Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:40

Türkiyə Rusiya və Avropaya yan alır


Recep Tayyip Erdogan (ortada), Vladimir Putin (sağda) və İran prezidenti Hassan Rohani Ankarada görüş zamanı, aprel, 2018-ci il
Recep Tayyip Erdogan (ortada), Vladimir Putin (sağda) və İran prezidenti Hassan Rohani Ankarada görüş zamanı, aprel, 2018-ci il

Son vaxtlar Birləşmiş Ştatlarla Türkiyənin münasibətləri pisləşdikcə Ankara Avropa və Rusiyayla ticarəti gücləndirməyə çalışır.

Türkiyə prezidenti Recep Tayyip Erdogan avqustun 27-də Britaniya və Almaniya liderlərinə zəng edərək əlaqələri möhkəmləndirməyi müzakirə edib. Bundan öncə isə onun hökuməti Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, türk mallarına qoyulmuş tariflər Yaxın Şərqdə sabitsizlik yarada bilər.

“SİZİN ƏZİZ DOSTUNUZ CƏNAB ERDOGAN”

Ötən həftənin sonunda Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu-nun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada olub, Rusiyadan S-400 raket sistemlərinin alışını müzakirə edib. Vaşinqton Türkiyənin bu planına qarşı çıxır. Moskvada həmçinin Suriyada yeddi ildir davam edən müharibənin dinc yolla həlli cəhdləri də müzakirə olunub.

Cavusoglu-nu Rusiya prezidenti Vladimir Putin qəbul edib, Suriyadakı “dərin əməkdaşlığı” alqışlayıb.

Vladimir Putin (solda) və Mevlut Cavusoglu Kremldə
Vladimir Putin (solda) və Mevlut Cavusoglu Kremldə

Türkiyə mediasının avqustun 27-də yazmasına görə, Türkiyə, Rusiya və İran prezidentləri gələn həftə Tehranda görüşəcək, Suriya üzrə razılaşma əldə etməyə çalışacaq.

Cavusoglu Putinə deyib ki, “sizin əziz dostunuz cənab Erdogan” onu tezliklə İstanbulda balıq restoranında nahara gözləyir. 2016-cı ilin avqustundan Erdogan-la Putin azı 11 dəfə görüşüblər.

Türkiyə Rusiyayla böyük qaz kəməri layihəsi üzərində də işləyir. Qara Dənizdən və Türkiyədən keçəcək bu kəmər Avropanın cənubuna uzanacaq.

Bu dönəmdə Vaşinqtonla münasibətlərdə yaranmış böhran türk lirəsinin ABŞ dollarına qarşı dəyərinin yarıya qədərini itirməyə səbəb olub.

“MOSKVADAN ÖTRÜ DƏYƏRLİDİR”

Rusiyayla NATO üzvü Türkiyə arasında yaxınlaşma hər iki tərəfdən “praqmatizmin qeyri-adi səviyyəsini göstərir”, özəlliklə də Rusiya üçün faydalıdır, Beynəlxalq Böhran Qrupunun Moskvada çalışan təhlilçisi Anna Arutunyan “Associated Press” agentliyinə deyib.

“NATO üzvüylə dostluq perspektivi Moskvadan ötrü çox dəyərlidir”, çünki Rusiya Yaxın Şərqdə nüfuzunu gücləndirməyə çalışır, Arutunyan deyib. “Türkiyə bunu etməyə yaxşı meydandır, Suriya da bunu gerçəkləşdirməyə yaxşı məkan olub”, – o, sözlərinə əlavə edib.

Erdogan avqustun 27-də Britaniyanın baş naziri Theresa May ilə telefonla danışıb. Tərəflərin iqtisadiyyat, ticarət, investisiyalar, eləcə də Suriya böhranına fokuslandığı bildirilir. May Erdogana deyib ki, Britaniya Türkiyə iqtisadiyyatının “çiçəklənməsi”ni görmək istəyir, baş nazirin ofisi belə bir məlumat yayıb.

Almaniya prezidenti Frank-Walter Steinmeier ilə telefon söhbətində isə Erdogan diplomatik münasibətləri gücləndirmək qətiyyətini sərgiləyib. Məlumatı Anadolu dövlət xəbər agentliyi yayıb.

Tərəflər Erdoganın sentyabrın sonunda Almaniyaya planlaşdırılan səfərini də müzakirə ediblər. İki ölkənin maliyyə nazirləri isə sentyabrın 21-də Berlində bir araya gələcək.

Son həftələr Erdoganla fransalı həmkarı Emmanuel Macron və Almaniya lideri Angela Merkel arasında da şəxsi telefon söhbətləri olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG