Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:34

Trump Google şirkətini ‘saxtalaşdırma’da suçlayır


Donald Trump

ABŞ prezidenti Donald Trump Google şirkətini axtarış nəticələrini saxtalaşdırmaqda, o və “digərləri” barəsində daha çox mənfi məlumatlar təqdim etməkdə suçlayır.

GOOGLE RƏDD EDİR

Trump dünən – avqustun 28-də yazdığı tvitlərdə iddia edib ki, “Saxta Xəbər Mediası” Google-da “Trump Xəbərləri” yazanda çıxan məlumatların “96 faizi”ni təşkil edir. O, axtarış mühərrikini respublikaçı, mühafizəkar və “ədalətli” medianı nəticələrdə göstərməməkdə ittiham edib, bunu qanunsuz adlandırıb.

Prezident bu durumun “həll olunacağını” bildirib.

Trump-ın iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow dünən “The Washington Post”a deyib ki, administrasiya hökumətin Google axtarışlarını tənzimləməsinin mümkünlüyünə “baxır”.

Larry Kudlow
Larry Kudlow

Google isə axtarış nəticələrində siyasi favoritzmə əl atması fikrini rədd edib.

İstifadəçilər Google Search-də sorğu yazanda məqsədimiz onlara bir neçə saniyə içində ən uyğun cavabları təqdim etməkdir. Axtarışdan siyasi gündəm yaratmaq məqsədilə istifadə olunmur, nəticələrdə hər hansı siyasi ideologiyaya meyllənmirik”, – şirkət bəyanatında bildirib.

Google axtarış mühərrikinin daim təkmilləşdirildiyini, heç vaxt axtarış nəticələrinin siyasi rəyin manipulyasiyası üçün dərəcələnmədiyini vurğulayır.

PREZİDENTİN İTTİHAMLARI

Trump davamlı olaraq məlumatlarından narazı qaldığı media orqanlarına qarşı çıxış edir. Bəzən internet platformalarını da onlara qatır. 2016-cı ilin oktyabrında tvitində yazmışdı ki, “Twitter, Google və Facebook Federal Təhqiqat Bürosunun Clinton barədə cinayət araşdırmasını basdırmağa çalışır”.

Google şirkətinin loqosu
Google şirkətinin loqosu

Amma iyulun 19-da Google barədə “böyük şirkətlərimizdən biri” ifadəsini işlətmişdi.

Prezident keçmişdə Facebook sosial şəbəkəsini də “həmişə” anti-trump mövqe tutmaqda suçlayıb, onu “The New York Times”,“The Washington Post” kimi xəbər orqanları ilə əlbirlikdə suçlayıb.

O, ötən ay Twitter-i respublikaçıları “gizlicə bloklamaq”da ittiham edib. Bu termini Vice News işlədib, bəzi respublikaçıların axtarış nəticələrində çıxmadığını yazıb.

Trump avqustun 18-də deyib ki, sosial media şirkətləri “Respublikaçı/Mühafizəkar səslərə qarşı büsbütün ayrıseçkilik” aparır.

Prezident xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqını da “saxta” adlandırır. Mueller Rusiyanın 2016-cı il prezident seçkisi zamanı Trump-ın seçki kampaniyası ilə mümkün əlbirliyini araşdırır.

XS
SM
MD
LG