Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:45

'Azərbaycanda benzinin maya dəyəri açıqlanmır'-Media icmalı


Manat
Manat

Bölgələrdə infrastruktur layihələri, manatın gələcək taleyi, Azərbaycanda benzinin maya dəyəri və onun bahalaşma ehtimalı medianın aparıcı mövzularındandır...

Manatın taleyi

Marja.az saytında «Manatı üzdürək, ya yox?» sualı gündəmə daşınır.

Müəllif hesab edir ki, Türkiyə və Rusiyanın milli valyutalarının kəskin ucuzlaşmasından sonra Azərbaycanda manatın taleyi gündəmin əsas mövzularındandır.

Yazıda bildirildiyinə görə, bir çoxları güman edir ki, manatın mərhələli şəkildə ucuzlaşdırılmasının vaxtı keçib. Başqa bir qisim ekspertlər isə hesab edir ki, Azərbaycanın tədiyyə balansında profisit (ölkəyə daxil olan valyuta çıxan valyutanı üstələyir) və xarici ticarət əməliyyatlarında müsbət saldo (ixrac idxalı üstələyir) olduğundan manat ucuzlaşmayacaq.

Müəllif vurğulayır ki, son rəsmi statistikaya görə, bu il müsbət saldo 4 milyard 972 milyon dollar olub.

Yazıda habelə bildirilir ki, neftin hesabına ölkəyə daxil olan vəsait çıxan vəsaiti üstələyir.

Amma müəllif iddia edir ki, buna çox da sevinmək lazım deyil. Onun fikrincə, bu, şaxələnmiş qeyri-neft sektorunun yox, yüksək neft qiymətinin hesabına yaranıb və qiymətlərin qəfil enişi ölkədə çətin iqtisadi durum yarada bilər.

Müəllif hesab edir ki, 2015-ci ildəki devalvasiyalara qədər də vəziyyət indikinə bənzər idi.

Yazıda vurğulanır ki, Azərbaycan neft profisitinə arxayınlaşıb ixracı arxa plana keçirməməlidir: «Həqiqətən ehtiyac varsa, məzənnənin müəyyən dəhliz çərçivəsində yüksəltməkdən qorxmamalı, hökumətin təşviqlərinə bu yolla da dəstək verilməlidir. Əks halda, böyük məbləğdə valyuta gəlirləri əldə edən şirkətlərimiz olmayacaq».

Neft
Neft

Benzin bahalaşacaqmı?

Musavat.com saytında «Benzin bahalaşacaqmı: iqtisadi əsaslandırma və rəy» sərlövhəli yazı oxumaq olar.

Müəllif sərlövhədə əks olunan mövzunu ekspert İlham Şabanla dəyərləndirib.

Yazıda bildirilir ki, bu günlərdə «Premium Euro-95» və «Super Euro-98» markalı avtomobil benzinlərinin qiymətinin artılacağı barədə mülahizələr yürüdülür: «Azərbaycana idxal olunan «Premium Euro-95» markalı avtomobil benzininin hər litri hazırda orta hesabla təxminən 1.35-1.4 AZN-ə başa gəlir. Hazırda Azərbaycandakı yanacaqdoldurma məntəqələrində «Premium Euro-95» markalı avtomobil benzininin pərakəndə satış qiyməti hər litr üçün 1.25 AZN (0.74 ABŞ dolları), «Super Euro-98» markalı avtomobil benzinin pərakəndə satış qiyməti isə 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir».

Müəllif bildirir ki, onlar yerli istehsal yox, ölkəyə idxal olunan benzin növləridir və dünya qiymətləriylə tənzimlənir.

Yazıda qeyd edilir ki, Aİ-92 isə ölkədə istehsal olunan və kütləvi istehlak edilən markadır. Onun bahalaşması, bir qayda olaraq, ardınca digər sahələrdə də təsir göstərir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İ.Şaban deyib ki, əksər ölkələrdə benzinin maya dəyərinin tərkibi dəqiqliklə ictimaiyyətə açıqlanır. Ancaq ekspert vurğulayıb ki, Azərbaycanda belə məlumatlar ictimaiyyətə açıqlanmır: «Heç bilmək olmur ki, SOCAR-ın neft emalı zavodu neftin tonunu, litrini neçəyə alır, benzinin maya dəyərində onun payı nə qədərdir. Bir ildə hər operator şirkət nə qədər benzin satır, nə qədər qazanc əldə edir».

Konkret olaraq Aİ-92 markalı benzinin bahalaşması ehtimalına gəlincə, İ.Şaban bunları deyib: «Bizdə bu sahədə dövlət tənzimləməsidir, bazar iqtisadiyyatı mövcud deyil. Hökumət istəsə, qaldıracaq, istəməsə, yox...».

Balakən
Balakən

«Balakən gəl-gəl deyir»

«Azərbaycan» qəzetində «İnfrastruktur layihələri inkişafa xidmət edir» sərlövhəli yazı dərc edilib.

Müəllif Balakən rayonu nümunəsində ölkədə infrastruktur layihələrini dəyərləndirir.

Yazıda bildirilir ki, Balakən rayonu ölkənin inkişafda olan, tikilib qurulan, günbəgün simasını dəyişən bölgələrindəndir. Paytaxtdan xeyli aralıda yerləşməsinə baxmayaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bu yerlərdə də öz sözünü deyib.

Müəllifin yazmasına görə, bir zamanlar səliqəsiz küçə və prospektləri olan rayon indi hər kəsə gəl-gəl deyir. Yaradılan şəraitdən isə ilk növbədə yerli sakinlər və bu elin qonaqları yararlanırlar: «Əvvəlki illərdə olduğu kimi, bu il də Balakən rayonunun ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilir. Rayon icra hakimiyyətindən əldə etdiyimiz məlumatda bildirilir ki, şəhərdə 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işlərinin aparılması nəzərdə tutulub. İndiyədək 17 binada təmir işləri əsasən başa çatdırılıb, 6 binada isə davam etdirilir».

Yazıda bildirilir ki, bu il 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 29 kilometr uzunluğunda Balakən-Qazbinə-İtitala avtomobil yolunun, 2017-ci ilin sonlarında tikintisinə başlanılan 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi və 130 yerlik Qullar uşaq bağçasının təmiri davam etdirilib.

Müəllif habelə yazıb ki, infrastruktur layihələrinin icrası ilə paralel olaraq hazırda Balakəndə qarşıda dayanan vacib məsələlərdən biri də gənclərin məşğulluğunun təmin edilməsidir…

XS
SM
MD
LG