Dövlətin vətəndaşa qayğısı, məhkəmə-hüquq sistemində vəziyyət, valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Real məhkəmə islahatları olmadan ...»
«Novoye Vremya» qəzetində «Müstəqil mühakimə - qanun qarşısında hamının bərabərliyinin zəmanətidir» sərlövhəli yazı oxumaq olar.
Yazıda ölkənin məhkəmə sistemindəki mövcud vəziyyət təhlil edilib.
Müəllif hesab edir ki, ölkədə bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Yazıda vurğulanır ki, xarici valyutada götürülmüş kreditlərlə bağlı Azərbaycan Konstitusiya Məhkəməsinin bu günlərdə bankların xeyrinə çıxardığı qərar da bu sahədə mövcud vəziyyətdən irəli gəlir: «Məhkəmənin bu qərarını ən azı qəribə və mübahisəli adlandırmaq olar. Manatın devalvasiyasında vətəndaşın hər hansı günahı yoxdur. Amma indi məsələ vətəndaşla qurumlar arasında münaqişə olduqda məhkəmələrin niyə sonuncuların tərəfini tutmasındadır. Əlbəttə, müstəqil məhkəmə sistemi olduğu yerdə belə hal istisnadır...».
Müəllif xatırladıb ki, ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 24-də Ağstafada keçirilən zona müşavirəsində 100-dən çox hakimin pozuntulara yol verdikərinə görə məhkəmə sistemindən uzaqlaşdırıldığını, korrupsiya hüquqpozmaları ilə bağlı 35 hakimin intizam məsuliyyətinə cəlb edildiyini, 80-ə qədər hakimin isə fəaliyyətinin prinsipial qiymətləndirmə mərhələsində olduğunu bildirib.
Müəllifə görə, amma burada təkcə intizam məsuliyyətiylə məhdudlaşmaq olmaz: «Korrupsiya və rüşvətlə sərt mübarizə aparılmalıdır. Amma qanunu inkar edən hakimlərin heç də hamısı cəzalandırılmır».
Müəllifin iddiasına görə, ölkə vətəndaşları milli məhkəmə sisteminə bir o qədər inam bəsləmirlər: «Real məhkəmə islahatları olmadan hakimlər nə qədər cəzalandırılsa da, pozuntular azalmayacaq, Hüquq və qanunun aliliyini ancaq müstəqil məhkəmə sistemi təmin edə bilər. Müstəqil məhkəmə sistemi olmadan iqtisadiyyatda uğurlara, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına nail olmaq mümkün deyil».
Valyutadəyişmə qayğıları
Modern.az saytında «Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır» sərlövhəli yazı yer alır.
Yazıda Azərbaycanda 2016-ci ilin martına kimi mövcud olan valyutadəyişmə məntəqələrinin hələ də fəaliyyətə başlamamasının səbəbinə toxunulub.
«Bu gün Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur». Yazıda vurğulandığına görə, bunu sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Rüfət Quliyev bildirib. Deputat habelə deyib ki, banklar, əsasən, şənbə və bazar günləri işləmədiklərindən pul dəyişilməsində problem yaranır.
Müəllifin yazmasına görə, deputat qeyd edib ki, bu səbəbdən istər vətəndaşlar, istərsə də turistlər valyuta dəyişməkdə çətinliklərlə qarşılaşırlar: «Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harada var?».
Müəllif bildirir ki, bu məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının təmsilçisinə «Valyutadəyişmə məntəqəsi açmaq üçün müraciət edənlər varmı?» sorğusu verilib. Palatanın təmsilçisi isə deyib ki, valyuta mübadiləsi məntəqələrinin açılmasından ötrü sənədlərin qəbuluna bu sahədə bütün normativ hüquqi aktların qüvvəyə minməsindən sonra başlanacaq.
Dövlətin vətəndaşa dəstəyi
«Azərbaycan» qəzetində «Güclü dövlət, iqtisadi inkişaf vətəndaşın sosial müdafiəsinin təminatıdır» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, son 15 ildə (hazırkı prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr-R) daha çox istehsal və xidmət sahələri yaradılması Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərindəndir: «Ölkəmizdə yeni müəssisə və xidmət sahələri yarandıqca, əhalinin məşğulluq problemi də həll olunur. Bunun nəticəsidir ki, ölkədə işsizliyin səviyyəsi 5 faizədək azalıb. İndi dünyada baş verən siyasi və iqtisadi gərginlik dövründə bu, yüksək rəqəmdir».
Müəllif bildirir ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında prezident İlham Əliyev də əhalinin məşğulluğuna xüsusi önəm verib.
«Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq. İnsanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər», - deyə prezident vurğulayıb.
Müəllif yazıb ki, qarşıya qoyulan hədəfə çatmaqdan ötrü dövlət iqtisadiyyatın kapitallaşması və kreditləşməsi siyasətini həyata keçirir, bu sırada özəl sektor da unudulmur: «Son 15 ildə sahibkarlara 2.2 milyard manat güzəştli kredit verilib, bu proses davamlıdır. Hər il sahibkarlar dövlətin bu dəstəyindən faydalanır...».