Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:34

Mediada qiymət və əməkhaqqı söhbətləri...


M.Hüseynov
M.Hüseynov

İctimai nəqliyyatda gediş haqlarının 50 faiz bahalaşdırılması, qanunların işləməməsi və başqa bir sıra məsələlər medianın aparıcı mövzularındandır...

«Qanunlar işləmir»

Azadliq.info saytında «Qanunun çərçivəsi» sərlövhəli yazı oxumaq olar.

Yazıda vurğulanır ki, Azərbaycanda hüquq-mühafizə orqanları və dövlət başçısı «hər şey qanun çərçivəsində həll olunacaq» desələr də, qanunlar işləmir, bu qanunların çərçivələri bəlli deyil.

Müəllifin iddiasına görə, hüquq-mühafizə orqanları belə fikirləri, əsasən, hansısa müxalifətçinin həbsi zamanı deyirlər.

Yazıda vurğulanır ki, bir qrup jurnalist və hüquq müdafiəçisi bu günlər Penitensiar Xidmətə (PX) gedib həbsdə olan bloqqer Mehman Hüseynovun xəstə anasıyla görüşməsinə şərait yaradılmasını xahiş ediblər, ədliyyə nazirinə teleqram vurublar.

Üstəlik, müəllifin qeyd etməsinə görə, bloqqerin vəkilləri hələ iki həftə qabaq bu məsələ ilə bağlı cəzaçəkmə müəssisəsi rəhbərliyinə müraciət edib və məsələyə «qanun çərçivəsində» baxılacağı cavabı alıblar, amma nəticə yoxdur.

Yazıda bildirilir ki, M.Hüseynovun anası Firəngiz Hüseynova 20 günə yaxındır ağır xəstədir və bu halda qanun oğulun ağır durumda olan anasıyla görüşünə imkan verir. Müəllifin fikrincə, əgər qanunlar işləsəydi, rəsmi qurumlara bundan ötrü dönə-dönə müraciət etməyə ehtiyac qalmazdı: «Çünki normal ölkələrdə qanun adamlardan yuxarıda dayanır, bu halda heç vəkilin müraciətinə də gərək yoxdur. Türmə rəhbərliyi öz məhbusu ilə bağlı informasiya alan kimi hərəkətə keçməli, qanuna əməl edib dustağı gözü yolda qalan yaxınıyla görüşə göndərməlidir».

Müəllif vurğulayıb ki, araşdırmaçı-jurnalist Xədicə İsmayılın mərhum anası Türkiyədə əməliyyat olunanda da təxminən eyni situasiya yaşanıb. Jurnalistin ölkədən çıxışına qadağa olduğundan müraciət etsə də, anası ilə görüşə buraxılmayıb.

Ə.Məsimli
Ə.Məsimli

Deputat: «Müqayisə olunan ölkələrin hamısında əmək haqları Azərbaycandan yüksəkdir»

Strateq.az saytında «Əli Məsimli bahalaşma qərarını tənqid etdi» sərlövhəli yazı yer alıb.

Deputat Ə.Məsimli ictimai nəqliyyatda gediş haqlarının 50 faiz bahalaşdırılması ilə bağlı Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara tənqidi mövqe sərgiləyir.

«Əhalinin aztəminatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək», - deyə İqtisadi İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Ə.Məsimli bildirib.

Ə.Məsimli vurğulayıb ki, 2017-ci ildə inflyasiyanın 13 faiz, ərzaq məhsullarının isə 15 faizdən çox bahalaşması əvəzində 2018-ci ilin martından əmək haqları 10 faiz artırıldı. Onun fikrincə, bu məbləğ çox az olduğundan əhalinin inflyasiya nəticəsində məruz qaldığı itkilərini belə ödəmir.

Deputat hesab edir ki, bu bahalanmadan ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşlar ciddi zərər çəkəcək: «Elə ailə var ki, gündə evində 3-4 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə və sair yerlərə gedir. Təbii ki, işdən də evə qayıdarkən 2-3 nəqliyyat vasitəsi dəyişir. Metro və avtobuslarda gediş haqqının 50 faiz artırılması, sözügedən kateqoriyaya aid insanların vəziyyətinə daha ciddi təsir göstərəcək».

Ə.Məsimli deyib ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq və tariflərin qaldırılması ilə bağlı əsaslandırmalar doğru deyil: «Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olması ilə bağlı müqayisələr birtərəfli xarakter daşıyır və real mənzərəni tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta aylıq əmək haqları da Azərbaycandakından yüksəkdir».

Metro
Metro

«Təkmilləşdirmə naminə bahalandırma»

«Azərbaycan» qəzetində «Yeni tariflər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir» sərlövhəli yazı dərc edilib.

Bu yazıda ictimai nəqliyyatda gediş haqlarının artırılması barədə Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərar fərqli şəkildə dəyərləndirilir.

Müəllif hesab edir ki, bu qərarla gediş haqları 20 qəpikdən 30 qəpiyə qaldırılsa da, Azərbaycanda sərnişindaşıma xidmətlərində qiymətlər bir çox ölkələrlə müqayisədə hələ də aşağıdır.

Daha sonra müəllif bahalaşma ilə bağlı Tarif Şurasına müraciət edən rəsmi qurumların arqumentləri üzərində dayanır. Yazıda vurğulanır ki, onlar buna səbəb kimi, əsasən, son illərdə ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artmasını, avtobus parkının yenilənməsini, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsini göstəriblər: «Odur ki, bunlar nəzərə alınıb, qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq şuranın iclasının gündəliyinə daxil edilib və qiymətlər qaldırılıb».

Müəllif yazıb ki, Rusiya, Qazaxıstan, Belorus, Gürcüstan, Türkiyə kimi ölkələrdə qiymətlər Azərbaycanla müqayisədə yenə də bahadır: «Göründüyü kimi, yeni tarif dəyişikliyindən sonra belə, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə yenə də aşağı olacaq».

XS
SM
MD
LG