Rusiyanın xarici işlər naziri Qərbə, Suriyanın İdlib qəzasının onun sözləri ilə deyilərsə, “terrorçulardan” təmizlənməsinə müdaxilə etməməsi üçün xəbərdarlıq edib.
Sergei Lavrovun avqustun 29-da səslənmiş bu bəyanatından əvvəl Suriya hökumət qoşunlarının qiyamçıların son istehkamı olan İdlibə hücuma hazırlaşdığı barədə xəbərlər yayılmışdı.
Moskva Aralıq dənizinin şərq hissəsinə çox sayda hərbi gəmi yığıb. Rusiya mediası bunu Moskvanın 2015-ci ildə Suriya münaqişəsinə daxil olmasından bəri ən böyük donanma cəmləşdirilməsi adlandırır.
"İdlib irinli çibandır..."
Lavrov deyib ki, İdlib “irinli çibandır” və onun “ləğv edilməsinə” ehtiyac var:
"Biz ümid edirik ki, bizim qərbli partnyorlarımız qiyamçıların təxribatına uymayacaqlar və bu antiterror əməliyyatına mane olmayacaqlar”.
Birləşmiş Ştatlar 7 ildir ki, davam edən Suriya münaqişəsində Assad-a qarşı döyüşən qiyamçıları dəstəkləyib. Türkiyə də qiyamçılara dəstək verib. Lakin Türkiyənin və ABŞ-ın dəstəklədikləri qruplar heç də həmişə eyni olmayıb.
Lavrov deyib ki, Moskva İdlibdəki vəziyyətlə bağlı Türkiyə və Birləşmiş Ştatlarla əlaqədədir. O deyib ki,bu mənada Ankara və Moskva arasında “tam siyasi bir anlaşma” var.
Birləşmiş Ştatlar, Britaniya və Fransa bu həftə Suriya hökumətinə İdlibə qarşı kimyəvi silahlardan istifadə etməməsi üçün xəbərdarlığı vermişdi. Qərb bildirib ki, belə bir hal olarsa, buna çox ciddi cavab veriləcək.
Öz növbəsində Moskva Suriya qiymaçılarını İdlib qəzasında kimyəvi hücum səhnəsi yaratmaq cəhdində ittiham edib. Moskva bildirir ki, qiyamçılar bu yolla Qərbi,Suriyaya hava zərbələri endirməyə sövq etmək istəyirlər.
NATO-nun Brüsseldəki qərargahından bildirilib ki, alyans Rusiya donanmasının Aralıq dənizində cəmləşməsindən xəbərdardır və Moskvanı təmkin nümayiş etdirməyə çağırıb. Alyansın sözçüsü Oana Lungescu deyib ki, buradakı Rusiya hərbi gəmiləri raketlərlə silahlanıb:
"Biz Rusiya donanmasının niyyətləri ilə bağlı mülahizə yürütmək istəmirik, lakin çox mühümdür ki, regiondakı bütün qüvvələr təmkin göstərsinlər və Suriyadakı fəlakətli humanitar vəziyyəti daha da pisləşdirməkdən çəkinsinlər”.