov izahatdan ötrü polisdə olarkən səhhəti pisləşib, vəfat edib.

E.Axundovun bacısı Ü.Axundova da DİN və Baş Prokurorluğun birgə açıqlamasına münasibət bildirmişdi. O, AzadlıqRadiosuna demişdi ki, K.Əhmədov qardaşını vurub.

«Anam prokurorluğa şikayət elədi ki, mənim oğlumun başını vurub partladıblar. Şikayətdən sonra buna (Elmir Axundova) zəng edib dedilər ki, bala, get, prokurorluqdan ərizəni götür. Ərizəni götürmədiyinə görə uşağı bu günə qoydular», - Ü.Axundova bildirmişdi.

Lakin bütün bu açıqlamalarla bağlı mərhum E.Axundovla dalaşdığı bildirilən və həbs olunan K.Əhmədovun yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG