Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:35

'Abutalıbovun səhvlərinə görə...'-Media icmalı


Bakıda böyük sökhasök başlandı
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Bakıda böyük sökhasök başlandı

«Antidollar koalisiyası», Mərkəzi Bankın ehtiyatlarının azalması, Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda bəzi tikliləri sökməyə başlaması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bakının keçmiş və indiki rəhbərliyi...

Modern.az saytında «Deputatdan narazılıq: Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini (BŞİH) Eldar Əzizovun göstərişi ilə paytaxtda qanunsuz tikililərin söküntüsünə başlanıb.

Deputat Tahir Kərimli şəhər rəhbərliyinin bu addımını ümumən təqdir etsə də, burada maraqlı məqamlar olduğunu da vurğulayır: «Birincisi, qanunsuz olsa belə, vətəndaş bunu özbaşına tikməyib və hər şey icra hakimiyyətinin gözü qarşısında olub. İndi qanunsuz sayılan sənədlərə həmin vaxt müvafiq icra hakimiyyət orqanlarından ya rəsmi, ya da qeyri-rəsmi razılıq alınıb».

T.Kərimli deyib ki, insanlar bu razılıq əsasında fəaliyyət göstərib, orada əldə etdikləri gəlirlə ailələrini dolandırıblar və onları bu mənbədən məhrum etmək düzgün deyil.

Deputat hesab edir ki, bu məsələ səbirlə, hətta insanlara kompensasiyalar ödənilməklə icra edilməlidir: «Bu məsələlərə keçmiş başçı Hacıbala Abutalıbov, yaxud onun əməkdaşları yol veribsə və indi yeni rəhbərlik buna icazə vermirsə, niyə əziyyəti vətəndaş çəkməlidir? Niyə həmişə təqsir vətəndaşda olmalıdır? Ən azı, rəsmi də olmasa, qeyri-rəsmi icazə verilib. Lap, tutalım, vətəndaş qanunsuzluğa yol verib, İcra Hakimiyyətinin borcu, vəzifəsi idi ki, onun qarşısını vaxtında alsın, nəinki hansısa sövdələşməyə getsin».

Deputat vurğulayıb ki, 100-lərlə insanın taleyi ilə bağlı bir anın içində qərar vermək, problemdən doğan nəticələrin təkcə vətəndaşa yüklənməsi doğru deyil.

Mərkəzi Bank
Mərkəzi Bank

Mərkəzi Bankın ehtiyatları yenidən azalır

«Novoye Vremya» qəzetində «Tənzimləyici aktivlərini itirir» sərlövhəli yazı oxumaq olar.

Müəllif iddia edir ki, Mərkəzi Bankın (MB) fəaliyyəti səmərəsizdir: «Bu günlərdə bu ehtimal özünü bir daha doğruldub. Bu il sentyabrın 1-nə MB-ın valyuta ehtiyatları 5503.5 milyon dollar olub. Bu isə avqustun 1-nə olan göstəricilərlə müqayisədə 43.4 milyon dollar və ya 0.8 azalma deməkdir... MB-ın valyuta ehtiyatları yenə də azalmağa başlayıb».

Müəllif bir ay ərzində valyuta ehtiyatlarının 43 milyon dollar azalmasının səbəblərinin ortaya qoyulmasını vacib sayır: «Ölkəyə turist axını olduğu, neftin qiymətinin sabit qaldığı şəraitdə bu qədər maliyyə geriləməsi ancaq tənzimləyicinin səmərəsiz siyasəti nəticəsində mümkün ola bilər».

Müəllifin fikrincə, bu məqam başqa bankların vəziyyətini də göz önünə gətirməyə əsas verir: «Təbii ki, tezliklə iflas gözləyən bank təşkilatlarının sayı artacaq, bank sektorunun sağlamlaşdırılması tezliklə baş verməyəcək. Belə bir şəraitdə MB-ın inflyasiyanı, əvvəlcədən elan etdiyi kimi, 6-8 faiz həddində necə saxlayacağı aydın deyil».

Üstəlik, müəllif Azərbaycan rəsmilərinin manatın 2020-ci ildə tam üzən məzənnəyə keçəcəyi haqda bəyanatlarına da şübhə ilə yanaşır. Yazıda xatırlanıb ki, rəsmilər hələ bir neçə il öncə 2017-ci ildən tam üzən məzənnəyə keçiləcəyini bəyan etmişdilər. Müəllifin fikrincə, indi isə yalnız tənzimlənən üzən məzənnə rejimi mövcuddur. Yazıda hesab edilir ki, bu, MB-ın maliyyə və bank sektorunu sabitləşdirmək qabiliyyətinin olmamasının göstəricisidir.

Dollar
Dollar

«Dollarla mübarizə»

Rəsmi «Azərbaycan» qəzetində «Dolların dünyada hökmranlığına son qoyula bilər» sərlövhəli yazı dərc edilib.

Deputat-müəllif Tahir Mirkişili yazıb ki, hazırda ABŞ-ın qlobal üstünlüyü təkcə hərbi gücü və müttəfiqlər sistemi ilə yox, həm də dolların geniş miqyasda dünyada ehtiyat valyuta kimi qəbul edilməsi sayəsində mümkün olub.

Yazıda deyilir ki, son illər ABŞ hökumətinin dolların dünyadakı mövqeyindən siyasi məqsədlərdən ötrü istifadə etməsi bir çox ölkələri ciddi seçim qarşısında qoyub.

Deputatın yazmasına görə, artıq iqtisadçılar arasında belə bir fikir formalaşır ki, yaxın illərdə ABŞ dolları dünyadakı hökmranlığının zəiflədilməsinə yönələn hücumlarla qarşılaşacaq: «Bu mübarizədə əsas döyüş meydanlarından biri enerji bazarı olacaq. Məhz bu bazarda oyun qaydalarının dəyişməsi ABŞ-ın iqtisadi üstünlüyünün gələcək taleyini həll edəcəkdir. Əslində, tarixən ABŞ dollarının hökmranlığı da, əsasən, Səudiyyə Ərəbistanının nefti məhz dollar ilə satmasından sonra başlayıb».

Müəllifə görə, son bir neçə ayda baş verənlər belə bir təəssürat yaradır ki, ABŞ sanksiyalardan daha çox siyasi və iqtisadi maraqlarını təmin etməkdən ötrü istifadə edir: «ABŞ-ın bütün dünya ilə mübarizə aparmaq cəhdləri ona müqavimət göstərən ölkələrdəki hökumətlər və onları dəstəkləyən çoxsaylı vətəndaşlardan ibarət kritik bir kütlə yaratmaqdadır».

Yazıda bildirilir ki, ABŞ dollarının dünyada hökmranlığına son qoymaq məqsədlərini elan etmiş ölkələr ilə Azərbaycan eyni regionda yerləşir: «Rusiya, Türkiyə, İran, Çin kimi ölkələrlə ticarət əməkdaşlığını inkişaf etdirən Azərbaycan iqtisadiyyatı üçün dayanıqlı maliyyə sisteminə malik olmaq xeyli əhəmiyyətlidir...».

Müəllif hesab edir ki, qlobal maliyyə sistemində sürətli dəyişikliklərin baş verdiyi bir şəraitdə dərin və hərtərəfli islahatlar aparan Azərbaycan həm də ikitərəfli iqtisadi münasibətlərdə yeni paradiqmalar ilə üzləşməkdədir.

XS
SM
MD
LG