Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:58

Kocharian: ‘Korrupsiyayla mübarizə adamları tutub buraxmaq deyil’


Robert Kocharian "Yerkir Media" TV-yə müsahibə verir
Robert Kocharian "Yerkir Media" TV-yə müsahibə verir

“Məni əksinqilabın mərkəzi elan etməyə çalışacaqlar”, – Ermənistanın ikinci prezidenti Robert Kocharian “Yerkir media” telekanalına müsahibəsində belə deyib.

Kocharian 2008-ci ilin prezident seçkisindən sonrakı hadisələr zamanı konstitusion quruluşu devirməkdə ittiham olunur.

“Düşünürəm ki, məni mütləq, ola bilsin ki, yaxın mitinqdə əksinqilabın mərkəzi elan edəcəklər ki, bu da həqiqətə heç uyğun deyil. Ancaq bu, oxşar şüarlarla irəli getməyin bir yoludur. Bilirsiniz, adamları nəyləsə məşğul etmək, onlara yeni hədəf, səfərbər olmaqdan ötrü yeni qüvvə vermək lazımdır, digər səfərbəredici bir şey yoxdur, axı”, – Kocharian deyib.

"BÜDCƏSİ 2,5 MİLYARD OLAN ÖLKƏDƏ..."

Keçmiş prezident müsahibəsində onun guya 4 milyard dollarlıq varidatı olması haqda medianın yazdıqlarını “absurd” adlandırıb.

“Qəzetlər milyardlar barədə uydurmalar yazırlar. Birincisi, iqtisadiyyatdan az-çox başı çıxan bilməlidir ki, 2,5 milyardlıq büdcəsi olan ölkədə 4 milyardlıq sərvətə malik şəxs ola bilməz. Bu ittihamlar, uydurmalar o qədər absurddur ki, onları 2-3 dəfə təkzib edəndən sonra fikir verməməyə başladım, anlayırsan ki, mənasızdır. Absurda inananı əks bir şeyə inandırmaq çətindir”, – o deyib.

İndiki və keçmiş hakimiyyətin iqtisadi siyasətindən danışan Kocharian “iqtisadi siyasətin yaranacağına” ümidvar olduğunu bildirib.

Nikol Pashinian
Nikol Pashinian

“Aydın iqtisadi siyasət olmayan yerə sərmayə də qoyulmur. Bu ölkəyə ciddi investisiya o vaxtadək qoyulmayacaq ki, investor bu hökumətin hansı iqtisadi siyasət apardığını, niyyətinin nə olduğunu, biznesə necə yanaşdığını anlasın. Hökumət yoxlamanı xüsusi təyinatlının köməyi ilə aparacaq, yoxsa sivil yolla. Mənim prezidentliyimdən bəri, son 10 ildə belə şey olmayıb. İndi biznesmen nə vaxtsa onun üstünə belə gələcəklərini də düşünməlidir”, – Kocharian vurğulayıb.

"NEÇƏ İŞ SÜBUTA YETİRİLİB?"

Jurnalist ona deyib ki, əvvəlki illər biznesmenlərin gəlirlərinin 50 faizini alıblar.

“50 faizin alınmasıyla bağlı neçə işi sübuta yetirdilər?.. Neçə ay keçib? Neçə “50 faiz” işi sübuta yetirilib? Mən əsl mənzərənin necə olduğunu bilmirəm... O vaxtdan bircə fakt da ortaya qoyulmayıb”, – eks-prezident deyib.

“Ermənistanda iqtisadi siyasət yoxdur, ancaq korrupsiyayla mübarizə var ki, bu yaxşıdır. Amma korrupsiyayla mübarizə iqtisadi siyasət deyil”, – deyə Kocharian baş nazir Nikol Pashinian hökumətini tənqid edib.

“Korrupsiyayla mübarizə təkcə adamları tutub buraxmaq deyil, ancaq güc nümayişi deyil. Korrupsiyayla mübarizədən ötrü, hər şeydən öncə prosedurların şəffaflığını təmin etmək, digər addımlar atmaq lazımdır”, – Kocharian vurğulayıb.

Jurnalistin onun siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualına cavabında keçmiş prezident deyib: “Hesab edin ki, artıq qayıtmışam”.

XATIRLATMA

Pashinian hakimiyyətə gələndən sonra korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirilib. Keçmiş prezident Serzh Sarkisian-ın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.

İkinci prezident Robert Kocharian 2008-ci ildə prezident seçkisindən sonrakı zorakı hadisələrlə əlaqədar saxlansa da, sonradan məhkəmənin qərarıyla azadlığa buraxılıb. O,özünə qarşı ittihamları siyasi motivli sayır.

Keçmiş prezidentə cinayət işi 2008-ci ildə prezident seçkisindən sonrakı etirazların zorla dağıdılmasına görə açılıb. O zaman seçkini uduzmuş Levon Ter-Petrossian-ın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Kocharian fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

Etirazların təşkilatçılarından biri indiki baş nazir Pashinian idi. O, 2010-cu ildə qarışıqlıqların təşkili ittihamıyla 7 illik həbsə məhkum edildi, bir il sonra amnistiya ilə azadlığa çıxdı.

XS
SM
MD
LG