Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 04:06

Rial ucuzlaşır, uşaq bezləri qıtlaşır


Rial ötən gün rekord həddə ucuzlaşıb
Rial ötən gün rekord həddə ucuzlaşıb

Ötən gün – sentyabrın 5-də İran rialı yenidən rekord həddə düşüb. Cəmi dörd ay öncə Birləşmiş Ştatlar 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndən sonra rial dəyərini itirməkdədir.

“The Associated Press” agentliyi yazır ki, valyuta xaosunu Tehranın hər yerində görmək mümkündür – narahat sakinlər valyutadəyişmə məntəqələrinin qarşısında növbəyə durub, səyahət agentləri təklifləri yalnız xarici valyuta ilə verir, piştaxtalardan uşaq bezləri yoxa çıxır.

Tehranın mərkəzində bir çox valyutadəyişmə məntəqələri elektron məzənnə lövhələrini söndürür, bəzi iranlılar isə tinlərdəki pul alverçilərinə üz tutur. Açıq qalan valyutadəyişmə məntəqələri bir ABŞ dollarını 150 min riala təklif edir.

UŞAQ BEZLƏRİ QITLAŞIR

“Hamı əsəbidir”, – dollar axtaran 40 yaşlı Mostafa Shahriar deyir.

Ancaq dövlət mediası milli valyutanın son ucuzlaşması barədə hələlik yazmayıb.

Rial ucuzlaşdıqca qiymətlər bahalanır
Rial ucuzlaşdıqca qiymətlər bahalanır

İran iqtisadiyyatı indiyədək çox problemli dönəmlərdən keçib. 1970-ci illərdə şah orduya aşırı vəsait ayıranda, 1979-cu il İslam İnqilabından və ABŞ səfirliyi tutulandan sonra Qərb sanksiyalar tətbiq edəndə bənzər durum yaranıb. Neft qiymətindəki dəyişiklik də öz sözünü deyib.

Ancaq agentlik indi durumun başqa olduğunu yazır. Milli valyuta Birləşmiş Ştatların keçmiş prezidenti Barack Obama administrasiyası dövründə nüvə sazişi imzalanınca yaranmış ümidlərlə birlikdə yıxılır.

Prezident Donald Trump mayda nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqladı.

Ali dini lider Ayətulla Ali Khamenei ötən həftəsonu Amerikanın addımlarını “sabotaj” adlandırıb və bez qıtlığına da toxunub. Bezlərin hazırlandığı materialın 70 faizi idxal olunur. Rial ucuzlaşdıqca xaricdən alınan material da bahalanır.

Tehranın mərkəzi
Tehranın mərkəzi

“Təsəvvür edin, Tehranda və digər böyük şəhərlərdə uşaq bezləri qıtlaşıb. Bu baş verir, realdır. Uşaq bezləri! Bu, adamları qəzəbləndirir. Digər tərəfdən, düşmən istəyir ki, adamları hökumətdən, sistemdən narazı olsunlar. Bu, onların üsullarından biridir”, – Khamenei-nin rəsmi saytında yerləşdirilmiş çıxışının mətnində oxuyuruq.

HÖKUMƏT BAZARA VALYUTA BURAXIB

“Reuters” agentliyinin yazmasına görə, rial sentyabrın 5-də axşama doğru nisbətən möhkəmlənib, bir dollar 140 min riala bərabərləşib.

Agentlik yazır ki, son möhkəmlənmənin hökumətin bazara xarici valyuta buraxmasıyla bağlı olub-olmaması bəlli deyil. Baxmayaraq ki, Mərkəzi Bank rəhbəri Abdolnaser Hemmati şənbə günü xəbərdarlıq edirdi ki, bu məqsədlə xarici valyutadan istifadə məhdudaşdırılacaq.

ABŞ sanksiyalarının İrandan neft ixracını hədəfləyən ikinci raundunun noyabrın əvvəlində qüvvəyə minəcəyi gözlənir.

Prezident Hassan Rohani hökumətindən narazılıq artıb. Ötən həftə deputatlar iqtisadi məsələlər və maliyyə nazirlərini işdən çıxarıb.

İranda etirazlar hələ ötən dekabrdan başlanıb. 80-dən çox şəhərdə iğtişaşlarda 25 nəfərin öldüyü bildirilirdi.

O vaxtdan yük maşını sürücüləri, fermerlər, tacirlər arasında təkəmseyrək etirazlar davam edir.

XS
SM
MD
LG