Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:33

Gəncə olayları - bir nəfər sərhəddə tutulub


Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?

Gəncə olaylarında şübhəli bilinən daha bir nəfərin həbs edildiyi bildirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinin məlumatına görə, Gəncə sakini İsmayıl İsmayılov avqustun 1-də Gürcüstana keçmək istəyərkən saxlanıb.

«Avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayıl İsmayılov «Şıxlı» dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanıb. O, aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib», - DSX-nın məlumatında yazılır.

Məsələyə İ.İsmayilov və onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş prokurorluq bu hadisə ilə bağlı indiyədək 61 nəfərin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 4 nəfərin zərərsizləşdirilərək məhv edildiyi açıqlanıb.

13 nəfər barəsində isə həbs-qətimkan tədbirinin seçildiyi, barələrində axtarış elan olunduğu deyilirdi.

Ancaq baş verənləri ictimaiyyət heç də birmənalı qarşılamayıb. Bəzi ekspertlər hesab edirlər ki, axtarışda olan şəxslərdən bir neçəsinin öldürülməsi bir sıra suallar doğurur.

Onlar hesab edirlər ki, axtarılan şəxslərin sağ ələ keçirilməsi baş verənlərin aydınlaşmasına xidmət edə bilərdi.

Həmin ekspertlər vurğulayırlar ki, keçirilən əməliyyatların videoları yayılmadıqca, öldürülən şəxslərin silahlı müqavimət göstərib-göstərmədiyi ilə bağlı şübhələr tam aradan qalxmayacaq.

Öldürülən şəxslərin yaxınlarından baş verənlərə münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG