Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:58

Türkiyədə yeni sistem necə işləyəcək


Recep Tayyip Erdogan hakim AKP-nin iclasında, 7 iyul, 2018-ci il
Recep Tayyip Erdogan hakim AKP-nin iclasında, 7 iyul, 2018-ci il

Bu gün – iyulun 9-da Recep Tayyip Erdogan Türkiyədə prezident andı içir. Konstitusiyaya son dəyişikliklər hökumətdə tam fərqli bir sistemi yaratmış olur. “Frans Pres” agentliyi bu sistemin necə işləyəcəyinə işıq salır.

Tənqidçilər 2017-ci il referendumunda qəbul olunmuş konstitusiya dəyişikliklərinin ölkədə tək adamın idarəçiliyinə yol açacağını deyirlər.

Konstitusiya 18 maddədən ibarətdir. Prezidentin icraedici səlahiyyəti gücləndirilir və o, birbaşa dövlət rəsmilərini, nazirləri təyin edə bilər.

HANSI QURUMLAR LƏĞV OLUNUR

Erdogan bir, yaxud bir neçə vitse-prezident təyin edə bilər. Məlumatlara görə, onun azı 3 vitse prezident seçəcəyi gözlənir.

Baş nazir postu ləğv olunur. Binali Yildirim ölkənin sonuncu baş naziri kimi tarixə düşür.

Binali Yildirim Azərbaycan prezidenti İlham Əliyevlə, 14 mart, 2018-ci il
Binali Yildirim Azərbaycan prezidenti İlham Əliyevlə, 14 mart, 2018-ci il

Prezident və parlament birlikdə “Hakimler ve Savcılar Yüksek Kurulu”nun (HSYK) dörd üzvünü seçə biləcək. Bu qurum ədliyyə sistemi üzvlərini təyin edir, işdən çıxarır, bundan sonra “Hakimler ve Savcılar Kurulu” (HSK) adlanacaq.

1960-cı il qiyamından sonra keçmiş baş nazir Adnan Menderesə ölüm cəzası kəsmiş hərbi məhkəmələr ləğv olunur.

Nazirliklərin sayı 26-dan 16-ya salınır. Yeni kabinet bu gün axşam açıqlanacaq.

Bir neçə nazirlik birləşdiriləcək. Avropa Birliyi məsələləri nazirliyi xarici işlər nazirliyinə birləşdiriləcək, ancaq adını və aparat üzvlərini saxlayacaq.

İqtisadiyyat nazirliyi gömrük və ticarət nazirliyinə birləşdirilərək, yeni ticarət nazirliyi yaradılacaq.

FÖVQƏLADƏ VƏZİYYƏT

Prezidentin nəzarətində olan doqquz komitə isə texnologiya, təhsil, iqtisadiyyat, xarici siyasət, hüquqlar, mədəniyyət, səhiyyə, sosial siyasət və yerli məsələlərə nəzarət edəcək.

Türkiyədə uğursuz qiyamın bir illiyi, 2017-ci il
Türkiyədə uğursuz qiyamın bir illiyi, 2017-ci il

Bundan başqa, daha səkkiz qurum Erdogana hesabat verəcək, onlar dövlət auditi, milli təhlükəsizlik, kəşfiyyat, silahlı qüvvələr, müdafiə sənayesi, din, kommunikasiya və büdcəyə nəzarət edəcək.

Yeni konstitusiyaya görə, “vətənə qarşı üsyan”, yaxud “ölkəyə parçalanma təhlükəsi yaradan zorakılıq hərəkətləri” halında fövqəladə vəziyyət elan olunacaq.

Fövqəladə vəziyyət elan edib-etməmək qərarını prezident verir, sonra qərarı parlamentə təqdim edir.

İlkin olaraq, bu vəziyyət altı ay davam edə bilər, hazırkı müddət üç aydır. Ancaq prezident xahiş edərsə, müddəti daha dörd ay uzadıla bilər.

2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra Türkiyə fövqəladə vəziyyətin müddətini yeddi dəfə uzadıb. İyulun 19-da bu müddət bitir. Erdogan seçkidən öncə söz vermişdi ki, qalib gələrsə, fövqəladə vəziyyəti qaldıracaq.

PARLAMENT VƏ PREZİDENT

Parlament üzvlərinin sayı 550-dən 600-ə qaldırılıb. Deputat olmaq üçün yaş həddi 25-dən 18-ə salınıb.

Parlament seçkiləri daha 4 ildən deyil, 5 ildən bir keçiriləcək, həm də prezident seçkisi ilə eyni gündə.

***Buna da bax: Türkiyədə 18 mindən çox dövlət qulluqçusu işdən qovuldu

Parlament qanunvericilik qəbul etmək, dəyişmək, yaxud ləğv etmək səlahiyyətini saxlayır. Prezident hansısa cinayətdə ittiham olunursa, parlament istintaq aparılmasını istəyə bilər, amma bundan ötrü parlament üzvlərindən beşdə üçünün razılığı olmalıdır.

Yeni qaydalara görə, prezident qanunla aydın şəkildə tənzimlənən məsələlərlə bağlı fərman verə bilməz.

İndi siyasi partiya üzvü prezident ola bilər, bir şəxs beş il müddətinə, 2 dəfə dalbadal bu postda qala bilər.

Erdogan hakim Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradıb. Ötənilki dəyişikliklərdən sonra yenidən partiya rəhbərliyinə qayıdıb.

64 yaşlı Erdogan on ildən çox baş nazir postunda qalandan sonra, 2014-cü ilin avqustunda prezident seçilib. Ancaq yeni sistem onun 2028-ci ilədək hakimiyyətdən getməməsini mümkün edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG