Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Metronun 'Xətai' stansiyası bağlanır


Metro

Bakı metrosunda «Xətai» stansiyası bir illiyə bağlanacaq.

Bu barədə bu gün, sentyabrın 19-da «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

««Xətai» stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Həmçinin, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalıdır. Stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır», - açıqlamada yazılıb.

Açıqlamaya görə, təmirin 2016-cı ilin dekabrında yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də «Xətai-Cəfər Cabbarlı» mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılıb.

«Yenidənqurma işlərinin ikinci mərhələsində «Xətai» stansiyasının 2-ci baş yolu, «Xətai-Cəfər Cabbarlı» mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir», - məlumatda qeyd edilir.

Qurum bildirir ki, təmir müddətində stansiyada istifadədə olan «LT-2» tipli 3 eskalator sökülərək, əvəzinə Almaniyanın «Thyssen Krupp Fahrtreppe» şirkətinin «Viktoriya Tube» tipli 4 eskalatoru quraşdırılacaq.

Məlumatda bildirilir ki, eskalatorların dəyişdirilməsinə və yenidənqurma tədbirlərinə sentyabrın 27-də başlanılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqustun 10-da başa çatdırılması nəzərdə tutulur.

Xatırlatma

Azərbaycan paytaxtında metro 1967-ci il noyabrın 6-da fəaliyyətə başlayıb. Bundan bir il sonra isə «Xətai» stansiyası istismara verilib.

Hazırda metronun 24 stansiyası fəaliyyət göstərir. Bu il metroda gedişhaqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb.

Multimedia

XS
SM
MD
LG