Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 19:48

Avropa Məhkəməsinə görə, NİDA-çılara 91 min avro ödənməlidir


Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 7-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarını açıqlayıb.

Bu barədə məhkəmənin saytında bilgi verilir.

Məhkəmə şikayətlərin hamısını əsaslı hesab edib. Azərbaycan hökumətinin üzərinə şikayətçilərə dəymiş maddi və mənəvi zərəri kompensasiya etmək vəzifəsi qoyub.

Söhbət NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvünün - Rəşad Həsənovun, Zaur Qurbanlının, Üzeyir Məmmədlinin və Rəşadət Axundovun şikayətlərindən gedir. AİHM onların şikayətlərinə birlikdə baxıb.

AİHM-in açıqladığı qərarda NİDA-çıların həbs edilməsi ilə bağlı geniş bilgi verilir. Orada 2013-cü ildə Azərbaycanda əsgər ölümləri ilə bağlı etiraz aksiyalarının keçirilməsindən bəhs olunur. Sözügedən NİDA-çılar da həmin aksiyaların fəallarından olub.

Qərarda NİDA-çıların həbs edildiyi zaman Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamaya da toxunulur. Həmin açıqlamada NİDA fəallarının partlayıcı «Molotov kokteylləri» hazırladığı iddia olunub.

Qərara görə, milli məhkəmələr gənclərə qarşı irəli sürülmüş kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə ittihamını təsdiq edib. Onlar 6-8 il müddətinə azadlıqdan məhrum ediliblər. Gənclərin vəkillərinin yuxarı məhkəmələrə şikayətləri də təmin edilməyib, barələrindəki hökm dəyişdirilmədən saxlanıb.

Ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra NİDA üzvləri AİHM-ə şikayət ediblər. Onların şikayətlərində heç bir cinayət törətmədikləri, məsuliyyətə cəlb edilmələrindən ötrü heç bir hüquqi əsasın olmadığı vurğulanıb.

NİDA-çılar AİHM-də iddia ediblər ki, əsassız yerə həbs edilmələri ilə Azərbaycan dövləti onların Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarını pozub. Məhkəmədən onlara münasibətdə Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunun tanınması, dəymiş zərərin kompensasiya edilməsi istənilib.

Avropa İnsan Hüquqları Məhkəməsi iddia olunan pozuntuları tanıyıb. Bundan başqa, 4 NİDA fəalına dəymiş zərərin ödənilməsinə qərar verib.

Qərara əsasən, Azərbaycan hökuməti şikayətçilərin hər birinə mənəvi zərər əvəzi 20 min avro ödəməlidir.

Bundan başqa, hüquqi məsrəflərə görə R.Həsənovla Ü.Məmmədliyə birlikdə 5 min, R.Axundovla Z.Qurbanlıya isə 6 min avro ödənilməlidir.

NİDA-çıları AİHM-də vəkillər Rəşid Hacılı, Əsabəli Mustafayev və Xalid Bağırov təmsil edib.

Xatırlatma

NİDA-çı fəallar R.Həsənov, Ü.Məmmədli, R.Axundov, Z.Qurbanlı digər həmkarları Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu İlkin Rüstəmzadə ilə birlikdə 2013-cü ilin mart-may aylarında həbs edilmişdilər.

İstintaqın iddiasına görə, onlar həmin il martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşıblar. Məhkəmə onları kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə, narkotik saxlamaqda və xuliqanlıqda təqsirli saymışdı.

Onlar 6-8 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Hazırkı işdəki şikayətçilər, eləcə də digərləri, İ.Rüstəmzadə istisna olmaqla, Azərbaycan prezidentinin verdiyi əfv sərəncamı ilə azadlığa çıxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG