Nikol Pashinian Rusiya prezidentinin Ermənistanın ikinci prezidenti Robert Kocharian-ı ad günü münasibətilə təbrik etməsində siyasi çalar görmür. Ermənistanın baş naziri bunu “şəxsi münasibətlər məsələsi” hesab edir.
Rusiya prezidenti Vladimir Putinin təbrik mesajı onun rəsmi saytında dərc olunub, həmçinin federal televiziyalar vasitəsilə yayılıb. Ermənistanda siyasi dairələr bunu Putinin rəsmi Yerevana mesajı sayıblar. Axı, Kocharian-a qarşı 2008-ci ilin mart hadisələri ilə əlaqədar cinayət işi açılıb.
Baş nazir Pashinian isə deyir ki, Rusiya prezidentini tanıya bilib, o, insani münasibətləri yüksək dəyərləndirir, müxtəlif ölkələrin indiki və keçmiş rəhbərləri ilə əlaqələr saxlayır.
“Bu yaxınlarda, Avropa İttifaqı ilə yetərincə problemli münasibətlərə baxmayaraq, o, avstriyalı nazirin nikah mərasiminə qatıldı. Bu onu göstərir ki, insani münasibətlər ondan ötrü xüsusi əhəmiyyət daşıyır”, – Pashinian deyib.
Putinin son 10 ildə Kocharian-ı açıq şəkildə təbrik etməməsiylə bağlı suala gəlincə, baş nazir bu statistikanı diqqətlə izləmədiyini bildirib.
PREZİDENT VƏZİFƏSİNDƏ QALACAQ
Pashinian bu şənbə – sentyabrın 8-də Putinlə görüşəcək. Detallara varmayan baş nazir görüşdə Ermənistan-Rusiya münasibətlərinin müzakirə olunacağını vurğulayıb.
Rusiya xarici işlər nazirinin Ermənistandakı durumun qaynamaqda davam etməsilə bağlı dediklərinə gəlincə, Pashinian zarafatla “bu gün çox isti oldu” deyib.
Baş nazir Kocharian-ın növbədənkənar parlament seçkilərinə qatılmaqla bağlı qərarına siyasi qiymət verməyib. “Ermənistan Respublikasının qanununa uyğun olaraq, parlament seçkisi keçirildiyi vaxtda onda iştirak etmək imkanı və belə bir arzusu olanlar iştirak edəcəklər”, – o deyib.
Baş nazir prezident Armen Sarkisian-ı istefaya göndərmək niyyətinə dair mediada yazılanları qətiyyətlə rədd edib. O, Serzh Sarkisian-ın vaxtında prezident postuna gəlib. Media yazıb ki, Sarkisian Britaniya vətəndaşlığından çıxmaqla bağlı ərizə verməyib. Ancaq inqilab günlərində Pashinian deyirdi ki, Armen Sarkisian ona belə bir sənəd göstərib. Medianın iddiasına görə, Pashinian-ın prezidentliə namizədi ölkənin ilk prezidenti Levon Ter Petrossian-dır.
“Gəlin, absurd şeylər danışmayaq. Ermənistan Respublikasının prezidenti Nikol Pashinian bu ilin martında seçilib və hələ 7 il bu vəzifədə qalmalıdır”, – Pashinian deyib.
Pashinian bu ilin mayında, küçə etirazları nəticəsində hakimiyyətə gəlib. 10 il prezident kürsüsündə əyləşmiş Serzh Sarkisian baş nazir postunda cəmi bir həftə qala bilib, istefaya məcbur olub.