Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:03

ATƏT Azərbaycanı seçki qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır


Prezident İlham Əliyev səs verərkən
Prezident İlham Əliyev səs verərkən

İyulun 18-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisiylə bağlı yekun hesabatını açıqlayıb. Beynəlxalq qurum Azərbaycana tövsiyə edir ki, həqiqi iştirakçılıq və konsultativ proses vasitəsilə seçki qanunvericiliyinə yenidən baxılsın və bu, növbəti seçkilərdən yetərincə vaxt qalmış gerçəkləşdirilsin.

“Məqsəd qanunvericiliyi beynəlxalq standartlara və öhdəliklərə uyğunlaşdırmaq, konstitusiyada təsbit olunmuş hüquqları və azadlıqları təmin etmək, bütün boşluqları və ziddiyyətləri aradan qaldırmaq, DTİHB və Avropa Şurasının öncəki tövsiyələrini yerinə yetirmək olmalıdır”, – hesabatda vurğulanır.

Qurum həmçinin tövsiyə edir ki, seçki günü pozuntuları hərtərəfli və müstəqil şəkildə araşdırılsın. Veb kameraların qeydə aldıqları, imzalanmış seçici siyahıları, etibarlı və etibarsız seçki bülletenləri də araşdırma obyekti olmalıdır.

İlham Əliyevin tərəfdarları onun qələbəsini bayram edir
İlham Əliyevin tərəfdarları onun qələbəsini bayram edir

Hesabatda bildirilir ki, seçki komissiyalarının təyinat formulu seçki administrasiyasının qərəzsizliyini təmin edə bilmədiyindən onların tərkibinə yenidən baxılsın, qərəzsiz fəaliyyətləri, işlərinə ictimai inam gücləndirilsin.

Dövlət sektoru əməkdaşlarının partiya rəsmiləri, yaxud polis tərəfindən təbliğat kampaniyalarına məcburən gətirildiyi hallar olub. Hesabatda tövsiyə edilir ki, seçki kampaniyası qorxudulma və qisas hissindən azad mühitdə keçirilsin, dövlət orqanları və siyasi partiyalar büdcə təşkilatları işçiləri və digərlərinə təzyiq göstərməsinlər.

Hesabatda onlayn kontent də daxil olmaqla, defamasiya və böhtanın dekriminallaşdırılması tövsiyə edilir. Vurğulanır ki, vebsaytlara çıxışın məhdudlaşdırılma səlahiyyəti yalnız məhkəmələrə verilsin, bu saytların siyahısı ictimaiyyətə açıqlansın.

Digər tövsiyələrə seçici siyahılarının təsdiqlənməsinin tənzimlənməsi üçün hərtərəfli təlimatların hazırlanması, namizədlərdən ötrü təhsil və yaşayış yeri tələblərinin qaldırılması, ictimai toplantılarla bağlı gərəksiz məhdudiyyətlərin ləğvi daxildir.

DTİHB Azərbaycana seçki qanunvericiliyini və təcrübəsini ATƏT öhdəliklərinə uyğunlaşdırmaq işində dəstək verməyə hazır olduğunu təsdiqləyir.

Seçki günü DTİHB-nin Müşahidə Missiyası ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətləri ilə birlikdə fəaliyyət göstərib.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İ.Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.

Yekun hesabata reaksiyalar gün ərzində saytımıza yerləşdiriləcək.

XS
SM
MD
LG