Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 19:06

Vəkili Azər Qasımlı ilə görüşüb


S.Qasımlı

Bu gün, mayın 31-də axşam saatlarında vəkili polisin tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilən REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlı ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna A.Qasımlının həyat yoldaşı Samirə Qasımlı məlumat verib:

«Təmir gedən görüş otaqlarının birində görüşüblər. Vəkilinə ona fiziki təzyiqlərin olmadığını bildirib. Ancaq vəkilinin deməsinə görə, A.Qasımlı vurğulayıb ki, ailəsinə özünün zəng etməməsi ilə bağlı deyilənlər həqiqət deyil. A.Qasımlı vurğulayıb ki, ona zəng vurmağa şərait yaradılmayıb».

S.Qasımlı vurğulayıb ki, ona da yaxın günlərdə görüşə icazə veriləcəyi bildirilib.

Həyat yoldaşı və vəkili Azər Qasımlı ilə görüşə bilməyib

Bu gün, mayın 31-də polisin tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilən REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının əri ilə görüşmək cəhdi baş tutmayıb. O, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə getsə də, A.Qasımlı ilə görüş ala bilməyib:

«Dünən, mayın 30-da da gəlmişdim. Çox təkid elədim, görüş vermədilər. Dedilər ki, sənədləşdirmə başa çatmayıb. Ancaq həm də qeyd etdilər ki, sabah mayın 31-də gəlsən, görüşə şərait yaradılacaq. Sonra da dedilər ki, istəsəniz, sizə zəng də vura bilər. Razılaşdım... Dedilər ki, səhər saat 10-dan 12-yə kimi zəng vura bilər. Bu gün saat 12-yə qədər gözlədim, Azər zəng vurmadı. Gəldim bura. İndi isə deyirlər ki, bütün görüş otaqları bağlıdır, təmir gedir...».

S.Qasımlının deməsinə görə, ondan əvvəl isə A.Qasımlının qardaşı və vəkili də görüşə cəhd edib, bu da bir nəticə verməyib. Onun bildirməsinə görə, yenə görüş otaqlarının məşğul olduğunu, orada təmir getdiyini deyiblər:

«Mən dünən görüşdüyüm nəzarətçinin yanına getdim. Dedi ki, Azər Qasımlı özü zəng etmək istəməyib. Mən də ona dedim ki, elə bilirsiniz sizə inanacam...».

A.Qasımlının həyat yoldaşı təcridxananın qarşısında jurnalistlərə açıqlama verərkən bir polis əməkdaşı eşiyə çıxaraq söhbətə müdaxilə edib. O deyib ki, təmir getdiyindən telefon xətləri də kəsilib. Həmin polis vurğulayıb ki, əgər vəkil gələrsə, ayaq üstündə də olsa, onu A.Qasımlı ilə görüşdürə bilərlər.

Ancaq polis bu sözləri deyəndə vəkil orada olmayıb.

A.Qasımlı
A.Qasımlı

Üstəlik, A.Qasımlıya gətirilən ərzaq da qəbul edilməyib. Təcridxana nəzarətçisi bunu isə dövlətin özünün saxlananlara yemək verməsi ilə izah edib.

Baş verənlərə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinin rəhbərliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya 30 sutka həbs cəzası verilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.

Baş verənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG