Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:12

Keçmiş icra başçısının həbs müddəti uzadılıb


S.Rüstəmli

Nəsimi Rayon Məhkəməsinin Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlinin həbs müddətini artırdığı bildirilir.

Bu haqda Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Məlumata görə, istintaq qurumu keçmiş icra başçısı barəsində həbs-qətimkan tədbirinin müddətinin artırılmasından ötrü məhkəməyə təqdimat verib.

AXCP-dən verilən məlumata görə, təqdimata sentyabrın 3-də hakim Babək Pənahovun sədrlik etdiyi məhkəmə kollegiyası baxıb. Məhkəmə heyəti Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin təqdimatını, iş üzrə prokurorun vəsatətini təmin edib. S.Rüstəmlinin həbs müddəti dekabrın 18-nə kimi artırılıb.

AXCP-dən deyiblər ki, keçmiş icra başçısının müdafiə tərəfi qərarı qanunsuz sayır, apellyasiya şikayəti veriləcək.

Xatırlatma

S.Rüstəmli mayın 8-də Gədəbəy rayonundan Bakıya qayıdarkən Şəmkir postunda saxlanıb. Sonradan onun qardaşı oğlu V.Rüstəmovun da həbs xəbəri yayılıb. Yaxınları S.Rüstəmlinin əvvəlcə narkotikdə ittiham edildiyini açıqlamışdılar. Ancaq bir müddət nə yaxınları, nə də vəkilləri onunla görüşə bilmişdilər.

Mayın 26-da isə Baş Prokurorluq S.Rüstəmli ilə bağlı Daxili İşlər Nazirliyi ilə birgə açıqlama yayıb. Həmin açıqlamaya görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Rəsmi məlumatda S.Rüstəmli ilə yanaşı, bu işlə bağlı daha 3 cəbhəçinin də həbs edildiyi bildirilirdi. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları iddia olunur. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin onlara növbəti təzyiq dalğası olduğunu bildirib.

Həbs edilən AXCP üzvləri də ittihamları qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG