Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 13:14

Prezidentlər nə dedi


İ.Əliyev və E.Rəhmon

Sənədlərin imzalanması mərasimindən sonra hər iki prezident mətbuata bəyanat veriblər.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də toxunub. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayan prezident bu məsələdə Tacikistanın mövqeyindən məmnunluğunu ifadə edib.

Azərbaycanın iştirakçısı olduğu nəqliyyat layihələrindən bəhs edən prezident Tacikistandan yüklərin artacağına ümid bəslədiyini qeyd edib.

Tacikistan prezidenti Emoməli Rəhmon isə bunları deyib: «Bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Belə fikir bildirildi ki, ikitərəfli əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və əmtəə nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq zəruridir».

Azərbaycan-Tacikistan sənədləri imzalandı

Avqustun 10-da Azərbaycan və Tacikistan prezidentlərinin iştirakı ilə iki ölkə arasında razılaşdırılan sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC-ın məlumatına görə, ilk olaraq İlham Əliyev Emoməli Rəhmon dövlət başçılarının birgə bəyanatını imzalayıblar.

Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

«Azərbaycan Sənaye Korporasiyası» ilə «Tacik Alüminium Kompaniyası» (TALKO) Dövlət Unitar Müəssisəsi arasında da anlaşma memorandumu bağlanıb.

İmzalanan sənədlər arasında «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum da var.

SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı ilə bağlı razılaşma da əldə edilib. Habelə, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında uyğun sənəd imzalanıb. Burada söhbət Tacikistandan olan sərhədçilərin Azərbaycanda təlim keçməsindən gedir.

İki ölkənin hökumətləri baytarlıq, sənaye, yeni texnologiyalar sahəsində, təhsil nazirlikləri illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş də imzalayıb. İqtisadiyyat nazirlikləri də əməkdaşlıq sazişini razılaşdırıb imzalayıblar.

Azərbaycan və Tacikistan arasında həmçinin, baş prokurorluqlar və xarici işlər nazirlikləri arasında da əməkdaşlığa aid sənədlərə imzalar atılıb.

E.Rəhmon: «Azərbaycan Qafqaz regionunda mühüm tərəfdaşdır»

Avqustun 10-da Azərbaycan və Tacikistan prezidentləri təkbətək görüş başa çatandan sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələri davam etdiriblər.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, ikitərəfli münasibətlərin gündəliyini ətraflı müzakirə etmək imkanları olub. Onun deməsinə görə, Tacikistan və Azərbaycan beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək hər iki ölkədən ötrü çox əhəmiyyətlidir.

«Biz bu gün qarşılıqlı iqtisadi fəaliyyəti də müzakirə edəcəyik», - deyə İ.Əliyev vurğulayıb.

Azərbaycan prezidenti deyib ki, iki ölkə arasında münasibətlərin vacib hissəsini humanitar sahədə əməkdaşlıq da təşkil edir: ​«Münasibətlərimizin gündəliyi çox genişdir. Biz mütəmadi görüşürük, səfərlər, beynəlxalq xarakterli tədbirlər çərçivəsində vacib məsələləri müzakirə edirik. Şadıq ki, bu gün dostluq münasibətləri uğurla inkişaf edir».

Tacikistan prezidenti Emoməli Rəhmon isə deyib ki, ölkəsi qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıdır: ​«Azərbaycan Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. Məmnuniyyətlə Tacikistan-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi meylini qeyd etmək istərdim. Dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq ötən illər ərzində biz münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq».

Prezidentlərin görüşləri olub

Avqustun 10-da Azərbaycan prezidenti İlham Əliyevin Tacikistan dövlət başçısı Emoməli Rəhmonla təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, bu səfərin iki ölkə arasında qardaşlıq münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əmindir: «Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin, bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq».

Tacikistan prezidenti E.Rəhmon isə bunları deyib: «Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək».

Təkbətək müzakirədən sonra Azərbaycan və Tacikistan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Hələlik bu görüşün detalları açıqlanmır.

Tacikistan dövlət başçısı E.Rəhmon dünən, avqustun 9-da Azərbaycana gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG