Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59

'Etibar Pirverdiyev xalq qarşısında cavab versin!' - Media icmalı


F.Ağamalı
F.Ağamalı

İyulun 13-də yerli media Azərbaycan və Avropa Birliyi arasında paraflanmış «Tərəfdaşlıq prioritetləri» sənədinin mahiyyətindən, iyulun 12-də ölkədə elektrik enerjisinin yenidən kəsilməsindən, tibb ixtisası üzrə tələbə qəbulu planının azalmasından yazır.

Deputat: «Demək ki, nələrsə yolunda deyil»

«Deputatdan sərt etiraz: Etibar Pirverdiyev cavab verməlidir». Modern.az saytında iyulun 12-də elektrik enerjisinin yenidən kəsilməsi ilə bağlı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının mövqeyi yer alıb.

Deputat deyib: ««Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyev xalq qarşısında cavab verməlidir».

Onun qənaətincə, elektrik enerjisinin tez-tez kəsilməsi həm sahibkarlara çox böyük zərər vurur, həm də vətəndaşları ifrat narahat edir.

«Belə görünür ki, prezidentin bir neçə gün əvvəl keçirdiyi müşavirədə səsləndirdiyi iradlara nəzər yetirilmir. Çünki işıqla bağlı problemlər hələ də aradan qalxmayıb, bu, bizi çox məyus edir», - F.Ağamalı söyləyib.

Deputat iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın səbəblərinin aradan qaldırılması ilə bağlı dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqları xatırladıb. Eləcə də dövlət komissiyasının işindən narazılıq edib: «Onlar da proseslərlə bağlı ictimaiyyətə hər hansı məlumat vermir. Demək ki, nələrsə yolunda getmir. Xüsusilə ölkəmizdə vəziyyətin gərginləşdiyi bir vaxtda komissiyanın sədrinə və üzvlərinə müraciət edirəm ki, məsələlərə aydınlıq gətirsinlər».

F.Ağamalı hesab edir ki, əgər komissiya E.Pirverdiyevin fəaliyyətini hər hansı şəkildə yumşaltmağa, ört-basdır etməyə çalışsa, onda komissiya özü də Azərbaycan prezidentinin, Azərbaycan xalqının iradəsi qarşısında cavab verməli olacaq.

«Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanma mərasimi
«Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanma mərasimi

Yeni imkanlar sənədi

«Azərbaycan» qəzetinin məqaləsi Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanması haqqındadır. Məqalə belə də adlanır: ««Tərəfdaşlıq prioritetləri» müəyyənləşdi».

Sənəd iyulun 11-də Brüsseldə imzalanıb, bu prioritetlər çərçivəsində əməkdaşlığın dörd əsas sahəsi müəyyənləşdirilir: dövlət qurumlarının gücləndirilməsi və yaxşı idarəçilik, korrupsiyayla mübarizə, dövlət administrasiyasında islahatlar və cinayətkarlıq və terrorçuluqla mübarizə qabiliyyətinin artırılması.

Qəzet bu sənədi Azərbaycanla Aİ arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar müstəvisi adlandırır. Eyni zamanda, deyilir ki, qlobal layihələrin həyata keçirilməsində Azərbaycana maraq ilbəil artır: «Bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Avropa İttifaqı ilə 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illər yeni mərhələyə qədəm qoyub. İmzalanan yeni tərəfdaşlıq sənədi əlaqələrin daha da dərinləşməsinə xidmət etmiş oldu».

Məqalədə qeyd olunur ki, bundan sonra Azərbaycanın strateji enerji tərəfdaşı kimi rolu, nəqliyyat qovşağı bağlantıları, ticarət və logistikanı inkişaf etdirmək imkanları genişlənəcək.

«Azərbaycan» yazır ki, bu münasibətləri Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğu Twitter-ində belə ifadə edib: «Aİ və Azərbaycan birgə daha güclüdürlər. Avropa İttifaqı və Azərbaycan tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib».

Tibb Universiteti
Tibb Universiteti

Tibb ixtisası üzrə tələbə qəbulu kəskin azaldı

Bizimyol.info «Səhiyyə Nazirliyindən plan yerinin azalması ilə bağlı açıqlama» haqda yazır.

Sayt 2018-2019-cu tədris ili üzrə ölkənin ali məktəblərinə qəbul plan yerlərinin artıq açıqlandığını və əksər sahələr üzrə qəbul plan yerlərinin artırıldığını bildirir.

Bizimyol.info burada bir istisna olduğunu da vurğulayır: «Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə baş verdi».

Qeyd olunur ki, 2017-ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə 1075 yer ayrılmışdı. Bu il isə həmin ixtisas qrupunda Azərbaycan və rus bölməsinə 785 plan yeri ayrılıb. Bu da keçən illə müqayisədə tibb ixtisası üzrə 290 yerin azalması deməkdir.

Sayt yazır ki, Səhiyyə Nazirliyindən verilən cavabda bu azalmaya səbəb kimi dövlət sifarişinə əsasən plan yerinin azaldılması göstərilir.

«Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə qəbul ediləcək tələbələrin sayı haqqında təklifini verir. Hökumət də bu təklifə baxıb dövlət sifarişini verib. Yəni tələbata uyğun olaraq plan yeri müəyyənləşdirilib», - nazirlikdən bildirilir.

XS
SM
MD
LG