Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:34

Çin-ABŞ ticarət müharibəsi qızışır


Pekin, arxiv fotosu
Pekin, arxiv fotosu

Ağ ev elan edib ki, Birləşmiş Ştatlar Çindən idxal olunan 200 milyard dollarlıq məhsula 10 faizlik tarif qoyacaq. Bu, tərəflər arasında ticarət müharibəsinin daha da qızışması deməkdir.

Bundan öncə Pekin bildirmişdi ki, ABŞ prezidenti Donald Trump yeni addım atarsa, o da Birləşmiş Ştatların 60 milyard dollarlıq məhsuluna rüsum qoyacaq. Trump da öz növbəsində vəd edib ki, Pekin cavab tədbiri görərsə, Çinin daha 267 milyard dollarlıq məhsulu tarifə məruz qalacaq.

Görünür, belə gedərsə, Birləşmiş Ştatların Çindən idxal etdiyi 500 milyard dollardan artıq məhsul əlavə tarifə məruz qalacaq. Bundan kimlər ziyan görəcək? AzadlıqRadiosu-nun müxbiri Tony Wesolowsky bu suala cavab axtarır.

TRUMP ÇİNƏ NEYLƏDİ?

Trump administrasiyası sentyabrın 17-də elan etdi ki, Vaşinqton sentyabrın 24-dən Çinin 200 milyard dollarlıq məhsuluna vergi qoyacaq. 10 faizdən başlanan tariflər 2019-cu ildə 25 faizə yüksələcək.

Donald Trump
Donald Trump

Tarif siyahısına düşən məhsullar sırasında həsirlər, mühafizə siqnalizasiyası, velosipedlər var. İlkin siyahıdan velosiped dəbilqələri, uşaqların təhlükəsizliyi üçün nəzərdə tutulmuş digər məhsullar çıxarılıb. Bəzi məşhur elektron cihazlar da siyahıdan kənarda qala bilib. Bu məhsulların istehsal zəncirləri Çindən çox asılıdır. Məsələn ABŞ-ın Apple və Fitbit şirkətlərinin buraxdığı fitnes bilərzikləri.

ABŞ ilk dəfə deyil Çin məhsullarına tarif qoyur. İyunda Trump 50 milyard dollarlıq Çin məhsuluna 25 faizlik rüsum qoydu. Bu tariflər 800-dən çox strateji vacib sayılan Çin idxalını hədəflədi, hətta maşınları da.

Çin də oxşar addım atdı, elə həmin ay 50 milyard dollarlıq, 659 adda ABŞ məhsuluna 25 faizlik rüsum qoydu.

Yeni tariflər o deməkdir ki, Çindən Birləşmiş Ştatlara idxal olunan 506 milyard dollarlıq məhsulun yarıya qədəri cəzalanıb, qalanına da təhlükə var.

YENİ TARİFLƏR NİYƏ QOYULUR

Vaşinqton həmişə Çinin ədalətsiz ticarət praktikasından şikayətlənib. ABŞ rəsmiləri Pekinin “Made in China 2025” inkişaf planını əsas gətirirlər.

Həmin sənəddə Çinin özünün informasiya, texnologiya, robotlaşdırma, aerokosmik avadanlıq, elektrik cihazları sahəsində şirkətlərinin yaradılmasına çağırış vr. ABŞ və digər xarici şirkətlər şikayətlənirlər ki, Pekin onları Çin bazarından çıxarmağa çalışır.

Çin, arxiv fotosu
Çin, arxiv fotosu

Yeni tariflər açıqlanan kimi, Çin cavab tədbirləri görəcəyini bildirib. Çinin Ticarət Nazirliyi deyib ki, “legitim hüquqlarını, beynəlxalq azad ticarətdə maraqları və düzəni qorumalıdır”.

Ötən ay Çin Birləşmiş Ştatlardan 60 milyard dollarlıq məhsula tarif qoyulacağını açıqlamışdı. Həmin siyahıya maye qaz, bəzi aviasiya məhsulları daxil idi.

Ekspertlərin fikrincə, tariflər Pekinin əlində Birləşmiş Ştatlara qarşı silaha çevrilə bilər. Səbəbi də sadədir. Çin ABŞ-a daha çox ixrac edir, nəinki idxal.

İndiyədək Trump-ın tarifləri Çinə elə bir ziyan vumayıb. Bunu Merilend Universitetinin iqtisadiyyat professoru Peter Morici deyir.

“Çinin Trump-ın tariflərinə cavab verməyə rıçaqları var. Pekin öz valyutasını nizamlaya, yaxud istehsalçılar üçün başqa qiymətlər qoya bilər”, – Morici sentyabrın 18-də AzadlıqRadiosu-na deyib.

“Sanksiyaların ilk raundu Çinə təsir göstərmədi və onlar 25 faiz idi. İndi isə başlanğıcda 10 faizlik rüsum qoyulub. Pekin narahat olmayacaq”, – Morici proqnozlaşdırır.

BƏS TARİFLƏR KİMƏ TƏSİR GÖSTƏRƏCƏK?

İndilik, ticarət mübahisəsindən ən çox itirən Amerikanın soya bitkisi fermerləri, həmçinin bəzi fabrik sahibləridir. Hazır məhsulların komponentlərini hazırlayan ABŞ şirkətləri də təsiri hiss etməkdədir.

Bank of America Merrill Lynch-in iqtisadçıları xəbərdarlıq edirlər ki, Çinlə ABŞ arasında ticarət müharibəsi uzandıqca, bu, ABŞ iqtisadiyyatına daha pis təsir göstərəcək. Onların fikrincə, təchizat zəncirlərinin zədələnməsi və biznes inamının pozulması nəticəsində ticarət müharibəsi “iqtisadiyyatı hərtərəfli geriləməyə sürükləyə bilər”.

Ancaq görünür, ticarət müharibəsinin təsiri bu iki ölkənin hüdudlarından kənara yayılmaqdadır. Avropa İttifaqının Ticarət Palatası sentyabrın 18-də bildirib ki, ABŞ-Çin müharibəsi Avropa şirkətlərinə ziyan vurur, qlobal təchizat zəncirlərini pozur.

Qurumun apardığı sorğu zamanı respondentlərin 54 faizi deyiblər ki, ABŞ tariflərinə mənfi yanaşırlar. 43 faizsə Çinin qoyduğu tariflərə mənfi münasibətini açıqlayıb.

NƏ GÖZLƏNİR?

Çin Vaşinqtona yeni danışıqlar üçün nümayəndə heyəti göndərməyi götür-qoy edir. “South China Morning” sentyabrın 8-də Pekində hökumət mənbəyinə istinadla yazıb.

Ancaq Çin Trump-ın 267 milyard dollarlıq məhsula əlavə rüsum qoymaq hədəsini cavabsız qoymazsa, danışıqlara yer qalmır.

Çox az adam Çinin geri çəkiləcəyini gözləyir.

Çində Amerika Ticarət Palatası sentyabrın 18-də bildirib ki, Pekin inadından əl çəkməyəcək. Qurum ticarət savaşını danışıqlar yoluyla həll etməyə çağırıb.

Bu arada Çinin aparıcı təhlükəsizlik rəsmisi vurğulayıb ki, ABŞ-ın Çinə qarşı ticari tədbirləri nəticəsiz qalacaq, çünki Çinin təsirləri aradan qaldırmağa çoxsaylı fiskal və monetar siyasət alətləri var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG