İqtisadi inkişaf göstəriciləri, intiharları doğuran səbəblər, metroda, marşrut avtobuslarında gediş haqlarının 50 faiz bahalaşması və başqa məsələlər medianın aparıcı mövzuları sırasındadır...
«Bahalanmaya yol açan qərar»
Modern.az saytında «Bu qərar taksi və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq» sərlövhəli yazı oxumaq olar.
Müəllif Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metro nəqliyyatında, Bakı və başqa şəhərlərdə marşrut avtobuslarında sərnişindaşıma xidmətinin 50 faiz bahalaşmasından bəhs edir. Həmin qərarla gediş haqları hər iki xidmətdə 20 qəpikdən 30 qəpiyə qaldırılıb.
«30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq», - deyə iqtisadçı ekspert Qubad İbadoğlu baş verənləri dəyərləndirib.
Q.İbadoğlunun fikrincə, bu qərar ilk növbədə taksi xidmətinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq, növbəti qiymət artımlarına əsas yaradacaq.
Ekspert deyib ki, metroda gediş haqqı inflyasiyanın hesablanmasından ötrü istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət sayılır. O ehtimal edir ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun da qiyməti bahalaşa bilər.
Q.İbadoğlu habelə vurğulayıb ki, hökumət bu qərarın neqativ təsirlərini neytrallaşdırmaqdan ötrü xüsusilə aztəminatlı və ictimai nəqliyyatdan daimi istifadə edənlərin xərclərinin tənzimlənməsi barədə qərarlar qəbul etməlidir.
İqtisadçı təklif edib ki, tələbələrdən ötrü gediş haqlarının əvvəlki-20 qəpik səviyyəsində saxlanması məqsədilə xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılmalıdır.
«İntihar körpüsü»
Azadliq.info saytında «Vətəndaşı intihar körpüsünə kim çıxardır?» sualı gündəmə daşınır.
Müəllif iyulun 30-da bir nəfərin metronun «Koroğlu» stansiyası yaxınlığında intihar məqsədilə körpünün üzərinə çıxması və onu baş nazir Novruz Məmmədovun fikrindən daşındırması haqda deyilənləri özünəməxsus şəkildə dəyərləndirib.
Yazıda iddia edilir ki, Azərbaycanda gerçəklikdə adamları intihar körpüsünə, əsasən, hökumətin yarıtmaz siyasəti çıxarır: «Azərbaycandakı bütün intihar cəhdlərinin statistikası aparılsa, məlum olacaq ki, hüquqsuzluq, məmur özbaşınalığı, ədalətsizlik, bank talançılığı, aşağı əməkhaqqı və s. səbəblər aparıcıdır. Yəni, uzun illər ölkədə korrupsiyanın, qanunsuzluğun hakim olması vətəndaşı ümidsiz, arxasız edib».
Müəllifin fikrincə, insanlar əmindirlər ki, hansı quruma müraciət etsələr, süründürməçilik, rüşvət tələbiylə üzləşəcək. Bu isə onları pessimizmə sürükləyir.
Yazıda vurğulanır ki, həmişə insanları körpüdən düşürtmək mümkün deyil. Müəllifin fikrincə, odur ki, insanları intihar körpüsünə çıxaran problemlər araşdırılmalı və ardan qaldırılmalıdır: «Adamları körpüdən düşürməyə həmişə müvəffəq ola bilmərik, amma adamları körpüyə qaldıran səbəbləri dəf edə bilərik. Cənablar, körpüyə göndərdiyiniz adamları, geri çağırın. Onlar hələ də sizin səsinizi eşitmir!».
«İqtisadi inkişaf»
«Azərbaycan» qəzetində «İqtisadi müstəqilliyin yaratdığı reallıq» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, qeyri-sabit dünyada Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar uğurlu nəticələr verir. Azərbaycan dünyada etibarlı və layiqli üzv kimi tanınır: «Azərbaycan son 15 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana valyuta ehtiyatlarını 24 dəfə artıraraq 44.3 milyard dollara yüksəltməsi, iqtisadiyyatına 250 milyon dollar investisiyanın yatırılması bunu təsdiq edən ən vacib faktlardır».
Yazıda daha sonra əhalinin sosial rifah halına toxunulur. Müəllif iddia edir ki, əməkhaqqının həcminə görə, Azərbaycan MDB dövlətləri arasında 5-ci yeri tutur.
Yazıda «Standard&Poor's» reytinq agentliyinin hesabatına istinadən vurğulanır ki, 2018-2021-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 3 faiz böyüyəcək.
Müəllif «Fitch Ratings» beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozlarına da toxunur. Yazıda sözügedən quruma da istinadən qeyd edilib ki, iqtisadiyyatın 2018-ci ildə 2 faiz artacağı proqnozlaşdırılıb.
Müəllif yazının sonunda da yazıb: «Əlbəttə ki, bütün bunlar dövlət başçısının yeni iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir və əminliklə söyləyə bilərik ki, bu, Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır».