Azərbaycan xəbərləri
Məhkəmə saytın şikayətini geri qaytardı
Məhkəmə müxalifyönlü bastainfo.com saytına ölkə içindən girişin məhdudlaşdırılmasından verilən şikayətə baxmaqdan imtina edib.
Bu haqda AzadlıqRadiosuna adıçəkilən saytın rəhbəri Mustafa Hacıbəyli bildirib.
İki ay əvvəl blok edilən saytın rəhbərinin deməsinə görə, onlar Bakı şəhər 1 Saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər.
M.Hacıbəylinin qeyd etməsinə görə, tələbləri də bu olub ki, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin saytı bloklaması qanunsuz hesab edilsin və blok qaldırılsın. İddia nazirliyə və nazirlikdən bloklanmanı tələb etmiş Baş Prokurorluğa qarşı qaldırılıb.
M.Hacıbəylinin sözlərinə görə, məhkəmədə hər iki cavabdehin təmsilçiləri iştirak ediblər. Baş Prokurorluğun nümayəndəsi bildirib ki, onların saytla bağlı hərəkətləri qanuni olub.
Nümayəndə deyib ki, saytda qanunazidd məqalələr dərc olunduğundan onun bloklanması xahişi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər.
M.Hacıbəyli deməsinə görə, məhkəmədəki çıxışında vurğulayıb ki, qanuna əsasən, nazirlik prokurorluğun narazı olduğu məqalələrin saytdan çıxarılması ilə bağlı xəbərdarlıq məktubu göndərməli idi. Ancaq sayta xəbərdarlıq məktubu göndərilməyib.
Sayt rəhbəri vurğulayıb ki, bunun, eləcə də bir neçə məqaləyə görə bütövlükdə resursun bloklanmasının ifadə azadlığı hüququna zidd olduğunu ifadə edərək məhkəmədən iddianın təmin edilməsini istəyib.
Ancaq verilən məlumata görə, hakim Elçin Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası iddiaya baxılmasının mümkünsüz olmasına qərar verib.
M.Hacıbəyli qərarla razı olmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.
Xatırlatma
bastainfo.com saytı iki ay əvvəl bloklanıb.
İyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Orada bildirilib ki, bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər internet vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yayıblar.
Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına müraciətlərin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Saytlar ittihamları qəbul etmirlər. Terrorda ittiham edilən Y.Səfərovdan isə bu açıqlamaya münasibət almaq mümkün olmayıb.
Ötən il qanunvericiliyə dəyişiklikdən sonra Azərbaycanda ümumilikdə 10-dan çox sayta giriş məhdudlaşdırılıb.
Bütün xəbərləri izləyin
Türkiyə təyyarə qəzasının səbəbi barədə danışmağın hələ tez olduğunu deyir
Noyabrın 13-də Türkiyə Müdafiə Nazirliyi bildirib ki, bu həftə hərbi yük təyyarəsinin Gürcüstanda qəzasının səbəbi barədə danışmaq hələ tezdir, təhqiqat davam edir. Hadisə nəticəsində 20 hərbçi həlak olub.
Azərbaycandan Türkiyəyə uçan "C-130 Hercules" hərbi yük təyyarəsi noyabrın 11-də qəzaya uğrayıb. Bu, NATO üzvü Türkiyə ordusunun 2020-ci ildən bəri ən çox itki verdiyi qəza idi.
Müdafiə Nazirliyi Ankarada brifinqdə bildirib ki, təyyarə 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, bir ay öncə zəruri modernizasiya işlərindən, sonuncu texniki baxışdan keçib. Nazirlik təyyarənin son uçuşda sursat daşımadığını açıqlayıb.
Qurum onu da bildirib ki, Türkiyədə istismarda olan 18 ədəd C-130 təyyarəsinin bütün planlaşdırılmış uçuşları təhqiqat başa çatana qədər dayandırılıb. Qəzaya uğramış təyyarənin "qara qutu"sunun təhlili aparılır.
+++
Türkiyə Müdafiə Nazirliyi Azərbaycandan qayıdan "C-130 Hercules" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığını açıqlayıb. Nazirlik təyyarədə 20 hərbçinin olduğunu bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) qəzanın Azərbaycanla sərhəddən 5 km aralıda baş verdiyini bildirib.
"Azərbaycan ərazisindən havaya qalxaraq ölkəmizə qayıdan C-130 tipli hərbi yük təyyarəmiz Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayıb", – Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazirlik hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparıldığını əlavə edib.
Ali Məhkəmə Əziz Orucovu həbsinin tamamına günlər qalmış azad etmədi
Bu gün, noyabrın 13-də Ali Məhkəmə "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
25 sentyabr
Əziz Orucov azadlığa buraxılmadı. Azadlığa çıxmasına 2 ay qalır
Sentyabrın 25-də Suraxanı rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün müdafiə tərəfinin təqdim etdiyi müraciətə baxılıb.
Bu barədə Ə.Orucovun ailəsindən məlumat verilib.
Ailənin açıqlamasına görə, hakim prosesdə həbsxana rəhbərliyinin verdiyi müsbət rəyə və Ə.Orucovun müalicə müəssisəsində davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında onun vaxtından əvvəl azad olunmasını təmin etməyib.
Bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.
Ə.Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb.
Ə.Orucov 2023-cü il noyabrın 27-də icazəsiz evtikmə ittihamı ilə həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona əlavə valyuta qaçaqmalçılığı ittihamı da verilib. İstintaq yekunlaşarkən onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.
Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.
Xatırlatma
2023-cü ilin noyabrından Azərbaycanda "AbzasMedia", "Kanal 13", "ToplumTV", meclis.info, "MeydanTV" kimi çoxsaylı media orqanının 30 civarında əməkdaşı, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalistlər ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Bir çox hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 390-dan çox siyasi məhbus var. Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.
Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırır.
Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs almış şəxsin oğluna da 10 il verildi
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanova hökm oxunub.
Bu gün, noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə ona 10 il həbs cəzası kəsilib.
Bu barədə onun yaxınları məlumat verib.
Onu atasına hökm oxunmasından az sonra (martda) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib.
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham verilib.
O, ittihamla tam razılaşmır.
Xatırlatma
F.Mustafa 2023-cü il martın 28-də Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.
Bu hadisə beş nəfərin həbsinə yol açıb. İttihama görə, sui-qəsd planı İranda müzakirə olunub, bundan ötrü Bakıya 30 min dollar pul göndərilib.
Cinayətin təşkilində suçlanan A.Səricanova ömürlük, digər dörd nəfərdən birinə 4 il, qalan üçünə isə 18-20 il həbs cəzası verilib. Təqsirləndirilən şəxslər bu hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət etsələr də, sonuc dəyişməyib.
Onlar deputata atəş açdıqlarını təsdiqləyiblər, ancaq bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər deputatı öldürmək niyyətlərinin olmadığını, dini mövzuda səsləndirdiyi fikirlərə görə onu cəzalandırmaq qərarına gəldiklərini vurğulayıblar. Bu üzdən, F.Mustafanın həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissəsinə atəş açdıqlarını deyiblər.
Estetik mərkəzdə cərrahiyyə əməliyyatları ilə bağlı cinayət işi açılıb
Qanunsuz estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumatlar əsasında "UĞUR 777 estetik mərkəz" ilə bağlı araşdırma aparılıb və cinayət işi başlanıb.
Bu haqda Baş Prokurorluğun məlumatında deyilir.
Açıqlamaya görə, həmin mərkəzin qanunsuz fəaliyyət göstərməsi, orada ayrı-ayrı şəxslərin bədən nahiyələrində estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr yaranıb.
Vurğulandığına görə, araşdırmalar nəticəsində o da aşkarlanıb ki, özlərini həkim-kosmetoloq kimi təqdim edənlərin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə sertifikasiya şəhadətnaməsi yoxdur: "Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna göndərilib".
Rəsmi açıqlamaya sözügedən mərkəzdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son zamanlar Azərbaycanda plastik əməliyyat edən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomunun olmadığı iddia edilib. Səhiyyə Nazirliyi ötən ilin dekabrında bu müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradıldığını bildirib.
AXCP: Xətai şöbəsinin sədri 30 sutka həbs edilib
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin 30 sutka həbs edildiyi bildirilir.
Bu barədə noyabrın 12-i, axşam saatlarında AXCP-dən məlumat verilib. Amma partiyadan həbsin təfərrüatlarının hələ bilinmədiyi qeyd edilib. AXCP-dən bu "Konstitusiya günündə AXCP-yə hədiyyə" kimi dəyərləndirilib.
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.
Məsələni Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
AXCP-dən daha əvvəl bildirilmişdi ki, F.Nağıyev noyabrın 12-də səhər saatlarında evdən çıxıb, lakin sonradan onunla əlaqə qurmaq mümkün olmayıb: "Çox güman ki, Faiq bəy də, bir çox cəbhəçilər kimi, saxlanıb".
Bununla bağlı AXCP sədri Əli Kərimli də paylaşım etmişdi: "AXCP Xətai rayon şöbəsinin sədri Faiq Nağıyev bu gün məni öz maşını ilə Milli Şura iclasına aparacaqdı. Ancaq Faiq bəy gəlib çıxmadı. Dostlar araşdırdılar və məlum oldu ki, artıq bir neçə saatdır Faiq Nağıyevlə əlaqə saxlamaq mümkün deyil. Əvvəlki təcrübələri nəzərə alaraq Faiq bəyin də polis tərəfindən saxlanıldığını düşünürük".
Ə.Kərimli bir müddət öncə də demişdi ki, ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən 10 civarında şəxs bu il əsassız yerə həbs edilib.
Milli Şurada AXCP və daha bir neçə müxalif qüvvə yer alır. Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura 2013-cü ildə Azərbaycanda prezident seçkisi ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb. Sonradan onu bəzi müxalif qüvvələr tərk edib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var.
Prezidentin Naxçıvandakı nümayəndəsi dəyişdi
Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı bu gün, noyabrın 12-də sərəncam imzalayıb.
2022-ci ildən yaradılan bu vəzifəni indiyə qədər Fuad Nəcəfli tuturdu.
C.Cəlilov 2023-2024-cü illərdə Naxçıvan MR əmək və əhalinin sosial müdafiə naziri vəzifəsində işləyib, 2024-cü il aprelin 25-də isə Naxçıvan MR-in baş naziri vəzifəsinə təyin edilib.
3 il əvvəl...
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun üç il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb oldu. Həmin il dekabrın 22-də prezident Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.
Azərbaycan Konstitusiyası 30 yaşına çatdı
Azərbaycanın müxtəlif vaxtlarda çoxsaylı dəyişiklik və əlavələr edilən konstitusiyasının qəbul edilməsindən 30 il keçir.
Mövcud Azərbaycan Konstitusiyası 30 il əvvəl, 1995-ci il noyabrın 12-də qəbul olunub.
Müstəqil Azərbaycanın bu ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.
1995-ci ildən etibarən Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, habelə 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
2002-ci il...
2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edilib və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb. (Proporsional seçki sistemi - səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2002-ci ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, 25 deputat bu sistemlə seçilirdi)
2009-cu il...
2009-cu ildə bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bundan sonra prezident İlham Əliyev üçüncü, dördüncü və beşinci dəfə bu vəzifəyə yiyələnib.
2016-cı il...
Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Ölkədə vitse-prezidentlik statusu təsis edilib. Bundan bir il sonra - 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən İ.Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə gətirib.
Ümumilikdə hər üç referendumda ölkənin Əsas qanununa çoxsaylı dəyişiklik və əlavələr edilib.
2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, həmin vaxtdan artıq iş günüdür.
Naxçıvanda Duz Muzeyi ləğv edilib
Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində olan Duz Muzeyi ləğv edilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan MR Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli bildirib. Onun sözlərinə görə, 2023-cü ildə "Duzdağ" otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb: "Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanıb. Muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcək. Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların muzeyin fonduna verilməsi qərara alınıb".
Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il sentyabrın 12-də verdiyi sərəncamı ilə yaradılıb. 2018-ci ilin aprelində açılışı olmuşdu.
Duz istehsalı da dayandırılıb
Bundan əvvəl, oktyabrda Naxçıvan (MR) İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırmanın dayandırıldığı açıqlanmışdı. Nazirliyə istinadla yerli saytlarda yayılan məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkili məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.
Bundan sonra həmin müəssisədə çalışdıqlarını bildirən bəzi şəxslər işsiz qalmalarından şikayətlənmişdilər. Onlar iddia edirdilər ki, müəssisə əl dəyişir və bunun da ziyanını onlar çəkirlər.
Xalq Cəbhəsi üzvünün 4 gün sonra təcridxanada olduğu deyilir
AXCP Nərimanov rayon şöbəsinin noyabrın 6-dan haqqında hər hansı məlumat olmayan üzvü Vəlisan Həsənovun Daxili İşlər Nazirliyinin (DİN) Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlandığı bildirilir.
Bu barədə noyabrın 10-da AXCP-dən məlumat yayıblar. Partiyadan vurğulandığına görə, V.Həsənovun orada olduğunu polis etiraf edib: "Yaxınlarının onun üçün apardıqlarından yalnız bir neçə şey qəbul olunub. Vəlişan Həsənovun neçə sutkalığa həbsə salındığı haqqında polis məlumat verməkdən imtina edib".
Onun konkret nədə günahlandırıldığı da açıqlanmır.
AXCP-nin bu məlumatını DİN-dən dəqiqləşdirmək mümkün olmayıb.
7 noyabr
AXCP: Nizami rayon şöbəsinin sədr müavini 30 sutka alıb
Dünən, noyabrın 6-dan haqlarında hər hansı məlumat əldə edilmədiyi açıqlanan iki AXCP üzvündən birinin taleyinin bəlli olduğu bildirilir.
AXCP-dən verilən məlumata görə, Nizami rayon şöbəsinin sədr müavini Fərid Quliyevin 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi bəlli olub.
Amma onun nədə günahlandırıldığı açıqlanmayıb.
Bu məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AXCP-nin iki üzvündən xəbər yoxdur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) Nərimanov rayon şöbəsinin üzvü Vəlisan Həsənov və Nizami rayon şöbəsinin təşkilati işlər üzrə sədr müavini Fərid Quliyevlə əlaqə saxlamağın mümkün olmadığı bildirilir.
AXCP-dən onların saxlandığı ehtimal edilir. Hər iki şəxs son vaxtlar şəxsi avtomobilləri ilə AXCP sədrini tədbirlərə aparırmışlar.
AXCP-dən vurğulandığına görə, Əli Kərimliyə şəxsi avtomobilləri ilə ictimai əsaslarla sürücülük edən şəxslərdən biri cinayət məsuliyyətinə cəlb edildiyindən, digərinin isə maşınına həbs qoyulduğundan onu bəzi fəallar tədbirlərə aparıb-gətirməyi könüllü öz öhdələrinə götürüblər.
Ə.Kərimli də bir müddət öncə demişdi ki, ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən 10 civarında şəxs bu il əsassız yerə həbs edilib.
Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var.
Xanımı: 'Samir Aşurov deyir ki, ciyərləri ağrıyır, həkim yaxın durmur'
Almaniyadan Azərbaycana readmissiya olunduqdan (qaytarıldıqdan) sonra həbs edilən Samir Aşurovun səhhətinin pisləşdiyi və lazımı səviyyədə müalicə edilmədiyi bildirilir. Bu barədə noyabrın 9-da onun xanımı Nura Aşurova məlumat yayıb. Onun sözlərinə görə, S.Aşurov əvvəlcə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) yerləşdirilsə də, orada lazımı müalicə almadığını bildirib: ""Tubzon"dan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gündən bəri də heç bir baxış və ya müalicə edilməyib. İndi Samir Aşurov deyir ki, ona soyuq olub, ciyərləri ağrıyır, amma həkim heç yaxın durmur. Aylardır çalışırıq ki, Samir müəssisədəki tibb məntəqəsinə yerləşdirilsin, amma bütün cəhdlərimiz boşa çıxır...".
N.Aşurova əlavə edib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlasa da və müraciətinin qeydə alındığı bildirilsə də, sonradan zənglərinə cavab verilməyib.
Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb
2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S.Aşurov 20 gün sonra saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib. Aşurov əvvəlcə Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbsdə saxlanıb. Bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb. 2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri S.Aşurovu siyasi məhbus kimi tanıyıblar. O, ittihamı qurama sayır.
Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına daxil edilənlər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Xatırlatma
Son üç il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Həbsdə Afiəddin Məmmədova qadağa qoyulduğu deyilir
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sədri Afiəddin Məmmədovun telefonla danışmaq hüququna qadağa qoyulduğu bildirilir.
Bu barədə onun yaxınları məlumat yayıb.
Yaxınlarının vurğulamasına görə, buna səbəb kimi onun sonuncu müsahibəsi göstərilib. Aldıqları məlumata görə, digər məhbusları A.Məmmədova qarşı mübahisəyə təhrik edirlər.
Bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, oxşar şikayətlərlə bağlı deyirlər ki, onlar həbsdə olan şəxslərlə yalnız qanun çərçivəsində davranırlar.
Ötən həftə "MeydanTV işi" üzrə həbsdə olan jurnalist Ülviyyə Əli A.Məmmədovdan müsahibə almış və həmin müsahibə bəzi saytlarda yayılmışdı. Müsahibəsində A.Məmmədov deyirdi ki, siyasi məhbusların vəziyyəti bərbad gündədir. (qaçaqmalçılıqda ittiham edilən Ü.Əli ittihamı qurama və siyasi sayır. Həmin iş üzrə 10 civarında jurnalist eyni ittihamla tutulub. Onlar da ittihamı qəbul etmirlər)
Məhkumların telefon danışıqları onlara təyin edilən cəzanın növünə görə fərqləndirilir. Müəyyən müddətə həbs edilmiş şəxslər həftədə iki dəfə, ömürlük cəza alanlar isə həftədə bir dəfə 15 dəqiqə telefonla danışmaq hüququna malikdirlər.
Yerli-hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması haqda deyilənləri qəbul etmirlər. Onlar bildirirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Xatırlatma
A.Məmmədov bu il yanvarın 14-də 8 il azadlıqdan məhrum edilib. O, 2023-cü il sentyabrın 20-də tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. O, ittihamı qurama, siyasi sayır.
A.Məmmədov 2022-ci ildə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasını yaradıb, onlar işçilərin problemlərini işıqlandırıblar. Az sonra həm A.Məmmədov, həm də "İşçi Masası"nın bir neçə üzvü həbs olunub. Rəsmi ittihamlar xuliqanlıq, narkotik və s. olub. Məhkəmə bu ittihamları təsdiqləyib onları azadlıqdan məhrum etsə də, onlar sırf işçilərin, əmək haqları pozulan vətəndaşların səslərini ictimailəşdirdikləri üçün həbs olunduqlarını deyirlər.
Bakıda hərbi parad keçirilib
Noyabrın 8-də Bakının Azadlıq meydanında hərbi parad keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.
Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət himnləri səslənib. Parada habelə Azərbaycan hərbçiləri ilə yanaşı, Türkiyə və Pakistan hərbçiləri də qatılıblar.
Sonra hər üç liderin çıxışları dinlənib.
Türkiyə prezidenti bildirib ki, Cənubi Qafqazda sülhün hakim olması Asiyadan Avropaya bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindədir: "Xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülhün əldə ediləcəyinə son dərəcə ümidliyik".
Azərbaycan hər il noyabrın 8-ni, İkinci Qarabağ müharibəsinin başa çatdığı günü- Zəfər günü kimi qeyd edir.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə (İkinci Qarabağ müharibəsi) və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.
Həmin sənədlə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını təsdiq edirlər və qarşılıqlı iddiaların dayandırılması zəruri sayılıb. Həmçinin, Vaşinqtonda Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə razılaşma əldə olunub. Bu yol ABŞ şirkətinin nəzarətinə verilməlidir.
SOCAR Çin şirkəti ilə çərçivə sazişi imzalayıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının "Sinopec Engineering" şirkətinin prezidenti Çjan Sinmin ilə görüşüb.
Bu barədə noyabrın 7-də SOCAR məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Habelə bildirildiyinə görə, söhbət zamanı neftin, qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Amma sazişin detalları açıqlanmır.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Bu il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Yaşı 7 ildən çox olan avtomobillərə aksiz vergisi artırılır
2026-cı ildən Azərbaycana gətirilən istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz vergisi artırıla bilər. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana gətirilən minik avtomobillərinin istehsal tarixi 7 ildən çox olduqda mühərrikin həcminə görə hesablanmış aksiz məbləği 1.5 (benzin) və 2 (dizel) əmsalına vurulacaq. Hazırda bu əmsal, müvafiq olaraq, 1.2 və 1.5-ə bərabərdir.
Rəsmilər bu addımı ölkəyə daha çox yeni avtomobillərin gətirilməsinə təkan verilməsi kimi izah edirlər. Sosial şəbəkələrdə bunu dəyərləndirən ayrı-ayrı vətəndaşlar isə vurğulayırlar ki, ölkəyə neft pullarının gəlişi azaldıqca, hökumət vergiləri, aksiz dərəcələrini artırmaq yolunu tutub.
Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda hər kubsantimetrinə görə 0.30 manat, 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat hesablanır.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 min 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, 5000 kubsantimetrdən çox olduqda 53 min 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün isə hər kubsantimetrə görə 70 manat müəyyən edilir.
Xatırlatma
Gələn ilin büdcəsində müxtəlif sahələr üzrə vergilərin artacağı gözlənilir. Layihədə 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43.8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8.5 faiz çoxdur.
Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır
Prezident İlham Əliyev noyabrın 6-da Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın bu qurumdakı daimi nümayəndələrinin müavinləri daxildir.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəsi ilə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xatırlatma
Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib. 2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Müxalifət bunu hökumətin islahatlara hazır olmaması və Rusiya ilə yaxınlıq kimi izah edir.