Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 02:24

Gözəl Bayramlının şikayətinə baxılacaq


G.Bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlı barəsində Qazax Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin verdiyi qərarlar əsasız sayılır. Həmin qərarların ləğvi istənilir.

Siyasətçinin vəkillərinin Ali Məhkəməyə təqdim etdikləri kassasiya şikayətində bu məqamlar öz əksini tapıb. Bu haqda AXCP-dən bildiriblər.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, kassasiya şikayətində G.Bayramlıya bəraət verilməsi istənilib.

Kassasiya şikayəti artıq Ali Məhkəmədə icraata qəbul edilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.

AXCP sədrinin müavininin məhkəməsi sentyabrın 5-də saat 10:30-da başlamalıdır.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son bir neçə ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

XS
SM
MD
LG