Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:58

Taleh Bağırova mahnı həsr edən şəxs Rusiyada saxlanıldı


Polis

Rusiyanın hüquq-mühafizə orqanları iki gün öncə – avqustun 28-də orada yaşayan azərbaycanlı Taleh Orucovu saxlayıb. Onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Rusiyaya müraciəti əsasında saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna T.Orucovun yaxınları məlumat verib. Deyirlər ki, o, Azərbaycana təhvil verilib-verilməməsi məsələsinin həlli üçün məhkəmə qarşısına çıxarılacaqdı. Amma, hələlik, məhkəmənin nəticəsi barədə onlarda da xəbər yoxdur.

T.Orucovun CM-in 281.1 (hakimiyyətin ələ keçirilməsinə, dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsinə yönəlik çağırışlar) maddəsiylə təqsirləndirildiyi bildirilir. Ancaq yaxınları deyir ki, gerçək səbəb onun inanclı fəallardan olması və həbsdəki ilahiyyatçı Taleh Bağırova rəğbətidir: «7-8 ay əvvəl Taleh öz adaşına həsr olunmuş mahnı ifa etmişdi. Mahnıda Taleh Bağırovun haqsızlığa qarşı mübarizə aparmasından, zalımlar qarşısında sınmamasından bəhs olunurdu. Mahnı sadə bir klip şəklində sosial şəbəkələrdə yerləşdirilmişdi. Hesab edirik ki, həbsinin səbəbi də budur».

Daxili İşlər Nazirliyindən T.Orucovun saxlanmasıyla bağlı şərh almaq mümkün olmayıb.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs edilib. Müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

Multimedia

XS
SM
MD
LG