Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 13:15

Həm Ay tutulacaq, həm də Mars yaxın gələcək


İnfoqrafika

Cümə günü – iyulun 27-də əsrin ən uzun ay tutulması, başqa sözlə “qanlı ay” hadisəsi müşahidə olunacaq. Bu arada Mars da son 15 ildə Yerə ən yaxın məsafəyə gələcək.

Astronomların bildirməsinə görə, Ay Qrinviç vaxtı ilə 17:14-dən 23:28-dək, yəni altı saat 14 dəqiqə qismən, ya da tamamilə Yerin kölgəsində qalacaq.

Tam tutulma, yəni Ayın tamamilə qaranlığa bürünməsi 19:30-dan 21:13-dək (GMT) çəkəcək.

103 DƏQİQƏLİK TAM TUTULMA

“Tam tutulma 103 dəqiqə çəkəcək və bu, 21-ci əsrin ən uzun ay tutulması olacaq!” - Londondakı Kral Astronomiya Cəmiyyətinin məlumatında deyilir.

Marsın cənub yarımkürəsi
Marsın cənub yarımkürəsi

Qırmızı planet də eyni vaxtda Ayın ətrafında hərlənəcək və bunu adi gözlə müşahidə etmək mümkün olacaq.

Yerin qonşusunun qeyri-adi dərəcədə böyük və parlaq görünəcəyi, Yerdən 57,7 milyon kilometr məsafədə olacağı vurğulanır.

“Biz nadir və maraqlı bir hal kimi bu iki fenomenin birlikdə müşahidə edəcəyik”, – Paris Rəsədxanasından Pascal Descamps “Frans Pres” agentliyinə deyib.

Agentlik yazır ki, cənub yarımkürədəki həvəskar astronomlar mənzərəni daha yaxşı görəcəklər. Özəlliklə də Afrikanın cənubunda, Avstraliyada, Hindistan və Madaqaskarda bu unikal görüntünü yaxşı seyr etmək mümkün olacaq. Ancaq Avropada və Cənubi Amerikada görünməsi də istisna deyil.

Tam ay tutulması o zaman baş verir ki, Yer Ayla Günəş arasında düz xətt boyunca yerləşir, yəni Ayı işıqlandıran Günəş işığının yolunu “kəsir”.

NİYƏ “QANLI AY”?

Ay hər ay eyni trayektoriya üzrə hərəkət edir, ancaq orbitinin maililiyi sayəsində Yerin kölgəsinin yuxarısından, ya da aşağısından keçir, yəni bir çox aylarda ayı bütöv görürük, yəni kölgəsiz.

Ay tutulması zamanı yeganə işıq Yerin kölgəsindən süzülür. Mavi işığın səpilməsi nəticəsində Günəş doğuşu qırmızı göründüyündən bu işıq da qırmızı görünür.

Elə “qanlı ay” ifadəsi də buradan yaranıb. Ancaq astronomlar bu işığın da xeyli fərqli görünə biləcəyini deyirlər.

Məsələn, bəzən ay tutulmasında Ay heç görünməyə bilər. Bəzi hallarda tünd boz, qəhvəyi, kərpici qırmızı, yaxud çox parlaq qırmızı, hətta narıncı rəngə boyanar.

NASA bəzi sosial media istifadəçilərinin tutulma zamanı Marsın Ay boyda görünəcəyinə dair iddialarını təkzib edib.

“Bu, doğru olsaydı, Yer, Mars və Ayda cazibə qüvvəsi səbəbindən böyük problem yaşayardıq”, – NASA-nın saytında deyilir.

Mars daha çox böyük parlaq ulduza bənzəyəcəyi və onu qoruyucu eynəksiz müşahidə etməyin mümkün olacağı bildirilir.

“Sadəcə, isti geyinib bayıra çıxın!” - Kral Astronomiya Cəmiyyəti tövsiyə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG