Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:21

Azərbaycan Əfqanıstana dəstəyi davam etdirəcək


Z.Həsənov

«Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması üçün beynəlxalq ictimaiyyətin səyləri Azərbaycan tərəfindən bundan sonra da dəstəklənəcək».

Bu fikirləri müdafiə naziri Zakir Həsənovun dilə gətirdiyi bildirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, Z.Həsənov bunu iyunun 8-də Brüsseldə NATO-nun toplantısında deyib.

Z.Həsənov NATO-nun Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edir.

Nazirin iştirakçılara Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək barədə ətraflı məlumat verdiyi bildirilir.

Görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanmasından ötrü tələb olunan maliyyə öhdəliyinin 2020-ci ildən sonra da davam etdirilməsi müzakirə olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Hazırda Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasında iştirak edir.

Eyni zamanda, Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə də töhfə verir.

Xatırlatma

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların fikrincə, bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir.

Azərbaycan rəsmiləri isə bu fikirlə razılaşmayaraq, balanslaşdırılmış siyasət aparıldığını bəyan edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG