Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 08:34

İlham Əliyev Qırğızıstana gedib


İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək məqsədi ilə dünən, sentyabrın 2-də Qırğızıstana səfər edib.

Dövlət başçılarının qatıldığı sammit bu gün, sentyabrın 3-də başlayır.

AZƏRTAC-ın xəbərinə görə, sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan prezidenti İ.Əliyevin Qırğızıstan prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

Bundan əvvəl, sentyabrın 2-də isə Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Qırğızıstan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri iştirak edib. Toplantıya habelə, Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov da qatılıblar. İlk dəfə olaraq Şuranın iclasında fəxri qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iştirak edib. İclas Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib. Şuranın iclasında sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində müzakirə ediləcək məsələlərə baxılıb.

Tədbirdə Şuraya daxil olan ölkələr arasında ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi və Türk Şurasının gələcək inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Türk Akademiyasını, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb.

İclasda həmçinin, Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi ilə bağlı qərar da qəbul edilib.

Xatırlatma

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzv ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır.

Təşkilat 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Təşkilatın Almatı, Bişkek, Qəbələ, Bodrum və Astanada beş zirvə görüşü keçirilib.

XS
SM
MD
LG