Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Belarusda 29 il yaşamış azərbaycanlını qovurlar


S.Məmmədhüseynov böyük oğlu ilə birlikdə.
S.Məmmədhüseynov böyük oğlu ilə birlikdə.

Seymur Məmmədhüseynov Belarusa 1989-cu ildə gedib, yeddi ildən sonra vətəndaşlıq alıb. Amma 2006-cı ildə Belarus pasportunu alıblar, indi də onu ölkədən çıxarmaq istəyirlər. Milis Seymurun kriminal aləmlə əlaqəli olduğunu bildirir. Həyat yoldaşı isə əmindir ki, hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmədiyinə görə ondan qisas alırlar. Bu haqda “Currenttime.tv” yazır.

Seymur daha çox Belarusda yaşayır, Serbiyada isə kartof satırdı. Artıq yarım ildir onu Minskdə təcridxanada saxlayırlar. Minsk rayonunun daxili işlər idarəsi onun Azərbaycana göndərilməsi barədə qərar çıxarıb. Di gəl, Seymurun heç vaxt Azərbaycan vətəndaşlığı olmayıb, ona görə də milis gözləyir ki, Azərbaycan hakimiyyəti onu qəbul etməyə razılaşsın.

“Seymurun orada kimsəsi yoxdur, ən yaxın qohumları Belarusdadır, hətta anası da burada dəfn olunub”, – vətəndaş nikahında yaşadığı həyat yoldaşı Alesya Kudravets deyir. Onlar 2002-ci ildən birlikdədirlər

VƏTƏNDAŞLIĞI ONA GÖRƏ ALINIB Kİ...

50 yaşlı Seymur Azərbaycanda doğulub, amma həyatının çoxunu Belarusda keçirib. 1989-cu ildə orduda xidmət keçəndən sonra Belarusun Lida şəhərinə gedib, orada qalıb. Üç uşağı var. Birinci həyat yoldaşından olan böyük oğlu 28 yaşındadır. Alesyadan isə iki oğlu var. Kiçiyi avqustda doğulub, Seymur təcridxanada olanda.

Seymur Məmmədhüseynov Belarusda ticarətlə məşğul olub. 2000-ci illərdə Azərbaycandan mal gətirib, son vaxtlar Serbiya və Moldovada kartof satırdı.

2006-cı ildə Lidanın vətəndaşlıq və miqrasiya idarəsi belə bir qənaətə gəlib ki, Seymur 1996-cı ildə Belarus vətəndaşlığı alanda Azərbaycanda qeydiyyat olub. Bu səbəbdən onun Belarus vətəndaşlığını alıblar.

S.Məmmədhüseynov ortancıl oğlu ilə.
S.Məmmədhüseynov ortancıl oğlu ilə.

Alesya isə deyir ki, Seymurun Azərbaycan vətəndaşlığı heç vaxt olmayıb, 1991-ci ildə Azərbaycandan çıxmasına dair arayışı var. Azərbaycan səfirliyi də Seymurun vətəndaş olmadığını təsdiqləyib.

Amma onun Belarus vətəndaşlığı bərpa olunmayıb, milis Seymurun cinayətkarları maliyyələşdirdiyini düşünür.

Həyat yoldaşı isə israrla deyir ki, Seymur milislə əməkdaşlıq etmədiyi üçün onu təqib ediblər. Onun hansı cinayətkarları maliyyələşdirməsi barədə nə Alesya, nə də vəkili bir şey bilir. Hətta məhkəmədə belə bir informasiya “xidməti istifadə üçündür” bəhanəsiylə açıqlanmayıb,

NİYƏ SEYMUR?

Alesya deyir ki, hüquq-mühafizə orqanları onun ərinə 2016-cı ildən təzyiq edirlər, bir neçə dəfə milisə çağırıb agent olmasını, Belarusa xaricdən gələnlər barədə informasiya istəyiblər.

Seymurla birlikdə təcridxanada olmuş müxalifətçi Pavel Severinets isə hesab edir ki, azərbaycanlı belaruslarda çatışmayan cəhətinin – öz prinsipiallığının qurbanı olub:

“Deyir ki, agent olsam, övladlarımın gözlərinə necə baxaram?”

Həyat yoldaşı isə hesab edir ki, Seymur günahkar olsaydı, onu çoxdan həbsə atıb mühakimə etmişdilər. Qadının fikrincə, milis onun ərini biznes sektorundakı çoxsaylı kontaktlarına görə gözaltı edib.

AzadlıqRadiosunun Belarus xidməti Seymur Məmmədhüseynovun hansı təhlükəni yaratması barədə rəsmi açıqlama ala bilməyib.

Human Constanta təşkilatından Anastasiya Loyko hesab edir ki, Seymurun işi birmənalı deyil. Heç kəs onun ittiham olunduğu cinayətlə bağlı orijinal sənədləri görməyib. Hətta Seymurun özünü və vəkilini belə sənədlərlə tanış etməyiblər, xidməti istifadə üçün olduğunu söyləyiblər.

Bu işin gələcəyi bəlli deyil. Seymur Belarusda qalmaq istərdi. Azərbaycan DİN-dən, hələlik, cavab gəlməyib və onu gələn aprelədək təcridxanada saxlaya bilərlər. Hüquq müdafiəçisi deyir ki, o yorulub və istənilən ölkəyə göndərilməyə razıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG