Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:58

'Azərbaycandan güzəştlər qoparmaq'-Media icmalı


V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

Rusiya Federasiyası prezidenti V.Putinin Azərbaycana gözlənilən səfərinə ən müxtəlif yanaşmalar, yağışın yağması ilə Bakını su basması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Rusiya prezidentinin səfəri yaxşı heç nə vəd etmir»

Moderator.az saytında «Putin geopolitik güzəştlər qoparmaq məqsədi ilə gəlir» sərlövhəli yazı oxumaq olar.

Müəllif Rusiya Federasiyası prezidenti Vladimir Putinin sentyabrın 25-də Azərbaycana gözlənilən səfəri barədə Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.

Yazıda bildirilir ki, Rusiya prezidentinin Azərbaycana gözlənilən səfəri ölkənin siyasi çevrələrində ciddi müzakirələrə səbəb olub .

Mövzu ilə bağlı sayta açıqlama verən ADP sədri S.Cəlaloğlu da vurğulayıb ki, Rusiya prezidentinin bu səfəri Azərbaycanın maraqları baxımından yaxşı heç nə vəd etmir: «Hesab edirəm ki, bu səfər də Azərbaycandan ciddi geopolitik güzəştlər qoparmaq məqsədi güdür».

ADP sədri deyib ki, hazırda Avropanın, ABŞ-ın diqqəti daha çox Suriya məsələsinə yönəlib və odur ki, Rusiya prezidenti V.Putin də bu fürsətdən istifadə edərək Azərbaycandan daha çox güzəştlər qoparmağa cəhdlər göstərir.

Partiya sədri vurğulayıb ki, bu məsələdə Azərbaycan müxalifəti də, iqtidarı da vahid mövqedən çıxış etməlidir. O hesab edir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmaması məsələsində yekdil rəy ifadə edilməlidir.

Partiya sədri həmçinin, Dağlıq Qarabağın azad edilməsi məsələsində də heç bir mövqe ayrılığı olmamasının vacibliyini vurğulayıb.

İ.Əliyev və V.Putin
İ.Əliyev və V.Putin

«Cənubi Qafqazda Rusiyanın strateji tərəfdaşı»

Rusiya prezidenti V.Putinin Azərbaycana səfəri rəsmi «Azərbaycan» qəzetində də təhlil edilib. Amma «Üç ayda dördüncü görüş» sərlövhəli yazıda moderator.az saytında sözügedən yazıdan fərqli düşüncələrə yer verilib.

Müəllif yazıb ki, statistik olaraq bu, son üç ayda hər iki ölkə prezidentlərinin sayca dördüncü, sentyabr ayında isə ikinci görüşü olacaq: «Elə bu faktın özü, yəni Rusiya və Azərbaycan prezidentlərinin dostluqdan irəli gələn intensiv danışıqları dövlətlərarası münasibətlərə yeni dinamizm verib, əlaqələrdəki etimad mühitini gücləndirib. Ən əsası, hər bir görüş və danışıq münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib».

Yazıda vurğulanıb ki, hazırda Azərbaycan dünyanın həm sürətlə inkişaf edən, həm də müstəqil siyasət yeridən ölkələrindən biridir. Müəllifin iddialarına görə, buna görə də Azərbaycana beynəlxalq səviyyədə yüksək siyasi ehtiram formalaşıb: «Müstəqil siyasət yürüdən Azərbaycan son illərdə Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzləşən Rusiyaya dəstək verib. Ölkəmiz antirusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanla Rusiya arasındakı siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb».

Yazıda bildirilir ki, 2017-ci ildə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2.5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu isə 1.5 milyard dollar təşkil edib.

Müəllifin qeyd etməsinə görə, Azərbaycan bazarında bu iki ölkəyə məxsus 700 birgə müəssisə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.

Müəllif habelə vurğulayıb ki, hazırda Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır, onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb.

Yağış Bakı küçələrini iflic etdi
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

«Bakıda növbəti subasma olsa...»

«Novoye Vremya» qəzetində «Bakıda növbəti subasmaya görə kim cavab verəcək?» sualı gündəmə daşınıb.

Müəllif yazıb ki, bu il sentyabrın 23-də Bakıda qısamüddətli leysan yağmasına baxmayaraq, paytaxt küçələri əsl çaya dönüb, evlərin zirzəmiləri, yeraltı tunel və keçidləri su basıb: «Bazar günü olduğuna görə, küçədə az olan adamlar bir yana, hətta avtomobillər belə bu çaylardan keçə bilmirdilər. Bunun nəticəsində nəqliyyatın hərəkət sürəti aşağı düşdü, tıxaclar yarandı. Nə qədər təzadlı olsa da, ən dramatik vəziyyət paytaxtın mərkəzindəki Neftçilər prospektində, Xəqani və Üzeyir Hacıbəyov küçələrində yarandı. Burada suyun səviyyəsi metrə yaxın idi, avtomobillər suda «üzürdülər»».

Müəllif qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti sentyabrın 24-də yaydığı açıqlamasında baş verənlərə görə məsuliyyəti «Azərsu» ASC-nin üzərinə qoyub. Hərçənd, «Azərsu» ASC sözçüsü də açıqlama verərək öz vəzifəsinin öhdəsindən layiqincə gəldiklərini iddia edib.

Müəllif vurğulayır ki, Bakıda şəhər rəhbərliyinin xəbəri olmadan tikinti aparılmır. Üstəlik, bu məsələdə səkilərin necə qurulması da az əhəmiyyət kəsb etmir.

Müəllif hesab edir ki, son zamanlar paytaxtda hündürmərtəbəli evlər tikilən zaman belə göstəricilərə bir elə də diqqət yetirilmir: «İki il əvvəl, 2016-cı ilin sentyabr-oktyabr aylarında Bakı bu halı iki dəfə yaşadı, amma o zaman yağış norma miqdarını 9.2 və 3.7 dəfə üstələyirdi. Bundan irəli gələrək Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün imzalanan sənədlə işçi qrup yaradıldı. Həm də sərəncamda deyilirdi ki, paytaxtın kanalizasiya sistemi Bakı şəhəri və Abşeronun inkişaf sürətindən geri qalır».

Müəllifin iddiasına görə, son illər bu sahədə ciddi işlər görülməyib.

XS
SM
MD
LG