Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 07:17

Velosiped idxalı 52 faiz artıb


İ.Əliyev velosiped zavodunun açılışında. 2016

2018-ci ilin ilk altı ayında Azərbaycana 124.3 min ədəd ikitəkərli velosiped gətirildiyi bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, bu barədə onlara Dövlət Statistika Komitəsindən (DSK) məlumat veriblər.

Xəbərdə vurğulanır ki, yerli istehsala gömrük güzəştləri edilməsinə baxmayaraq, idxal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52 faiz artıb.

Agentliyin yaydığı məlumata görə, 2017-ci il iyulun 21-dən etibarən velosiped istehsalı məqsədilə ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad edilməsi haqqında hökumətin qərarı qüvvəyə minib.

«Bir ildə 5 min velosiped istehsal edilib»

«İsmayıllı rayonunda velosiped zavodu fəaliyyətə başladıqdan bu yana 5 min ədəd velosiped istehsal edib».

Bunu müəssisədən «Turan» agentliyinə bildiriblər.

Oradan vurğulayıblar ki, müəssisənin açılışı 2016-ci ilin avqustunda olsa da, məhsul istehsalı, əsasən, 2017-ci ildən başlanıb.

«Haqqında danışdığımız 5 min ədəd velosiped istehsalı son bir ilə aiddir. İstehsala gec başlanılması isə velosiped istehsalı üçün nəzərdə tutulan ehtiyat hissələrin gec gətirilməsi ilə bağlıdır», - deyə oradan bildiriblər.

Habelə verilən məlumata görə, zavodun istehsal etdiyi velosipedlər ölkə daxilində satılır. Bakıda, Sumqayıtda mağazaları var.

Zavodda 40 növdə məhsul istehsal edildiyi bildirilir.

Xatırlatma

İsmayıllıdakı «Isma Bikes» zavodu «Synergy Group» MMC şirkətlər qrupuna məxsusdur. Zavod prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il avqustun 10-da istifadəyə verilib. Bəzi yerli media orqanlarında yayılan məlumatlara görə, bu müəssisə az sonra fəaliyyətini dayandırıb.

Hərçənd, ötən il iyulun 6-da «Isma Bikes»in yeni modellərinin təqdimat mərasimi keçirilib. Orada müəssisənin rəhbərliyi vurğulayıb ki, illik istehsal gücü layihə üzrə 30 min olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal edilib. Cəmi bir neçə ay ərzində mühəndis-konstruksiya işləri genişləndirilərək modellərin sayı 50-yə çatdırılıb.

Zavod yeni fəaliyyətə başlayarkən onun istehsal gücünü 2 dəfə artıracağı və eləcə də əlil arabalarının istehsalına başlanacağı bildirilmişdi.

XS
SM
MD
LG