Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

İ.Əliyev: 'Azərbaycanın qaz ehtiyatları çox böyükdür'


K.Qrabar-Kitaroviç və İ.Əliyev

«Azərbaycan və Xorvatiya əsl dostlardır...».

Sentyabrın 6-da sənədlərin imzalanmasından sonra Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatında belə deyib. Bu haqda Azərbaycan prezidentinin rəsmi internet səhifəsi xəbər verir.

O, vurğulayıb ki, ölkəsi Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndirir. Müdafiə sahəsində əməkdaşlığa önəm verdiklərini deyən Xorvatiya prezidenti qeyd edib ki, müzakirələr zamanı iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub:

«...Bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər».

Xorvatiya prezidenti gəmiqayırma, kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid etdiyini söyləyib. O, Azərbaycana səfir təyin edəcəyini də vurğulayıb.

«Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır», - bunu isə çıxışının əvvəlində Azərbaycan prezidenti İlham Əliyev söyləyib. O deyib ki, Azərbaycan Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyir.

«Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilər. Hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər», - İ.Əliyev deyib.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin icrasından danışan prezident əlavə edib ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir: «Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, biz qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik».

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini söyləyən İ.Əliyev deyib ki, bu qurumla yeni saziş üzərində işləyirlər.

«..Həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq», - İ.Əliyev bildirib.

Azərbaycan-Xorvatiya sənədləri imzalanıb

Bu gün, sentyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC-ın xəbərinə görə, iki ölkənin mədəniyyət nazirlikləri arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair proqram qəbul edilib. Proqramı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya mədəniyyət naziri Nina Obulen-Korjinek imzalayıblar.

Habelə, kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu qəbul edilib. Bu sənədə isə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi Mariya Vuçkoviç imza atıblar.

Azərbaycan və Xorvatiya prezidentləri görüşüb

Sentyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. İ.Əliyevin Xorvatiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İ.Əliyev dünən, sentyabrın 5-də Xorvatiyaya gedib.

Multimedia

XS
SM
MD
LG