Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 23:06

Prezident: 'Dağlıq Qarabağ suverenliyimizdən kənar status almayacaq'


İ.Əliyev

«Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı çıxışında belə deyib.

Prezident vurğulayıb ki, Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymur. «İşğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir».

İ.Əliyev bir daha qeyd edib ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək: «Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq».

İqtisadi durum...

Ölkədəki iqtisadi durumdan bəhs edən İ.Əliyevə görə, son 15 ildə iqtisadiyyat 3.2 dəfə artıb.

«Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə, Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə, 3-cü yerdə qərarlaşıb. Beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır... Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq», - İ.Əliyev vurğulayıb.

Xatırlatma

Prezidentin bu tip çıxışları, adətən, ölkə daxilində birmənalı qarşılanmır. Onun opponentləri deyir ki, indiki iqtisadi göstəricilərin 15 il əvvəllə müqayisəsi xalqı çaşdırmaqdır. Üstəlik, prezidentin müxalifləri vurğulayırlar ki, son illər ölkə iqtisadiyyatında inkişaf baş verməyib. Onların fikrincə, bu da iqtisadiyyatın neftin qiymətindən asılı olmasından irəli gəlir.

2018-ci il ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. İki il sonra Rusiyanın işğalı nəticəsində süqut edib.

1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də fəaliyyətə başlamışdı. Bu, müsəlman Şərqində ilk parlament sayılır.

Bu il həm də Azərbaycanda parlamentin yaranmasının 100 illiyi qeyd edilir.

XS
SM
MD
LG