Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Google Rusiyada seçkilərə ‘qarışmasın’


Aleksei Navalny (soldan birinci) və prezidentliyə namizəd olmuş Ksenia Sobchak (sağdan birinci) "Navalny Live" YouTube şousunda, 18 mart, 2018-ci il
Aleksei Navalny (soldan birinci) və prezidentliyə namizəd olmuş Ksenia Sobchak (sağdan birinci) "Navalny Live" YouTube şousunda, 18 mart, 2018-ci il

Rusiya rəsmiləri ABŞ-ın Google internet nəhənginə xəbərdarlıq ediblər ki, bu həftəsonuna təyin olunmuş yerli seçkilərə “qarışmasın”. Onlar müdaxiləni Kremlin tənqidçisi Aleksei Navalny-nin kütləvi etirazlara çağıran videoları YouTube kanalına yerləşdirməsində görürlər.

Rusiya seçki komissiyasının, Baş Prokurorluğun, internetə nəzarət edən dövlət qurumunun təmsilçiləri Google ilə bağlı narahatlıqlarını sentyabrın 4-də Rusiya parlamentinin yuxarı palatasında – Federasiya Şurasında səsləndiriblər. YouTube-nun sahibi Google-dur.

Rəsmilərin iddiasına görə, Navalny YouTube vasitəsilə Rusiyada “qanunsuz” sayılan informasiya yayır. Onlar bu hal dayandırılmazsa, Google-nun ittiham olunacağı barədə xəbərdarlıq ediblər.

“KAMPANİYA APARMAQ QADAĞANDIR”

Navalny YouTube kanalında rusiyalıları sentyabrın 9-da pensiya islahatlarına etiraz etməyə çağırıb. Həmin gün Rusiyanın bir sıra regionlarında və Moskvada regional və yerli rəsmilər seçiləcək.

Mərkəzi Seçki Komissiyasının üzvü Aleksandr Klyukin deyib ki, Google-nun təsisçi şirkəti Alphabet-in rəhbəri Larry Page-ə Navalny-nin YouTube-dan istifadəsinə dair rəsmi məktub göndərilib.

Aleksandr Klyukin (solda) və komissiya sədri Ella Pamfilova
Aleksandr Klyukin (solda) və komissiya sədri Ella Pamfilova

“Google-na məlumat verdik ki, seçki günü belə tədbirlər qanunun kütləvi şəkildə pozulmasına aparar”, çünki seçki günü siyasi kampaniya aparmaq qadağandır, o deyib.

“Xarici şirkətin seçkimizə müdaxiləsinə icazə verilmir”, – komissiya üzvü sözlərinə əlavə edib.

Klyukin-in fikrincə, ABŞ hökuməti Google-dan seçkiyə müdaxilə üçün alət kimi istifadə edir, baxmayaraq ki, bu şirkətin sahibi hökumət deyil.

Rusiya rəsmilərinin Google şirkətinə bu xəbərdarlığı Birləşmiş Ştatların Rusiya hökuməti üzərinə sanksiya qoyduğu bir dönəmə təsadüf edir. Sanksiyalar ABŞ-da seçkiyə “müdaxilə” iddiaları ilə əlaqədar qoyulub.

Google-un sözçüsü isə “müdaxilə” ittihamlarını şərh etməyib, şirkətin “hökumət qurumlarından bütün xahişlərin nəzərdən keçirildiyini” qeyd edib.

“XƏBƏRDAR ETMƏYİN YEGANƏ YOLU”

Navalny-nin həmkarı Leonid Volkov-un deməsinə görə, planlaşdırılan etiraz aksiyası seçki qanunlarını pozmayacaq, çünki konkret bir namizədə qarşı kampaniya aparmaq məqsədi daşımır.

Leonid Volkov
Leonid Volkov

“YouTube kütləni xəbərdar etməyin yeganə yoludur. Rusiya hökumətinin bütün səviyyələrinə göstəriş verilib ki, etirazı gərəkən bütün yollarla əngəlləsinlər”, – Volkov Facebook-da yazıb.

Rusiyanın internetə nəzarət edən Roskomnadzor dövlət qurumunun sədr müavini Vadim Subbotin iddia edib ki, YouTube “Rusiyada seçkilər zamanı antisosial davranışın təbliğatı zəncirində əlaqələndirici kimi çıxış edir”.

Onun sözlərinə görə, 40-dan artıq YouTube kanalı “Rusiya qanununu pozmağa daimi çağırış edirlər”.

Subbotin deyib ki, Google rəsmi şikayətlərə cavab verməsə, bu, “Rusiyanın daxili işlərinə de-fakto birbaşa müdaxilə” sayılacaq.

Baş Prokurorluqdan Aleksei Zhafyarov-un sözlərinə görə, Rusiya seçki qanununu pozmağın “qəbuledilməzliyi” barədə Google-na rəsmi xəbərdarlıq edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG