Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:30

'30 faizlə kredit verən bankların kasıblaşması'-Media icmalı


Bank
Bank

Azərbaycan parlamentinin 100 ili, qida təhlükəsizliyi, ölkə banklarının vəziyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bankların gəliri azalır

«Novoye Vremya» qəzetində «Bankların rentabelliyi təhlükə altındadır?» sualı gündəmə daşınır.

Müəllif Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən ölkə banklarının bu ilin 8 ayı ərzindəki fəaliyyət göstəricilərini təhlil edir: «2018-ci il avqustun 31-nə Azərbaycanın 30 kommersiya bankının xalis gəliri 103 milyon 800 min manat olub».

Yazıda bildirilir ki, keçən ilin analoji dövrü ilə müqayisədə bankların xalis gəliri kəskin azalıb. Üstəlik, bank aktivlərində də azalma var: «Amma indi baş verənlər heç bir çərçivəyə sığmır. Banklara əlavə kapitallaşma hökmən lazımdır. Bu isə onların likvidliyini dəstəkləmək üçün dövlət vəsaitlərinin maliyyə institutlarına yönəldilməsi deməkdir».

Yazıda sual edilir: «Əgər banklar ziyanla işləyirsə, bunun sonu nə olacaq?».

Müəllifə görə, baş verənlərin səbəbləri də aydın deyil. Yazıda bank faizlərinin həddən çox yüksək olduğu vurğulanır: «Avropa dövlətlərində kreditlər 3-4 faiz olduğu halda banklar çiçəklənir. Azərbaycanda isə kreditlər 28-30 faiz həcmində verilsə də, nə üçünsə banklar kasıblayır. Belə təzadlar ancaq Azərbaycan bank sisteminə xas ola bilər».

Müəllifə görə, Palata təkcə banklarla bağlı mövcud durumu əks edən faktları sadalamamalı, həm də baş verənlərin səbəblərini aydınlaşdırmalıdır.

Yazıda güman edilir ki, belə bir vəziyyətin yaranmasında problemli kreditlər də rol oynayır. Ancaq müəllif burada başqa ciddi səbəblər də görür: «Bu vəziyyət bank menecmentliyinin peşəkar olmamasının, onların tamahkarlığının nəticəsidir. Real vəziyyəti dəyərləndirmək, ondan nəticə çıxarmaq halında deyillər».

Toyuq
Toyuq

«Kənd toyuğu adına boyanmış...»

«Yeni Müsavat» qəzetində «Bazar və marketlərdə «kənd toyuğu» fırıldağı» sərlövhəli yazı oxumaq olar.

Yazıda bəzi bazar və marketlərdə «kənd toyuğu» adı ilə satılan sarı rəngli toyuqların antisanitar şəraitdə kəsilərək, rəngləndiyi ilə bağlı iddialar yer alır. Mövzu Azad İstehlakçılar Birliyinin (AİB) sədri, ekspert Eyyub Hüseynovla müzakirə edilib.

Yazıda bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Masazır qəsəbəsində qanunsuz toyuq kəsimi ilə məşğul olan iki müəssisədə bu cür hallar aşkarlayıb.

AİB sədri E.Hüseynov isə bu cür müəssisələrin daha çox olduğunu deyib: «Bakıda və Bakıətrafı qəsəbələrdə bu cür antisanitar vəziyyətdə kənd toyuğu adı altında broyler toyuqları istehsal edərək ticarət müəssisələrinə verənlərin sayı az deyil. Sovet dövründən alıcı öyrəşib ki, dükanda satılan kənd toyuğunun ayaqları, boynu üstündə olsun. İnsanların bu fikrini bilən və antisanitar şəraitdə kəsim həyata keçirən müəssisələr var».

Ancaq E.Hüseynov hesab edir ki, belə fəaliyyət göstərən müəssisələri bağlamaq yox, onları normal hala gətirmək lazımdır: «Bu müəssisələrdə çalışanların işini qanuna və standartlara uyğunlaşdırmaq lazımdır. Qida Təhlükəsizliyi Agentliyi həm də əhali arasında maarifləndirmə işləri aparmalıdır ki, insanlar, sadəcə olaraq, bu cür məhsulları almasınlar».

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

100 ilin parlamenti

«Azərbaycan» qəzetində «Müsəlman Şərqinin və Azərbaycanın 100 yaşlı parlamenti» sərlövhəli yazıda 100 il öncə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti dəyərləndirilir.

Müəllif - Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov yazıb ki, XX əsrin əvvəllərində - siyasi cəhətdən mürəkkəb və keşməkeşli illərdə çətin, məşəqqətli günlər yaşayan Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı yorulmaz mübarizə 100 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnib: «1918-ci il mayın 28-də «İstiqlal Bəyannaməsi» elan olunmaqla Azərbaycan sözü artıq bir coğrafi ərazi olmaqdan əlavə həm də siyasi bir ifadəyə çevrildi. Azərbaycan xalqının hakimiyyət haqqına malik olduğu, Cənub-Şərqi Zaqafqaziyadan ibarət müstəqil bir dövlət olması bəyan edildi. Bu, adi bir hadisə deyildi, bu, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qısa vaxtdan sonra beynəlxalq birlik tərəfindən dövlət kimi tanınması prosesinin başlanğıcı idi».

Müəllif xatırladıb ki, 1918-ci il dekabrın 7-də parlamentin açılış iclası keçirilib. Parlament seçkilərində 120 nəfər deputat seçilib və onlar olduqca mürəkkəb şəraitdə fəaliyyət göstəriblər.

Müəllif vurğulayır ki, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) süqut edənə qədər bütünlükdə parlamentin 145 iclası keçirilib.

Z.Əsgərov sonda da yazıb: «Biz 100 yaşlı Azərbaycan parlamentinin azad, güclü, müstəqil Azərbaycanımızın möhkəmləndirilməsi və inkişafı, onun müasir dünyanın əsas subyektlərindən birinə çevrilməsi istiqamətində öz üzərinə düşən vəzifələri yerinə yetirəcəyini inamla deyə bilərik. 100 yaşın mübarək, Azərbaycan parlamenti!».

XS
SM
MD
LG