Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:05

Suriya İdlibə hücum edəcəyini təsdiqləyib


Rusiyanın xarici işlər naziri Sergei Lavrov (arxada) və onun suriyalı həmkarı Walid al-Moualem Moskvada görüşüblər
Rusiyanın xarici işlər naziri Sergei Lavrov (arxada) və onun suriyalı həmkarı Walid al-Moualem Moskvada görüşüblər

Suriya İdlib qəzasındakı qiyamçılara qarşı tammiqyaslı hücuma hazırlaşdığını təsdiq edib.

Moskvada özünün rusiyalı həmkarı ilə görüşdən sonra Suriyanın xarici işlər naziri Walid al-Moualem avqustun 30-da deyib ki, onun ölkəsi “nəyin bahasına olursa olsun” İdlib üzərinə hücum edəcək və onun “əsas hədəfi” əl-Qaedaya bağlı ən-Nüsra Cəbhəsi olacaq.

Cəbhət ən-Nüsra və ən-Nüsra Cəbhəsi silahlı qruplaşmasının əl-Qaedanın Suriya qolu olduğu söylənir. Təşkilat 2016-cı ildə əl-Qaedanın filialı kimi tanınmaq istəmədyinə görə adını dəyişərək Fateh əş-Şəm Cəbhəsi (Şamın fatehləri cəbhəsi) olub.

Bu arada BMT və ABŞ sıx əhaliyə malik belə bir yerə hücumun dinc adamların qırğınına səbəb ola biləcəyindən narahatlıq ifadə edirlər.

BMT-nin baş katibi Antonio Guterres avqustun 29-da Rusiya, İran və Suriya hökumətinə xəbərdarlıq edərək bildirib ki, sünni qiyamçıların son istehkamı olan İdlibə tammiqyaslı hərbi əməliyyat humanitar fəlakətlə nəticələnə bilər.

Moualem jurnalistlərə deyib ki, Suriya hərbçiləri dinc əhali arasında itkilərin olmaması üçün əllərindən gələni edəcəklər.

Birləşmiş Ştatların, Britaniya və Fransanın kimyəvi silahdan istifadə etməmək xəbərdarlığına cavab olaraq Suriya xarici işlər naziri bildirib ki, Suriya ordusunun belə silahlardan istifadə etməsinə ehtiyacı yoxdur və ümumiyyətlə belə silahlara malik deyil.

Lakin BMT və Kimyəvi Silahların Qadağanı Təşkilatı Suriya hökumət qüvvələrinin əvvəllər qiyamçılara qarşı kimyəvi silahdan istifadə etdiyini müəyyənləşdirib. Suriya bu ittihamları rədd edir.

Lavrov Moualem-lə görüşdən sonra deyib ki, “terrorçuların İdlibdən hücumlar üçün istifadə etməsinə yol vermək qəbuledilməzdir”.

Rusiya Suriya hökumətinə qarşı çıxan bütün qiyamçı qüvvələri “terrorçu” adlandırır.

***

Bu arada Rusiya gələn ay Aralıq dənizində təlim keçirəcəyini deyir.

Təlimlər sentyabrın 1-8-də keçiriləcək, 25 hərbi gəmi və 30 təyyarə qatılacaq. Açıqlamanı avqustun 31-də Müdafiə Nazirliyi yayıb.

Nazirlik təlimlərdə təyyarə, sualtı qayıq və minalanmaya qarşı məşqlərə diqqət ayrılacağını bildirib.

Kremlin sözçüsü Dmitry Peskov avqustun 30-da deyib ki, Suriyadakı mürəkkəb durum Aralıq dənizində planlaşdırılan Rusiya donanma təlimlərini əsaslandırır.

Peskov İdlibi terrorçu yuvası adlandıraraq qeyd edib ki, bu problemlə məşğul olmamaq yaxşı versiya deyil. Rusiya Suriya hökumətinin silahlı rəqiblərinə “terrorçu” deyir.

***

Rusiya Birləşmiş Ştatlara xəbərdarlıq edir

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ rəsmilərinə xəbərdarlıq edib ki, hər hansı “əsaslandırılmamış və qanunsuz təcavüz hərəkəti” yol verilməsin. Bu, Birləşmiş Ştatların bu günlərdə səsləndirdiyi xəbərdarlığa cavab olaraq edilib. Vaşinqton demişdi ki, Suriya hökuməti hər hansı kimyəvi silah hücumu gerçəkləşdirərsə, ona qarşı cavab tədbirləri görülə bilər.

“MİLLİ MARAQLARA UYĞUN DEYİL”

Birləşmiş Ştatlara Suriyaya qarşı daha bir əsaslandırılmamış və qanunsuz təcavüz hərəkəti ilə bağlı xəbərdarlıq etdik. Suriyada gərginliyin qızışması heç kəsin milli maraqlarına uyğun deyil”, – səfirlik avqustun 29-da axşam Facebook səhifəsində yazıb.

Bəyanatda deyilir ki, xəbərdarlıq bu həftənin əvvəlində Rusiyanın səfiri Anatoly Antonovla ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi David Satterfield və Vaşinqtonun Suriya üzrə yeni təmsilçisi Jim Jeffrey arasında görüşdə edilib.

Antonio Guterres (solda) və Sergei Lavrov, arxiv fotosu
Antonio Guterres (solda) və Sergei Lavrov, arxiv fotosu

Ötən il ABŞ prezidenti Donald Trump Suriyanın şübhəli kimyəvi silah obyektlərinə iki dəfə zərbə endirmək göstərişi verib. Hər iki halda zərbələr onlarla dinc sakinin ölümüylə nəticələnmiş şübhəli zəhərli qaz hücumlarından sonra endirilib. Qaz hücumlarını Suriya hava qüvvələrinin gerçəkləşdirdiyi iddia olunub.

BMT-nin baş katibi Antonio Guterres də Qərb ölkələrinə qoşularaq Suriyanı kimyəvi silahlardan istifadə etməməyə çağırıb. “Kimyəvi silahdan istənilən istifadə tamamilə qəbuledilməzdir”, – baş katibin sözçüsü deyib.

Suriya və Rusiya Dəməşqin kimyəvi silaha əl atmadığını deyir. Onlar BMT-nin sənədləşdirdiyi kimyəvi insidentlərə görə üsyançıları günahlandırmağa çalışır.

“KƏSİLİB ATILASI İRİNLİ ÇİBAN”

Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsində 400 mindən çox ölən olub.

“ABŞ-ın suriyalılar tərəfindən kimyəvi silahlardan istifadə bəhanəsilə Suriyaya yeni hücumlara dair siqnallarından dərin narahatlığımızı bildirdik. Bütün bu baş verənlərlə bağlı ciddi narahatlığımızı çatdırdıq”, – səfirlik bildirir.

Bu qarşılıqlı xəbərdarlıqların yer aldığı bir məqamda Suriya və Rusiya qüvvələri sünni üsyançıların sonuncu sığınacağı olan İdlib vilayətinə nəzarəti yenidən ələ almaq üçün hücum planlaşdırırlar.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov avqustun 29-da vilayətdəki minlərlə üsyançını “kəsilib atılası irinli çiban”la müqayisə edib.

***Buna da bax: Lavrov Qərbə Suriya barədə xəbərdarlıq edir

Qeyd edək ki, İdlibdəki üsyançılardan bəziləri Suriyann digər yerlərində əldə olunmuş razılaşmalar əsasında bu əraziyə gəlib.

Türkiyəylə həmsərhəd olan bu ərazidə 3 milyondan çox adam yaşayır.

BMT-nin hesablamasına görə, İdlibdə əhalinin yarısı məcburi köçkünlərdir və buraya böyük hücum nəticəsində daha 700 min suriyalı evindən didərgin düşə bilər.

Guterres Suriya hökumətinə, Rusiya və digər tərəflərə “təmkin sərgiləməyə, dinc sakinlərin qorumasına öncəlik verməyə” çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG