Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:32

Gəncə hadisələrinə görə öldürülən şəxs 'Müsəlman Hərəkatı'nın üzvü deyil


T.Bağırzadə

Son ayyarımda Gəncə hadisələriylə əlaqədar şübhəli sayılan 5 nəfər öldürülüb. Onların saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərdiklərinə görə zərərsizləşdirildiyi iddia edilir.

Baş prokuror Zakir Qaralov həmin hadisələrə görə 61 nəfər barəsində həbs-qətimkan tədbiri seçildiyini, 13 nəfər barəsində isə həbsli axtarış elan olunduğunu bildirib.

Beşinci adam isə avqustun 10-da Sumqayıtda öldürüldü. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda iddia olunurdu ki, 1989-cu il təvəllüdlü Muraz Rəhimov radikal dini cərəyanlara meylli olub, 2012-ci ildə Bakıda «Eurovision» musiqi yarışması keçirilərkən partlayış törətmək istəyib və buna görə həbs olunub.

«Vətəndaşı öldürməyə ixtiyarları yoxdur»

M.Rəhimov həm də «Müsəlman Birliyi» hərəkatının üzvü kimi təqdim olunur. Hüquq-mühafizə orqanları M.Rəhimovun cəzaçəkmə müəssisəsində olarkən bu hərəkata qoşulub, daha aqressiv mövqe göstərməyə başladığını iddia edib: «Muraz Rəhimov 10 iyulda Gəncə şəhərində törədilmiş iğtişaşlarda iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlib, müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib. Müəyyən edilib ki, Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırırmış».

«Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov isə rəhbərlik etdiyi təşkilatın belə bir üzvü olmadığını deyir.

«Mən Tale Bağırzadə bildirirəm ki, Muraz Rəhimov «Müsəlman Birliyi» Hərəkatının üzvü olmayıb. Bu nə xəstə təfəkkürdür ki, «terrorçu» elan etdikləri hər kəsi «Müsəlman Birliyi»nə bağlamağa cəhd göstərirlər?!», – ilahiyyatçının saxlandığı Qobustan həbsxanasından yaydığı açıqlamadandır.

T.Bağırov əlavə edir ki, M.Rəhimovun onun rəhbərlik etdiyi təşkilatın üzvü olmaması bu şəkildə öldürülməsinə münasibətini dəyişmir: «Bir insanı məhkəmə qarşısına çıxarmağa qorxub, özlərinin ifşa olunacaqlarından ehtiyatlandıqları üçün hakimiyyətin verdiyi gücü vətəndaşa qarşı işlədirlər. Əgər onlar doğrudan da qanuna keşik çəkənlərdirsə, vətəndaşı öldürməyə ixtiyarları yoxdur. Lakin son vaxtlar biz onun şahidiyik ki, bütün məntiqi kənara qoyub, vətəndaşa dəlilsiz-sübutsuz «terrorçu» adı verib, onu öldürməklə məşğuldurlar. Hərçənd, biz bunun ilk işartılarını 2015-ci il noyabr ayının 26-da Nardaranda görmüşdük. O zaman da öz polislərini belə öldürməkdən çəkinmədilər».

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs edilib. Müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Multimedia

XS
SM
MD
LG