Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:57

Əfqan Sadıqov Binəqədiyə köçürülüb


Ə.Sadıqov

Jurnalist Əfqan Sadıqov saxlanıldıqdan 6 gün sonra bu gün, iyulun 12-də Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanması Məntəqəsinə yerləşdirilib.

Bu haqda «Turan»a jurnalistin ailəsindən bildiriblər.

Ailəsindən verilən məlumata görə, Ə.Sadıqov iyulun 6-da Cəlilabad rayonunda, ata evində polislər tərəfindən saxlanılıb. Bundan sonra jurnalistdən xəbər almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin iyulun 9-da yaydığı məlumatda bildirilib ki, Ə.Sadıqov Azərbaycanda yaranmış enerji problemi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə saxlanılıb və 30 sutka inzibati həbs ilə cəzalandırılıb.

Hələlik Ə.Sadıqovla görüşə bilməyən ailə üzvlərinin bildirməsinə görə, jurnalist Binəqədiyə köçürülənədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb.

Jurnalistin vəkili Cavad Cavadlı isə onunla bu gün, iyulun 12-də Binəqədidəki məntəqədə görüşüb. Vəkil müvəkkili barədə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərarı əldə edib. Onun sözlərinə görə, iyulun 7-də çıxarılmış məhkəmə qərarında inzibati qaydada həbs edilənlərin həbs yerində saxlanılması yazılsa da, Ə.Sadıqov yalnız iyulun 12-də məntəqəyə köçürülüb.

«Əfqan Sadıqov Cəlilabad rayonunda saxlanılıb. Ancaq o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq), 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbsə məhkum edilib. Qərarda yazılır ki, o, iyulun 7-də Bakının Nərimanov rayonunda küçədə guya söyüş söyüb. Bu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşıb, qayda-qanuna əməl etməyə dəvət ediblər», - vəkil belə deyib.

Vəkil rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Xatırlatma

Ə.Sadıqov 2016-cı il noyabrın 22-də də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Ə.Əzizovun qaldırdığı bildirilirdi. O, rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilirdi. Redaktor bu ittihamı da qəbul etmirdi. Ancaq sonradan bu iddianın geri çəkildiyi açıqlandı.

Yerli hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alırdı.

Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Multimedia

XS
SM
MD
LG