Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:26

Qərb mediası: ‘Pashinian-a ümid böyük idi...’


 Nikol Pashinian
Nikol Pashinian

Bəzən bir ölkənin siyasi liderlərinin həbs, yaxud təqib göstərişi verməsini sübut etmək çətin olur. Amma artıq Ermənistanda buna dəlil var, iki baş rəsmi arasında telefon söhbəti ictimaiyyətə sızdırılıb. “New Europe” portalında Michael Burrell Ermənistanda ortaya çıxmış son qalmaqalı bu ölkənin “Watergate” hadisəsi adlandırır, Qərbin hərəkətə keçmək zamanının çatdığını qeyd edir.

YouTube-da yayılmış səs yazılarında rəsmilər yeni baş nazir Nikol Pashinian-dan siyasi opponentlərini həbs etmək, məhkum etmək göstərişi almalarını müzakirə edirlər.

***Buna da bax: Ermənistanda qalmaqal: Milli təhlükəsizlik nazirinin telefon söhbəti yayıldı

ÜMİDLƏR...

Müəllif baş verənləri sarsıdıcı sayır, çünki Pashinian mayda hakimiyyətə gələndə böyük inam varıydı ki, ölkəni daha ümidverici yola salacaq bir liderə çevriləcək, elə bir lider olacaq ki, Qərb onunla işləyə biləcək.

Pashinian bu həftə Fransa prezidenti Emmanuelle Macron-la görüşəcək.

Macron yayılmış səs yazılarından istifadə edərək Ermənistanda məhkəmə sisteminin müstəqilliyi sarıdan narahatlıq dilə gətirməli, baş nazirin keçmiş siyasi opponentlərinə qarşı məhkəmə təqibində roluna dair suallar soruşmalıdır. O, Pashinian-ın yadına sala bilər ki, Ermənistan Avropa Şurasının üzvüdür və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır”, – məqalədə deyilir.

Robert Kocharian
Robert Kocharian

Chatham House beyin mərkəzindən Laurence Broers-in fikrincə, Ermənistanda məhkəmənin keçmiş prezident Robert Kocharian-ı “etibarlı hüquqi proses”lə təmin edəcəyi şübhə altındadır. Təhlilçi xəbərdarlıq edir ki, ali standartlara əməl olunmazsa, proses daha çox “qalibin ədaləti”nin təəssüratını yaratmış olar, nəinki cəmiyyətin öz keçmiş ilə hesablaşmasının.

“Human Rights Watch” insan haqları təşkilatı da oxşar narahatlıq səsləndirib, deyib ki, Ermənistanda prokurorlar və hakimlər “ittihamların sağlam dəlilə əsaslanmasını, aşırı olmamasını, digərlərini susdurmaq, hakimiyyətin mesajları ilə razılaşmadığı adamlarla hesablaşmaq niyyəti güdməməsini təmin etməlidir”.

DEMOKRATİKLƏŞMƏNİN İLKİN ŞƏRTİ

“The Washington Times” qəzetində Stephen Blank isə “Ermənistanda demokratiyanın irəliləməsi” başlıqlı məqaləsində Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının Pashinian-ın demokratiya kampaniyasına yaratdığı risklərdən söz açır:

Ermənistan Azərbaycan torpaqlarında qaldıqca sülhə nail olmayacaq. Əvəzində, Moskvadan aşırı asılılığını dərinləşdirəcək… Moskva artıq ‘səmimi və ciddi danşıqlar’ın anonsunu verir, yəni demək istəyir ki, Pashinian-ın demokratikləşməyə yönəlik addımları onunla danışıqları çətinləşdirir”.

Sadəcə, Azərbaycanla sülh Ermənistanda demokratikləşmənin ilkin şərtidir. Müharibə Rusiya önündə çoxsaylı imkanlar açır, Moskva Yerevanı zorla özünə tabe etdirə, yaxud Pashinian-ın özünə olmasa da, islahatlarına zərbə vurmaq üçün qətiyyətli addım ata bilər. Ermənistanın demokratikləşməsinin və Qərbin güclü dəstəyi ilə irəli getməsinin yeganə təminatı sülhdür”, – müəllif yazır.

XS
SM
MD
LG