Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Pentaqon İranın ‘gülünc’ ittihamlarını rədd edir


Hücumda öldürülmüş 4 yaşlı Mohammad Taha Eghdami-nin fotoları
Hücumda öldürülmüş 4 yaşlı Mohammad Taha Eghdami-nin fotoları

ABŞ-ın müdafiə naziri Jim Mattis Birləşmiş Ştatların İrandakı hücumun arxasında durmasına dair rəsmi Tehranın ittihamlarını rədd edib, bu iddiaları “gülünc” adlandırıb.

Sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parada silahlı hücum olub, azı 25 nəfər öldürülüb.

Mattis sentyabrın 22-də Pentaqonda jurnalistlərə deyib ki, Prezident Donald Trump administrasiyası elə hücum törədilən gün onu pisləyib.

Jim Mattis, arxiv fotosu
Jim Mattis, arxiv fotosu

“Bununla əlaqəmiz olduğunu iddia etmək gülüncdür. İndiyədək azı üç ölkəni və bir terrorçu qrupu ittiham ediblər. Görək siyahı harayadək uzanacaq. Amma yaxşı olardı, danışmağa başlamazdan öncə bir düşünərdilər”, – nazir söyləyib.

Mattis İranın intiqamla almaq hədələrindən narahat olmadığını dilə gətirib: “Çox aydın şəkildə demişik ki, bizimlə bu cür mübarizə apara bilməzlər və ümid edirəm, ağıl qalib gələcək”.

Birləşmiş Ştatların dövlət katibi Mike Pompeo da ölkəsinin bu hücumda hər hansı rol oynamadığını vurğulayıb. O, Fox News-a müsahibəsində insan itkisini “faciəvi” adlandırıb: “Ölkə daxilində təhlükəsizlik insidenti yaşanırsa, başqalarını suçlamaq böyük səhvdir”.

Mike Pompeo və Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton
Mike Pompeo və Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton

BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 24-də yaydığı bəyanatda hücumu “dəhşətli və qorxaq” insident kimi pisləyib.

İranın ali dini lideri Ayətulla Ali Khamenei isə iddia edib ki, hücumu gerçəkləşdirənləri Birləşmiş Ştatlar dəstəkləyib, pullarını Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri verib. O and içib ki, İran bu qanı axıdanların arxasında duranları “sərt cəzalandıracaq”.

***

İranın Əhvaz şəhərində minlərlə adam iki gün öncə hərbi parada hücumda ölənləri yad etmək üçün küçələrə çıxıblar. Həmin hücumda azı 25 nəfər öldürülüb, onlarla adam yaralanıb.

Sentyabrın 24-də keçirilən mərasimdə əsgərlər, ruhanilər, rəsmilər qurbanların milli bayrağa bükülmüş cəsədlərini aparıb, onların fotolarını, “Terrorçuluğa yox” yazılmış plakatlar tutublar.

Bəziləri “İsrailə və Amerikaya ölüm” şüarı səsləndirib. İran rəhbərliyi bu ölkələri hücum edənləri dəstəkləməkdə suçlayıb. Birləşmiş Ştatlar hücumu pisləyib.

Bu gün Xuzistan vilayətində matəm günüdür, dövlət idarələri, banklar, məktəblər bağlıdır.

Əhvazda dəfn mərasimi
Əhvazda dəfn mərasimi

Sentyabrın 22-də 1980-1988-ci illər İran-İraq müharibəsinin başlanması münasibətilə keçirilən parada hərbi geyimli silahlılar basqın edib. Dövlət mediası onlardan dördünün öldürüldüyünü bildirir. ƏTRAFLI BURADA

Hadisə qurbanları içində elit İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) üzvləri, dinc sakinlər, dörd yaşlı bir uşaq olub.

İİKK rəhbərinin müavini Hossein Salami çıxışında Birləşmiş Ştatlar və İsrailə ittihamları bir daha səsləndirib. O xəbərdarlıq edib ki, bu iki ölkə Tehrandan “məhvedici və dağıdıcı” zərbə gözləsinlər.

ŞÜBHƏLİLƏR ŞƏBƏKƏSİ SAXLANIB

İranın kəşfiyyat naziri Mahmud Alavi deyib ki, hücumla əlaqədar şübhəlilər şəbəkəsi saxlanıb. Xəbəri sentyabrın 24-də İranın Mizan və Fars agentlikləri yayıb.

Paradda atışma
Paradda atışma

Hücuma görə məsuliyyəti iki qrup üzərinə götürüb: etnik ərəb Əhvaz Milli Müqavimət hərəkatı İslam Dövləti ekstremist qruplaşması.

İŞİD-ə bağlı Amaq xəbər agentliyinin yaydığı videoda bir maşında üç kişi görünür, İİKK-nın uniformasını geyiniblər.

Həmin şəxslər özlərini İŞİD üzvü kimi təqdim etməsələr də, İranda hərbi parada hücum edəcəklərini deyiblər.

İran prezidenti Hassan Rohani Birləşmiş Ştatları, İsraili və Körfəzdəki ərəb monarxiyalarını ərəb separatçı qrupunu dəstəkləməkdə suçlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert sentyabrın 22-də deyib ki, Birləşmiş Ştatlar “bütün terrorçuluq hərəkətlərini, günahsız insanların ölümünü pisləyir”.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmisi ittihamları “əsassız” adlandırıb.

Rohani və ABŞ prezidenti Donald Trump bu həftə Nyu Yorkda BMT Baş Assambleyasında iştirak edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG