Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:54

Yuxarıdan başlamalı olan mübarizə - Media icmalı


Korrupsiya
Korrupsiya

İyulun 26-da «Novoye Vremya» «Korrupsiyaya qalib gəlmək alınmır. Baş İdarənin hesabatına sözardı» yazır.

Qəzet Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin son 6 ayda korrupsiyayla mübarizəylə bağlı iyulun 25-də keçirilmiş mətbuat konfransında deyilənləri araşdırır.

Dövlət qurumunun hesabatına görə, bu ilin ilk yarısında korrupsiya ilə bağlı 184 nəfərə qarşı 115 cinayət işi məhkəmələrə göndərilib. Qəzet hesab edir ki, elə idarənin istinad etdiyi rəqəmlər özü hələlik korrupsiyaya qalib gəlməyin mümkün olmamasının göstəricisidir. Bir də qeyd edilir ki, bu mübarizədə bir qeyri-müəyyənlik var, «korrupsiya» ilə «rüşvətxorluq» anlayışları hələ də konkretləşdirilməyib: «Düzdür, bunlar hər ikisi iqtisadiyyatı və cəmiyyəti dağıdır, amma bununla belə ayrı-ayrı cinayətlərdir. Korrupsiya qlobal miqyaslı cinayət kimi, əsasən, dövlət məmurlarının törətdikləri cinayətlərdir. Odur ki, ona qarşı mübarizə aparmaq da çətindir, amma iradə və qətiyyət olduğu halda onu azaltmaq olar».

«Novoye Vremya» yazır ki, rüşvətxorluğa qarşı mübarizə öz yerində, amma cəmiyyət yüksəkrütbəli məmur rüşvətxorların və korrupsionerlərin səs-küylü antikorrupsiya ifşalarını gözləyir: «Azərbaycan kiçik ölkədir. Vətəndaşlar bilirlər ki, ölkədə hansı biznes kimə məxsusdur, iqtisadiyyatın gəlirli sahələrinə kim nəzarət edir, 100 milyonluq, milyardlıq mülkiyyətlərin sahibləri kimlərdir. Hamıya aydındır ki, məmur maaşı ilə bu cah-calalı yaratmaq mümkün deyil».

Qəzet yazır ki, əgər hakimiyyətin yuxarı pillələrində korrupsiyaya zərbə endirilməsə, aşağıda korrupsiya və rüşvətə qarşı mübarizənin səmərəsi heçə bərabər olacaq.

Ə.Məsimli
Ə.Məsimli

Statistikanın reallığı əks etdirməməsi problemi

Modern.az «Mövsümi məhsullar niyə bahalaşır?» sualına cavab axtarır.

Sayt yazır ki, ölkənin istehlak bazarında hiss olunmayan tempdə bahalaşma gedir, məhsulların qiyməti hər gün 3-5 qəpik artır, amma nəzərə çarpmır, bahalanma ötən ay alınan məhsulların qiymətləriylə müqayisə olunduqda hiss edilir.

Deputat Əli Məsimli deyir ki, rəsmi məlumata görə, 2017-ci ilin birinci yarısında qiymətlər 2016-cı ilin birinci yarısı ilə müqayisədə 14 faiz artmışdı, 2018-ci ilin yanvar-iyun aylarında 2017-сi ilin yanvar-iyun aylarına nisbətən qiymətlər 3 faiz artıb.

Deputatın sözlərinə görə, hökumət 2016-cı ildə ölkədə qiymətlərin sürətlə artmasını manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsi ilə əsaslandırırdı, 2017-ci ildə isə manat sabit qaldığı üçün bahalaşmaya səbəb kimi dünya bazarındakı bahalaşma səbəb gətirilirdi. O, bu arqumentləri inandırıcı saymır: «Əslində, bunların hər ikisi yarımçıq həqiqətlərdir. Bu il qiymət artımına haqq qazandırılası amil yoxdur. Ölkədə nəzərə çarpan qiymət artımının iqtisadi əsası yoxdur».

Ə.Məsimli istehlak bazarındakı bahalaşma ilə Statistika Komitəsinin göstəriciləri arasındakı tərs mütənasibliyi rəsmi statistik məlumatların qiymətlərin dinamikasını real əks etdirməməsi ilə əlaqələndirir: «Xüsusən də, rəsmi statistikanın dediyi kimi, gilasın, əriyin, çiyələyin, pomidorun, göy lobyanın və sairin qiymətlərində enmə yox, artım var. Qarpızın qiyməti isə rekord vurur. Orta ölçülü bir qarpız orta ölçülü bir toyuqdan baha satılır».

Ə.Məsimli deyir ki, büdcə təşkilatlarında çalışanların maaşlarının 10 faiz artırılması ilə onların əməkhaqqına 20-40 manat əlavə olsa da, bahalaşma nəticəsində bu məbləğdən 2-3 dəfə çox itirirlər, nəticədə maaş artımından əhali yox, qiymətləri artıranlar bəhrələnirlər.

Qax
Qax

Kənd turizminin inkişafı

«Kənd turizminin inkişafına diqqət artır»«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Qəzet Qax rayonunun nümunəsində Azərbaycanda qeyri-neft sənayesinin əsas tərkib hissəsi kimi turizmin inkişafına toxunur: «Hazırda Qax rayonunda turistlərə 12 turizm və 10-larla ictimai-iaşə obyektləri xidmət göstərir. Bunların arasında mehmanxana, «Şəfa» istirahət və müalicə pansionatı, İlisu pansionatı, «Yaşıl park», «Ulu», «İmproteks», «Uludağ», «Səngər qala», «Bergs», «Kürmük» turizm-istirahət mərkəzləri və «Eden» park hotel, «El Resort» beşulduzlu hoteli məxsusi yer tutur».

«Azərbaycan» yazır ki, bu müəssisələrdə birdəfəlik yerlərin sayı 1000-dən çoxdur, qiymətlər isə göstərilən xidmətin keyfiyyəti və məkandan asılı olaraq 27-30-55 və 100 manat arasında dəyişir.

Məqalədə deyilir ki, rayona gələn turistlərin sayında da artım var- 2015-ci ildə rayona 24 min, 2016-cı ildə 30 minə yaxın, 2017-ci ildə isə 44 minə yaxın turist gəlib.

Yazıda qeyd olunur ki, Qaxın ərazisindən 8 iri çay axır və bunun 7-si mənbəyini Böyük Qafqaz sıra dağlarından götürür, Mirana, Partizan, Qəbirliqaş, Yarpızbasan və Qıcalı isə rayonun ən uca zirvələri hesab olunur.

«Turistlər yaşıl kənd turizminə üstünlük verərək kənd evlərində qalmağı çox sevirlər, bu da rayonda yüzlərlə ailənin rifahının yaxşılaşmasına təsir göstərir», - qəzet yazır.

XS
SM
MD
LG